(Binəqədi rayonu Xocəsən bələdiyyəsi tərəfindən 2022-ci ildə görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında hesabatı)
Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, və s. olmuşdur.
Binəqədi rayonu Xocəsən bələdiyyəsi tərəfindən 22 ümumi iclas keçirilərək 95 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.
2022-ci il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Çingizxan küçəsi istiqamətində yolun sağ və sol hissələrində, Xocəsən gölünün ətrafında 52 ha ərazidə 24 063 ədəd, Binəqədi rayon Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən Universitet küçəsində yol boyu 150 ədəd, Xocəsən QiəD, Xocəsən bələdiyyəsi, Binəqədi MKTB və Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən Pepsi-cola parkında 150 ədəd və Motodrom yaşayış massivində Xocalı faciəsinin il dönümü ilə əlaqədar 200 ədəd ağac əkilmişdir.
Eyni zamanda ağac əkmə aksiyaları ilə yanaşı qəsəbə ərazisinin təmizliyinin və ekoloji vəziyyətinin nəzarətdə saxlanılması ən vacib məsələlərdən olmuş və mövsümə uyğun olaraq, iməcliklər təşkil edilmişdir.
Qəsəbələrin yol kənarlarında və qəbiristanlıq ərazilərində olan quru otlar biçilmiş və həmin ərazilərin təmizlənməsi istiqamətində işlər görülmüşdür. Yaşıllıq sahələri hər zaman diqqət mərkəzində saxlanılaraq, mütəmadi olaraq suvarılmış və alaq otlarının təmizlənməsi, agacların budanmasi işləri həyata keçirilmişdir.
Məlum olduğu kimi yaşıllıqlar vaxt keçdikcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 â„– -li Qərarına əsasən tədbirlər görülür.
Hesabat dövründə sözügedən problemlərlə bağlı bələdiyyəyə daxil olmuş müraciətlərə əsasən Ekologiya və Təbii sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsinə müraciətlər edilmiş, alınmış rəylərə əsasən Bələdiyyə tərəfindən qərarlar və ağacların götürülmə vərəqələri tərtib edilərək, Bakı şəhəri icra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə tədbir görmək üçün göndərilmişdir.
Bələdiyyələr şəffaflıq prinsiplərinin qorunması məqsədilə mütəmadi olaraq seçiciləri qarşısında hesabat verməyə borcludur. Vətəndaşlarla daim ünsiyyət qurmaqla, onların qarşılaşdığı problemlərin həlli bələdiyyələrin üzərinə düşən əsas vəzifələrdən biridir.
2022-ci il ərzində bələdiyyə ərazisində yaşayan şəhid ailələrinin yaşadıqları küçəyə şəhidin adının verilərək əbədiləşdirilməsi barədə müraciətləri icra Hakimiyyətinə ünvanlanmış və küçələrin adının dəyişdirilməsi təmin edilmişdir.
Həmçinin milli məclisin deputatı xanım Səbinə Xasayevanın iştirakı ilə bələdiyyənin inzibati binasında seçicilər ilə görüşlər təşkil edilmiş, vətəndaşların problemləri dinlənilmiş və aidiyyatı qurumlar qarşısında məsələ qaldırılmışdır.
Bundan əlavə qəsəbədaxili yolların asfaltlanmasi ucun aidiyyəti qurumlara muraciətlər ünvanlanmış və ötən dövrdə bir sıra küçələrə asfalt örtüyü çəkilmiş, qəsəbə ərazisindəki digər küçələr isə tədbirlər planına salınmışdır.
Yanvar ayında etibarən hava şəraitinin dəyişməsi ilə əlaqədar, Xocəsən bələdiyyəsi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirmiş, yağan qarın buzlaşmasının qarşısının alınması və vətəndaşların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə qəsəbədaxili yollar buzdan və qardan təmizlənmiş, duz və qum qarışığlarının avtomobil və piyada yollarına səpilməsi prosesləri mütəmadi olaraq həyata keçirilmişdir.
