"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

2020-ci il ərzində yerli özünüidarəetmə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görülmüş tədbirlər

--2021-01-31 / 17:27

2020-ci il ərzində yerli özünüidarəetmə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məsələləri də diqqətdə saxlanılmışdır. Azərbaycan Respublikasının 2020-ci il 19 iyun tarixli Qanunu ilə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsində operativliyin təmin olunması məqsədilə dəyişiklik edilərək bələdiyyə aktlarınin inzibati nəzarət orqanına göndərilməsi müddəti qısaldılaraq 5 iş günündən gec olmayaraq müəyyən edilmişdir. Bununla bağlı “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” və “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Azərbaycan Respublikasının Qanunlarına da aidiyyəti dəyişikliklər edilmişdir.

Nazirliyin təklifləri əsasında Azərbaycan Respublikasının 2020-ci il 29 iyun tarixli Qanunu ilə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda inzibati nəzarətin səmərəliliyinin artırılmasına yönəlmiş bir sıra dəyişikliklər edilmiş bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarını yaradan səbəb və şəraitin aradan qaldırılması da inzibati nəzarətin məqsədlərindən biri kimi müəyyən olunmuşdur. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat" da ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə bu Qanuna uyğunlaşdırılmış və təkmilləşdirilmişdir.

Bələdiyyələr tərəfindən yol verilən pozuntuları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə yerli özünüidarəetmə sahəsini tənzimləyən müvafiq qanunvericilik aktları təhlil edilmiş, mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsi üçün təkliflər paketi hazırlanaraq 13 qanun və 2 fərman layihəsi Nazirlər Kabinetinə göndərilmişdir. Hazırda aidiyyəti dövlət orqanlarından layihələrə verilmiş rəy və təkliflər öyrənilərək bu istiqamətdə işlər davam etdirilir.

Bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım göstərmək sahəsində nazirliyin müvafiq qurumlarının fəaliyyətinin dəqiq tənzimlənməsi məqsədilə “Bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım haqqında Təlimat” hazırlanmış və Kollegiyanın Qərarı ilə təsdiq edilmişdir.

 

 

 

 

ŞƏRHLƏR