(M.ə.Rəsulzadə bələdiyyəsinin 2022-ci il ərzində gördüyü işlər, maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında hesabatı)
Bələdiyyələr vətəndaş cəmiyyətinin bir forması olaraq demokratik bir təsisatdır. Ulu Öndər Heydər əliyevin banisi olduğu müasir Azərbaycanın qısa zaman kəsiyində böyük inkişaf yolu keçməsi müstəqilliyimizin ən böyük uğurlarından biridir. Bu gün ölkəmiz beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dünya birliyi Azərbaycanı mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıyır. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasında, dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsində ümummilli liderimiz Heydər əliyevin müstəsna xidmətləri olmuşdur.
Ölkəmizin demokratikləşməsi, regionların sosial – iqtisadi inkişafının təmin olunması, yerli özünüidarəetmə sisteminin inkişafı yolu ilə hakimiyyətin xalqa yaxınlaşması istiqamətində həyata keçirilən siyasət bu gün möhtərəm Prezidentimiz ilham əliyevin rəhbərliyi altında uğurla davam etdirilməkdədir.
Ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarına da öz təsirini göstərib, bələdiyyələr həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub.
Bələdiyyələr tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə xatirə guşələri yaradılmış, “şəhid bulaqları” istifadəyə verilmiş, onların anım mərasimlərinin təşkilində fəal iştirak edilmişdir. Eyni zamanda şəhid ailələrinin və müharibə iştirakçılarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə müxtəlif yardımlar edilmiş, onların yaşadıqları məhəllələr, küçələr abadlaşdırılmış, evləri təmir olunmuşdur.
Nəzərinizə çatdırım ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 52-2-ci maddəsinin 3-cü bəndinə əsasən bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Qanunvericiliyə uyğun olaraq bu gün- 16.01.2023-cü il tarixdə bələdiyyəmizin 2022-ci ildəki fəaliyyəti, maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsinə dair hesabatını diqqətinizə çatdırıram.
Binəqədi rayonu M.ə.Rəsulzadə bələdiyyəsi iclasının 10.12.2021-ci il tarixli 64 saylı qərarı ilə 2022-ci il üçün gəlir və xərclər 992000 (doqquz yüz doxsan iki min) manat həcmində təsdiq edilmişdir.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 39.2-ci maddəsini, “Büdcə sistemi haqqında” Qanununun 37.4.-cü maddəsini və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun 11.1.-ci maddəsinə əsas tutaraq yaranmış zərurətlə əlaqədar olaraq 2022-ci il üçün təsdiq edilmiş bələdiyyə büdcəsinin 992000,00 (doqquz yüz doxsan iki min) manat məbləğində həddi 70000,00 (yetmiş min) manat artırılaraq 1062000,00 (bir milyon altmış iki min) manat olmaqla büdcənin gəlir və xərc maddələrində dəyişikliklər aparılmaqla təsdiq edilmişdir.
Xüsusi olaraq qeyd edim ki, 2022-ci il büdcənin gəlir hissəsində dövlət büdcəsindən təyinatla verilmiş 280000,00 (iki yüz səksən min) manat subvensiya vəsaiti üzrə sənədləşmə işləri yekunlaşmadığı üçün xərclənməmişdir. Belə olan halda 2022-ci il büdcənin gəlir və xərcləri subvensiya vəsaiti istisna olmaqla proqnozlaşdırılan vəsait 782000,00 (yeddi yüz səksən iki min) manat təşkil edir. Beləliklə 2022-ci ildə proqnozlaşdırılan vəsait 782000,00 (yeddi yüz səksən iki min) manat gəlir və xərclərə qarşı faktiki gəlir 669377,00 (altı yüz altmış doqquz min üç yüz yetmiş yeddi) manat, faktiki xərclər isə 693899,00 (altı yüz doxsan üç min səkkiz yüz doxsan doqquz) manat olmaqla müvafiq olaraq büdcə 85,6 % və 88,7 % yerinə yetirilmişdir.