Bələdiyyədə vergi ödəyicilərinin müəyyənləşdirilməsi və siyahıya alınmasının təmin edilməsi məqsədilə komissiyası yaradılmışdır. Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Qanunvericiliyə uyğun icra şöbələrinə 300–dən artıq şəxs barədə müraciət olunmuşdur. Nəticədə Bələdiyyə büdcəsinə vergilərin ödənilməsi daha səmərəli təmin edilmişdir.
Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.
Bələdiyyənin vergi bazası genişdir. Hazırda bələdiyyənin inzibati ərazisində yaşayış sahəsi üzrə 11344 əmlak, yaşayış sahəsi üzrə 12330 torpaq, qeyri yaşayış sahəsi üzrə 232 əmlak , qeyri-yaşayış sahəsi üzrə torpaq isə 249 ədəddir.
Göstərilən 11533 vergi ödəyicilərindən hesabat dövründə 8100 ödəyici vergiyə cəlb olunmuşdur, (bunlardan 160 nəfər vergi qanunverciliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən azad edilmiş təqaüdçülər, 660 ədəd əmlak vergisi hesablanmayan, mənzilin ümumi sahəsi 30 m2–dən aşağı olan birotaqlı mənzillər)
2021-ci il ərzində bələdiyyə büdcəsinə 213033.00 manat, 2022-ci il ərzində isə bələdiyyə büdcəsinə 280974.00 manat gəlir daxil olmuş, 2021-ci il üzrə xərclər 210154.00 manat , 2022-ci il üzrə isə 283860.00 manat təşkil etmişdir.
2021-ci il ərzində büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq icarəsindən və vergisindən-40827.00 manat, 2022-ci ildə isə 41941.00 manat, 2021-ci il əzrində əmlak vergisindən-148046.00 manat, 2022-ci ildə isə 198633.00 manat, bələdiyyənin fəaliyyətindən -400.00 manat, dotasiyadan-_40000.00 manat daxil olmuşdur.
Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinentinin. Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.
Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.
Daimi əsaslarla bələdiyyədə calışan bələdiyyə üzvlərinin və qulluqçularının əmək haqqına 2021-ci il ərzində 162543.00 manat, 2022-ci il ərzində -_149458.00 manat, 2021-ci ildə DSMF-32805.00 manat, 2022-ci ildə isə 112416.00 manat, bələdiyyənin saxlanmasına 2021-ci ildə -14806.00 manat , 2022-ci ildə isə 21986.00 manat xərclənmişdir.
Binəqədi rayon Xocəsən bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.
Təhlil göstərir ki, il ərzində vətəndaşlardan daxil olmuş müraciətlərə əsasən vətəndaşlara 2586 arayış verilmiş və bu arayışlara vergi borcunun olub-olmaması, adlarına torpaq sahələrinin olub-olmaması, yaşayış yerindən arayışlar, dəfn xərci ilə bağlı arayışlar, sosial müavinətlərin alınması ilə bağlı arayışlar və.s aid olmuşdur.
Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş 584 məktub, müraciət, sərəncam və digər sənədlər və vətəndaşlardan daxil olmuş 124 ərizə-müraciət əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.
Vətəndaşların müraciətləri ilə bağlı Bələdiyyədə onlara hüquqi yardım göstərilməsi həyata keçirilir.
Bələdiyyədə “qaynar xətt” də (telefon 346-04-02) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür.
Bələdiyyədə hesabat dövründə 2000-dən az olmayaraq vətəndaş qəbul edilmiş, o cümlədən şəxsən sədr tərəfindən 420 nəfər vətəndaş qəbul edilərək dinlənilmilşdir.
Yekun olaraq bildirmək istəyirəm ki, Xocəsən bələdiyyəsi olaraq 2023-cü ildə qəsəbənin bütün fəal və sağlam qüvvələrini öz ətrafına toplayaraq, nəzərdə tutulan vəzifələrin icrasını təmin etmək üçün bütün səy və bacarığımızı səfərbər edəcək və işimizi günün tələbləri səviyyəsində qurmağa çalışacağıq.
Nigar Məmmədova
Binəqədi rayonu, Xocasən bələdiyyəsinin sədri