"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

2021-ci ildə Keşlə bələdiyyəsinin gördüyü işlər barədə hesabatı

--2022-01-17 / 15:56

2021-ci ildə Keşlə bələdiyyəsinin gördüyü işlər barədə hesabatı

Vətən müharibəsində qazandığımız Qələbə nəticəsində Azərbaycan Respublikası dünya dövlətləri arasında böyük nüfuza malik olmuşdur. Ali Baş Komandan cənab ilham əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz tərəfindən qazanılan bu Qələbə bütün sahələrdə olduğu kimi bələdiyyələrdə də böyük ruh yüksəkliyi yaratmışdır. Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yaralanmış Keşlə qəsəbəsindən olan qazilər, həmçinin şəhid ailələri daim diqqət mərkəzində olmuşdur. Keşlə bələdiyyəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq şəhid ailələri və qazilər ziyarət olunur, onların sosial problemləri öyrənilir və imkan daxilində onlara köməklik göstərilir. Belə ki, 2021-ci ilin yanvar ayında Keşlə qəsəbəsində yaşayan 3 nəfər qaziyə, hər birinə 200 manat, bir əsgər ailəsinə 100 manat, iki nəfər imkansız sakinə hər birinə 70 manat, ümumilikdə 840 manat; fevral ayında Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən 3-cü qrup əlilə, 4 uşağı olan aztəminatlı ailəyə, hər birinə 100 manat, ümumilikdə 200 manat;  mart ayında Vətən uğrunda gedən döyüşlərdə iştirak edən əsgər ailəsinə, aztəminatlı ailəyə hər birinə 100 manat, ümumilikdə 200 manat; aprel ayında fiziki qüsurlu qəsəbə sakininə 60 manat; may ayında 5 nəfər aztəminatlı ailəyə ümumilikdə 720 manat,  Vətən müharibəsində yaralanmış qazinin ailəsinə 150 manat, cəmi 870 manat; iyun ayında 2-ci qrup əlil olan qəsəbə sakininə 80 manat və 1 nəfərə 60 manat, avqust ayında 1 nəfərə 150 manat, oktyabr ayında bir şəhid ailəsinə 500 manat, noyabr ayında 1 nəfərə 150 manat, dekabr ayında 1 nəfərə 300 manat,  ümumilikdə 2021-ci ilin 12 ayı ərzində 6330 manat maddi yardım verilmişdir. 

Keşlə qəsəbəsindən olan 22 nəfər qaziyə Ramazan bayramı münasibətilə hər birinə ərzaq yardımı göstərilməsi məqsədilə bələdiyyə büdcəsindən 1200 manat məbləğində vəsait ayrılmışdır.     Keşlə qəsəbəsindəki şəhidlər Xiyabanında şəhidlərin xatirəsi yad edilmiş, orada abadlıq işlərinin aparılması, işıq dirəklərinin yenilənməsi üçün bələdiyyə büdcəsindən 736 manat,  həmin xiyabandakı şəhid məzarının üzərinə qoymaq üçün 2 ədəd əklilin alınmasına 300 manat, ümumilikdə 1036 manat məbləğində vəsait xərclənmişdir.

Qəsəbədəki 1941-1945 parkının saxlanmasına (bağban və süpürgəçinin xidmət haqqı), ora lazım olan təsərrüfat mallarının alınmasına  ümumilikdə 10560 manat xərclənmişdir.  Eyni zamanda həmin parkda abalıq işləri aparılmış, 34 ədəd skamya təmir edilmiş və rənglənmiş, 1941-1945 abidəsinin ətrafına qopmuş mərmər daşlar yenidən bərpa edilmiş və bu məqsədlə bələdiyyə büdcəsindən 872 manat məbləğində vəsait xərclənmişdir.  

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Keşlə qəsəbəsində yaşayan şəhid ailələrinə, qazilərə və əlillərə hər birinə ərzaq yardımı göstərilməsi məqsədilə ərzaq məhsullarının alınması üçün 1400 manat məbləğində vəsait ayrılmışdır. 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq  koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması istiqamətində Keşlə bələdiyyəsinin əməkdaşları tərəfindən əhali arasında geniş maarifləndirmə işləri aparılmış, 32 saylı Birləşmiş şəhər Xəstəxanası ilə mütəmadi əlaqə saxlanılmış, vətəndaşıarın sağlamlıqlarının qorunması məqsədilə  vaksinasiya olunmaları üçün  onların qeydiyyatdan keçmələri təmin edilmişdir.   

Bələdiyyənin gəlirləri aşağıdakı kimi olmuşdur. Fiziki şəxslərdən yığılan rüsumlar: torpaq vergisi 50714 manat, əmlak vergisi 145894 manat; icarə haqqı 2374 manat, dotasiya 7000 manat, digər gəlirlər - 15 manat, ümumilikdə mədaxil 205997 manat olmuşdur. 01 yanvar 2021-ci ilə qalıq 17869 manat olmuşdur.  Bələdiyyənin xərcləri isə: əmək haqqına 109910 manat, maddi yardım 6300 manat, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması 2698 manat, AQBMA-na üzvlük haqqı, KiV-nə abunə, təsərrüfat və rabitə xərcləri, dəftərxana ləvazimatlarının alınması, inzibati binanın saxlanması, kommunal ödənişlər, Keşlə parkının saxlanılması üçün lazım olan təsərrüfat mallarının alınması, bələdiyyə daxili və bələdiyyədən kənar lazım olan bəzi təmir işlərinin aparılması, inventar və avadanlıqların alınması və s. olmaqla ümumilikdə cəmi 194733 manat olmuşdur.                                                                                                             01.01.2022-ci ilə bank qalığı – 29133 manatdır.

Bundan başqa tərəfimizdən qəsəbədəki şəhidlər Xiyabanında təhlükəli vəziyyətdə olan 4 ədəd sərv ağacının, əzimzadə küçəsindəki parkdakı 1 ədəd safora ağacının, müxtəlif ünvanlarda yaşayan Keşlə qəsəbə sakinlərinin evləri üçün təhlükə yaradan, qəzalı vəziyyətdə olan ağacların kəsilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin müsbət rəyi alındıqdan sonra bələdiyyə iclasında müzakirə edilərək müvafiq qərar qəbul edilmiş və qərar icra olunması  üçün tərəfimizdən  11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə, Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciətlər  edilmişdir.     2021-ci il ərzində bələdiyyəyə 493 ərizə və 163 məktub daxil olmuş, tərəfimizdən müxtəlif təşkilatlara 230 məktub göndərilmiş, 115 nəfərə arayış verilmişdir. Bütün ərizə və məktublara operativ müsbət cavab verilmişdir. 114 əsgərin məzuniyyət biletinə müvafiq qeydlər edilmişdir. 

Keşlə bələdiyyəsi bundan sonra da öz işini günün tələbləri səviyyəsində qurmağa çalışacaq və qəsəbəmizin daha da abadlaşdırılması üçün imkan daxilində əlimizdən gələni əsirgəməyəcək. 

Nizami rayonu Keşlə bələdiyyəsi   

ŞƏRHLƏR