01.01.2023-cü il tarixə bələdiyyənin hesabında vəsait qalığı 321450,00 (üç yüz iyirmi bir min dörd yüz əlli) manat olmuşdur (Expressbankda 186252 manat, Azərpoçtda 116139 manat, Atrabankda 15789 manat, Texnikabankda 3270 manat) o cümlədən ləğv prosesində olan 2 bankda 19059 (on doqquz min əlli doqquz) manat, bundan Atrabankda 15789 manat və Texnikabankda 3270 manat olmuşdur.
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bələdiyyə büdcəsindən pul vəsaitləri bələdiyyə iclasının qərarları ilə təyinatı, məqsədi və miqdarı göstərilməklə ayrılmışdır. Bələdiyyə iclasının qərarı ilə ayrılmış vəsaitlər müqabilində faktiki xərclər haqqında təqdim edilmiş hesabatlar (müqavilələr, işin yerinə yetirilməsinə dair aktlar, elektron qaimələr, ödəniş sənədləri və maliyyə-təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən digər sənədlər) uçot registrlərində yazılışlar üçün əsas götürülərək uçotda tam əks olunmuşdur.
Bələdiyyə büdcəsinə ödənilməli olan yerli vergi və ödənişlər üzrə borcu olan şəxslərlə bağlı “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə uyğun olaraq pul tələbinin ödənilməsi ilə bağlı 2022-ci il ərzində 213 (iki yüz on üç) inzibati akt qəbul edilmiş və “icra haqqında“ Azərbaycan Respublikası Qanununa əsasən məcburi icra edilməsi üçün Binəqədi rayon icra şöbəsinə göndərilmişdir. Görülmüş işlərin nəticəsi olaraq bələdiyyə büdcəsinə 21817,90 (iyirmi bir min səkkiz yüz on yeddi manat, doxsan qəpik) vəsait daxil olmuşdur.
Bələdiyyə maliyyə imkanları daxilində bir sıra təmir-tikinti, abadlıq və təmizlik işləri görmüşdür. Beləliklə 2022-ci ildə bələdiyyənin büdcə xərcləri maddələr üzrə aşağıdakı kimi olmuşdur:
- Təmir-tikinti, abadlaşdırma və məhəllədaxili yolların asfaltlanması işləri üzrə xərclər cəmi 320964 manat
- Sosial təminat və sosial müdafiə xərcləri cəmi 27232 manat
- Yerli özünüidarəetmə orqanının saxlanması üzrə cəmi xərclər 344866 manat
- Digər xərclər 837 manat təşkil etmişdir.
Yerli özünüidarəetmə orqanının saxlanması xərcləri daxilində əsas amillərdən biri də işçilərin əmək haqqı xərc maddəsidir. Yerli özünüidarəetmə orqanı aparatının saxlanması ilə əlaqədar olaraq 2022-ci ilin büdcə smetasında nəzərdə tutulmuş xərc maddələri üzrə vəsaitlər cari ilin yanvar ayından ilin sonuna kimi hər ay üçün ayrılaraq bölgü aparılmış və bölgü bələdiyyə iclasının 10.12.2021-ci il tarixli 65 saylı qərarı ilə təsdiq edilmişdir.
Bələdiyyə iclasının 10.12.2021-ci il tarixli, 65 saylı qərarında əmək haqqı və ona sığorta haqları üzrə ödəniş məbləğləri müəyyən edilərkən bu məbləğlərin ümumi büdcə gəlirinin 50%-dən çox olmamasına ciddi riayət olunması qeyd edilmişdir. Qərarda daha sonra işçilərə hər ay əmək haqqının təsdiq olunmuş ştat cədvəli və tabel əsasında hesablanması, buna müqabil dövlət büdcəsinə vergi, sığortaedənin və sığortaolunanın hesabına məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı, işsizlik sığortası, həmçinin həmkarlar ittifaqına üzvlük haqqı və işçilərin razılığına əsasən Silahlı Qüvvələrin Yardım Fonduna tutulacaq və köçürüləcək məbləğlər mövcud qaydalara uyğun olaraq 2022-ci il bələdiyyə büdcəsinin özünüidarəetmə orqanının saxlanması xərcləri hesabına həyata keçirilməsi göstərilmişdir.
