"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə üzv və qulluqçuların əmək münasibətlərində iştirakı, onların hüquq və vəzifələri

--2022-12-21 / 13:59

 

Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafələrinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişləndirilmiş, makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, bu sahədə əlverişli şəraitin yaradılması vasitəsilə yoxsulluğun azadılmasına nail olunmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

Dövlət orqanlarında olduğu kimi yerli özünüidarəetmə orqanlarında da əmək hüquqlarının qorunması, səmərəli əmək şəraitinin yaradılması, məşğulluq, sosial təminat məsələləri yerli idarəçiliyin fəaliyyətinin əsas istiqamətini təşkil edir.

Azərbaycan Respublikasının əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən bu qanunun müddəalarının tətbiq edilmədiyi şəxslərdən biri kimi bələdiyyələrə seçilmiş şəxslər göstərilmişdir.

Qeyd edilir ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir. Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü - bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür. Elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü əsas iş yeri üzrə başqa yerdə işləyə bilməz. əmək haqqı bələdiyyə tərəfindən ödənilməyən bələdiyyə üzvü öz səlahiyyətini həyata keçirərkən istehsal və ya xidmət fəaliyyətini dayandırmır. Bələdiyyə üzvü bələdiyyənin və tərkibinə seçildiyi daimi komissiyanın iclasları zamanı daimi iş yerində orta əmək haqqı saxlanılmaqla öz istehsal və ya xidmət vəzifəsini yerinə yetirməkdən azad edilir. Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz. Bələdiyyə qulluqçusu bələdiyyə üzvü seçildikdə, 3 gün müddətində öz ərizəsinə əsasən bələdiyyə qulluğundan azad edilir.

Başqa əsas iş yeri olan bələdiyyə üzvü (sədr və onun müavinləri daxil olmaqla) öz səlahiyyətlərini daimi əsasla icra etmək və əmək haqqını bələdiyyədən almaq üçün bələdiyyəyə yazılı müraciət edə bilər. Bələdiyyə sədri müraciət etmiş bələdiyyə üzvünün öz səlahiyyətlərini daimi əsasla icra etməsinə bələdiyyəyə ehtiyac olduqda, 5 gün müddətində bu barədə bələdiyyə üzvünün əsas iş yeri üzrə işəgötürənə yazılı bildiriş göndərir. Bələdiyyə üzvünün əsas iş yeri üzrə işəgötürən bu bildirişi aldığı tarixdən 5 gün müddətində əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq bələdiyyə üzvü ilə əmək müqaviləsinə xitam verir və bu barədə bələdiyyəyə yazılı məlumat verir.

“Bələdiyyə üzvünün statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bələdiyyə üzvü səlahiyyət müddətində bələdiyyənin, bələdiyyənin iclasları arasındakı dövrdə isə bələdiyyə sədrinin qabaqcadan razılığı olmadan əmək müqaviləsi ilə işlədiyi yerdə müdiriyyətinin təşəbbüsü ilə işdən çıxarıla, yaxud intizam tənbehi qaydasında azmaaşlı işə keçirilə bilməz.

Bu təminat müəssisə, idarə və təşkilat yenidən təşkil olunduqda, struktur dəyişikliyi edildiyi hallarda da tətbiq olunur.

“Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən öz səlahiyyətlərini daimi əsaslarla icra edən bələdiyyə üzvünün səlahiyyət müddəti onun ümumi və fasiləsiz iş stajına daxil edilir, əmək haqqı bələdiyyə büdcəsinin vəsaiti hesabına ödənilir. Həmçinin Qanunda səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvünə yerli büdcənin hesabına müalicə olunması və istirahət etməsi üçün bələdiyyə qərarı əsasında hər il onun orta aylıq əmək haqqının 1 misli məbləğində müavinət verilməsi, səlahiyyətlərini daimi əsasla icra etmiş və səlahiyyət müddəti qurtardıqdan sonra yeni müddətə seçilməyən bələdiyyə üzvlərinə bələdiyyənin qərarı ilə iki ay müddətində onların orta aylıq əmək haqqının 2 misli məbləğində müavinət verilməsi ilə bağlı müddəalar də öz əksini tapmışdır.

