"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri beynəlxalq konfransa dəvət alıb

--2023-02-20 / 05:55

Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri, tanınmış arxeoloq, tarix üzrə fələsəf doktoru Fariz Xəlilli Türkiyənin Konya şəhərində keçiriləcək “Davamlı Ekoloji Kənd Təsərrüfatı üzrə” II Beynəlxalq Konfransa dəvət alıb. Cari ilin 13 - 15 mart aralığında keçiriləcək konfransa dəvət tədbirin təşkilatçısı doktor Midhət Dirək tərəfindən göndərilib. Bununla bağlı sosial media hesabından minnətdarlğını bildirən sədr daha sonra maraqlı məqamları da açıqlayıb:

“Gəgəli bələdiyyəsi Azərbaycan Respublikası Ağsu rayonunun iqtisadi və sosial imkanlarına görə ikinci ən böyük bələdiyyəsidir. Bələdiyyənin ərazisi 7054 hektar, əhalisi 4380 nəfərdir. Araşdırmalarımıza görə Gəgəli bələdiyyəsi ərazisindən tarixi ipək yolunun şamaxı-Ağsu marşurutu keçir. Həmin marşurut boyunca çoxlu arxeoloji və tarixi-memarlıq abidələri üzə çıxmışdır. Onlardan antik və ilk orta əsrlərə aid Nərgizava yaşayış yeri və nekropolu uzun bir dövrü əhatə edir və min illik mədəni təbəqəyə malikdir. Cavanşir yaşayış yeri və qəbiristanlığı, Pir Bəxtiyar türbəsi, Uzun Ata türbəsi, Zeyvə nənə türbəsi həmin yolun üzərindəki tarixi abidələrdən bəziləridir. ipək yolu boyunca Qazan arxı, Ömər Lahıci arxı, şıxəlibəyli arxı kimi tarixi su kanalları keçir. Fəzlullah Rəşidəddin “Cəmi ət-Təvarix” əsərində Elxanlı hökmdarı Sultan Mahmud Qazan xanın dövründə (XIII əsrin sonu – XIV əsrin əvvəlləri) çəkilən çoxsaylı su kanalları haqqında yazmışdır. Maraqlıdır ki, Qazan arxı məhz Sultan Mahmud Qazan xanın adını daşıyır. Ömər Lahıci arxı isə xəlvətilik sufi məktəbinin qurucusu Pir Ömər Xəlvətinin təşəbbüsü ilə XIV əsrin sonu – XV əsrin əvvəllərində çəkildiyi üçün belə adlanır. şıxəlibəyli arxı isə şirvan xanları nəslindən şıxəli bəyin XVIII əsrin sonu – XIX əsrin əvvəllərində çəkdirdiyi üçün onun adı ilə adlanmışdır. Həmin su kanalları mənim təşəbbüsümlə yeni aşkar edilən abidələr kimi dövlət qeydiyyatına alınmışdır. Onlar nəinki müasir su mənbələri kimi, eləcə də qədim tarixi abidələr kimi bələdiyyəmiz tərəfindən qorunur. Qazan arxı, Ömər Lahıci arxı, şıxəlibəyli arxı orta əsrlərdə olduğu kimi müasir dövrdə də suvarmada istifadə edilir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə hazırda Qazan arxı yenidən bərpa olunur. Ömər Lahıci arxı və şıxəlibəyli arxı mütəmadi təmizlənir. Bu məruzədə həmin kanalların tarixi ilə yanaşı, müasir dövrdə suvarmada istifadəsindən də danışacağıq”

Belediyye.info

ŞƏRHLƏR