Bələdiyyədə daimi əsaslarla işləyən 5 (beş) nəfər bələdiyyə üzvünə və orta hesabla 35 (otuz beş) nəfər bələdiyyə qulluqçusuna, cəmi 40 (qırx) nəfər işçiyə 2022-ci ildə 236426,00 (iki yüz otuz altı min dörd yüz iyirmi altı) manat əmək haqqı və əmək haqqına 42215,00 (qırx iki min iki yüz on beş) manat sığortaolunanın hesabına məcburi dövlət sosial sığorta ayırması hesablanmışdır. Hesablanmış əmək haqqı və məcburi sosial sığorta haqqı ayırması cəmi 278641,00 (iki yüz yetmiş səkkiz min altı yüz qırx bir) manat xərc vəsaiti ümumi xərcə nisbətdə 40,2 % təşkil etmişdir.
Orta faktiki hesabla 40 (qırx) nəfər işçinin gəliri 19702,00 (on doqquz min yeddi yüz iki) manat olmaqla orta aylıq əmək haqqı 493,00 (dörd yüz doxsan üç) manat təşkil etmişdir.
Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilmişdir. Bu sahədən banka və Azərpoçtun şöbələrinə daxil olmuş vəsaitlərin mədaxil sənədləri növbəti gün qəbul edilərək uçota alınmışdır.
Bələdiyyədə təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən sənədlər, maddi-məsul şəxslər - şöbələr tərəfindən Mühasibatlığa təhvil verilmiş hesabatlar və digər əhəmiyyət kəsb edən sənədlər üzrə əməliyyatlar qruplaşdırılıb müvafiq maliyyə hesabları üzrə müxabirləşdirilərək memorial orderlərə yazılmış və nəticələr Baş kitaba və Dövriyyə balansına işlənmişdir. Maliyyə hesablarının sintetik uçotu aparılmaqla hər ay qalıqlar çıxarılmışdır. Bələdiyyədə yerli büdcənin maddələr üzrə gəlir və xərclərinin uçotu aparılmışdır.
Bələdiyyənin Mühasibatlığı tərəfindən Yerli büdcənin gəlir və xərclərı haqqında və Ciddi hesabat blanklarının tətbiqinə dair məlumatlar hər rüb Bakı şəhər Baş Maliyyə idarəsinə, işçilərin sayı, gəlirləri, icbari tibbi sığorta, işsizlik sığortası, sığortaedənin və sığortaolunanın hesabına məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi haqqında Vahid Bəyannamə Dövlət Vergi Xidmətinə və bələdiyyənin fəaliyyətinə aid müxtəlif formalı hesabatlar aylıq və rüblük Bakı şəhəri üzrə Statistika idarəsinə elektron qaydada göndərilməsi vaxtında təmin edilmişdir.
Hesablamalar və ödəmələrin vaxtlı-vaxtında aparıldığından bələdiyyənin işçilərə əmək haqqı, Dövlət Vergi Xidmətinə vergi, Dövlət Sosial Müdafiə Fonduna işsizlik sığortası, icbari tibbi sığorta, sığortaolunanın və sığortaedənin hesabına məcburi dövlət sosial sığorta haqları üzrə heç bir borcu yoxdur. Dövlət təşkilatlarına hesabatların hazırlanıb müəyyən edilmiş vaxtda təqdim edildiyindən heç bir cərimə ödənişi halları olmamışdır.
M.ə.Rəsulzadə bələdiyyəsinin icra aparatının əsas struktur bölməsi olan “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” qanunvericiliyin tələblərinə uyğun olaraq sənədlərlə və vətəndaşların müraciətləri üzrə işi həyata keçirir, müracətlərə baxılmasına və sənədlərin vaxtında və keyfiyyətli icra edilməsinə nəzarət edir, vətəndaşların qəbulu sahəsində təşkilati və nəzarət tədbirlərini həyata keçirir. şöbə tərəfindən qeydiyyatda olan bütün sənədlərin tam şəkildə saxlanılması təmin olunur.
Bələdiyyə iclaslarının, həmçinin daimi və başqa komissiyaların iclas protokollarının düzgün tərtib edilməsi və protokollaşdırılması vaxtlı - vaxtında həyata keçirilir.