“Bələdiyyə üzvünün statusu haqqında” Azərbaycan Respublikası Qanununda bələdiyyə üzvünün hüquqları kimi bələdiyyə üzvünün bələdiyyənin fəaliyyəti ilə bağlı bələdiyyənin daimi və digər komissiyalarına üzvü seçmək və seçilmək, bələdiyyənin və onun orqanlarının iclaslarında müzakirə üçün məsələlər təklif etmək, müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrlə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək və s. olduğu təsbit edilmişdir .

“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçi bələdiyyə qulluqçusu hesab edilir. Bələdiyyə üzvləri və bələdiyyələrin fəaliyyətinin təmin olunması ilə birbaşa bağlı olmayan vəzifələri yerinə yetirən şəxslər bələdiyyə qulluqçusu hesab edilmirlər. Bu Qanunun tələbləri nəzərə alınmaqla bələdiyyə qulluğuna vətəndaşlar müsabiqə əsasında qəbul edilirlər.

Bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsi üçün 5 nəfər bələdiyyə üzvü və qulluqçusundan ibarət bələdiyyənin müsabiqə komissiyası (bundan sonra - müsabiqə komissiyası) yaradılır. Müsabiqə komissiyasının tərkibi, sədri və sədrinin müavini bələdiyyənin qərarı ilə təsdiq edilir.

Bələdiyyə qulluqçularının iş vaxtı, məzuniyyəti, pensiyaların və başqa müavinətlərin təyin edilməsi və verilməsi qaydası və digər sosial təminatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Bələdiyyə qulluqçularına bələdiyyələrin maliyyə imkanları daxilində əlavə olaraq digər kompensasiyalar və ödənişlər, habelə müavinətlər verilə bilər. Həmçinin bələdiyyələrin nizamnaməsi ilə bələdiyyə qulluqçularına digər imtiyaz və zəmanətlərin verilməsi nəzərdə tutula bilər. Bələdiyyə üzvlərinin səlahiyyət müddətinin qurtarması bələdiyyə qulluqçularının vəzifələrindən azad edilmələri üçün əsas ola bilməz.

“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bələdiyyə qulluqçusunun işə qəbul etmək və işdən azad etmək səlahiyyətinə malik olan vəzifəli şəxsdən öz xidməti vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını tələb etmək, vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq orqanlardan, idarə, təşkilat və vətəndaşlardan zəruri məlumat və sənədləri almaq və s. kimi hüquqları vardır. Qanunun tələblərinə əsasən bələdiyyə qulluqçularının vəzifələri sırasına öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasına“Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunlarına əməl etmək, vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə öz səlahiyyətləri çərçivəsində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxmaq, əmək və icra intizamına riayət etmək, yerli icra hakimiyyətinin müvafiq strukturları ilə fəaliyyətlərini əlaqələndirmək və yerli problemlərin həllində qarşılıqlı fəaliyyət göstərmək və s. aid edilmişdir.

“Bələdiyyə üzvünün statusu haqqında” Azərbaycan Respublikası Qanununda bələdiyyə üzvü barəsində xəbərdarlıq, söz kəsmə, iclas zalından çıxarma, töhmət, bələdiyyə üzvünün səlahiyyətlərinə xitam verilməsi kimi intizam tədbirləri nəzərdə tutulmuşdur.

“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Belə ki, Azərbaycan Respublikası əmək Məcəlləsinə əsasən istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Həmin Məcəlləyə əsasən işçilər və işəgötürənlər arasında yaranan fərdi və kollektiv əmək mübahisələri bu Məcəllə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada bilavasitə məhkəmələr tərəfindən həll edilir. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.

Bələdiyyələrin qəbul etdiyi inzibati aktlara inzibati nəzarət icraatı qaydasında baxılarkən bir çox bələdiyyələr tərəfindən bələdiyyə qulluqçularının işə qəbulu zamanı qanunvericiliyin tələblərinə əməl olunmadığı, onların müsabiqə keçirilmədən, müvafiq rəy verilmədən, bələdiyyə qərarı qəbul edilmədən işə götürüldüyü, bələdiyyə üzvlərinin səlahiyyət müddətinin qurtarması ilə əlaqədar bələdiyyə qulluqçuları ilə bağlanmış əmək müqavilələrinə xitam verilməsi və s. kimi pozuntulara yol verildiyinə rast gəlinir.

Göstərilənləri nəzərə alaraq bələdiyyələrə bələdiyyə üzv və qulluqçuları ilə əmək münasibətlərində qanunvericiliyin tələblərinə əməl olunması tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi

https://justice.gov.az/categories/1988

 
ŞƏRHLƏR