"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

.Yerli büdcə layihəsinin tərtibi prosesi nə vaxt başlanır? Soruşun cavab verək

--2021-04-14 / 04:29

 1.Yerli büdcə layihəsinin tərtibi prosesi nə vaxt başlanır?

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən yerli büdcə layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin bələdiyyə iclasına təqdim edildiyi günədək davam edir. Yerli büdcə layihəsinin tərtibinə və bələdiyyə iclasına təqdim edilməsinə bələdiyyə sədri cavabdehdir və bu məqsədlə o, bələdiyyənin daimi və başqa komissiyalarını, bələdiyyə qulluqçularını və mütəxəssisləri cəlb edə bilər.

Həmin Qanununun 10-cu maddəsinə əsasən növbəti büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir.

Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin onunla tanış olması məqsədi ilə dərc edilir. Növbəti büdcə ili üzrə yerli büdcənin layihəsi bələdiyyə iclasında cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir.

 

2. Vətəndaşlar bələdiyyə qulluğuna hansı qaydada qəbul edilirlər?

 

“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 5-1-ci maddəsinə əsasən bələdiyyə qulluğuna vətəndaşlar müsabiqə əsasında qəbul edilirlər.

Bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsi üçün 5 nəfər bələdiyyə üzvü vəqulluqçusundan ibarət bələdiyyənin müsabiqə komissiyası yaradılır. Müsabiqə komissiyasının tərkibi, sədri və sədrinin müavini bələdiyyənin qərarı ilə təsdiq olunur.

 3.Yerli büdcənin icrasına hansı orqan tərəfindən nəzarət olunur?

 “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir.

 

 Çingiz Cavadov

Lənkəran Regional ədliyyə idarəsinin

baş məsləhətçisi kiçik ədliyyə müşaviri

 

ŞƏRHLƏR