2022-ci il ərzində bələdiyyənin 14 iclası keçirilmiş və protokollaşdırılmışdır. iclaslarda əsasən bələdiyyə büdcəsinə yerli vergi və ödənişlər üzrə yaranmış borcların ödətdirilməsinin təmin edilməsi məqsədilə “pul tələbinin ödənilməsiilə bağlı inzibati aktlar”ın qəbul edilməsi, təmir-tikinti və abadlıq-quruculuq işlərinin görülməsi, ayrı-ayrı cəmiyyətlərin və vətəndaşların müraciətləri nəzərə alınaraq, maddi və maliyyə yardımlarının göstərilməsi, ağacların götürülməsi, bayramlarda şəhid, qazi ailələrinə, əlillərə və kimsəsizlərə bayram payı və maddi yardımlar göstərilməsi və s. məsələlərlə bağlı 84 qərar qəbul edilmişdir.
Hesabat dövrü ərzində 330-u ərizə, 18-i isə şikayət olmaqla cəmi 348 vətəndaş müraciəti daxil olmuşdur. Vətəndaşların müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq baxılmış və 249-u müsbət həll olunmuş, 46-na müvafiq izahat verilmiş, 53-ü aidiyyəti üzrə göndərilmişdir.
Bu müddət ərzində bələdiyyədə ümumlikdə 1281 vətəndaş qəbulda olmuşdur, o cümlədən sədr tərəfindən 327 nəfər qəbul edilmişdir. Vətəndaşlar əsasən vergi ilə bağlı məsələləri, torpaq məsələləri, maddi yardım göstərilməsi, asfalt vurulması, kanalizasiya xəttinin çəkilməsi, ağacların götürülməsi və ya budanması və s. məsələlərlə bağlı müraciət etmişlər. Qaldırılan məsələlərin həlli əlavə araşdırma aparılmasını tələb etmədikdə vətəndaşın razılığı ilə müraciət qəbul zamanı şifahi qaydada cavablandırılmış, əks halda yazılı şəkildə təqdim olunmuş müraciət qeydiyyata alınaraq qanunamüvafiq qaydada baxılmaqla cavablandırılmışdır.
2022-ci il ərzində bələdiyyə tərəfindən müxtəlif qurumlara və fiziki şəxslərə 932 sənəd göndərilmişdir.
Müxtəlif orqanlardan, ictimai təşkilatlardan və s. 475 sənəd daxil olmuşdur. Daxil olan sənədlər dərkənara uyğun olaraq aiddiyyəti üzrə icraçılara çatdırılmış, vaxtında cavablandırılmışdır.
Bu dövr ərzində bələdiyyə sədri tərəfindən şəxsi heyət üzrə 65 əmr (işə qəbul, işdən azad olunma, əmək məzuniyyətinə çıxma və s. ) imzalanmışdır.
Müraciətləri nəzərə alınmaqla vətəndaşlara əsasən dəfn xərcinin ödənilməsi, adına torpaq sahəsinin olub – olmaması barədə cəmi 249 arayış verilmişdir.
Dövlətlə yerli özünüidarəetmə müəyyən qarşılıqlı asılılığa malikdir. Dövlət yalnız yerli özünüidarəetmənin təşkilinin ümumi prinsiplərini müəyyənləşdirməklə kifayətlənmir, həm də onun fəaliyyətinə zəmanət verir. Eləcə də yerli özünüidarəetmə hüququnu qanunvericilik əsasında tanıyır və bu hüququn reallaşdırılması üçün mövcud olan nöqsan və çatışmamazlıqları yerli özünüidarəetmənin diqqətinə çatdırmaqla maddi hüquqi və institusional şəratin yaradılması vəzifəsini öz üzərinə götürür.
Bələdiyyəmiz tərəfindən yerli məsələlərin həlli istiqamətində bir sıra irəliləyişlərin əldə olunmasına baxmayaraq, müəyyən problemlər hələ qalmaqdadır. işimizi gələcəkdə də qəsəbənin sosial-iqtisadi inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində bir sıra tədbirlərin görülməsinə yönəldəcəyik. Qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək üçün bütün səy və bacarığımızı səfərbər edəcək və iş prosesini günün tələbləri səviyyəsində qurmağa çalışacağıq.
Hümbət Hüseynov,
Binəqədi rayonu M.ə.Rəsulzadə bələdiyyəsinin sədri