20 yanvar şəhidlərinin Anım günü ilə əlaqədar Keşlə qəsəbəsindəki şəhidlər Xiyabanına əklilin qoyulması və çələnglərin alınması məqsədilə bələdiyyə büdcəsindən 590 manat vəsait xərclənmişdir. Keşlə bələdiyyəsinin əməkdaşları mütəmadi olaraq şəhid ailələrinin və qazilərin evlərində olurlar və onların sosial problemləri, qazilərin səhhəti, müalicələrinin gedişi ilə maraqlanırlar. Həmçinin qəsəbədə yaşayan əlillərin və aztəminatlı ailələrin də müraciətləri diqqətimizdən kənarda qalmır, imkan daxilində onlara bələdiyyə tərəfindən köməklik göstərilir. Hər il müxtəlif bayramlarda 100-120 nəfər qəsəbə sakininə ərzaq yardımı verilir. Verilən ərzaqların bir hissəsini daxili imkanlarımız hesabına, digər bir hissəsini isə bələdiyyə büdcəsindən pul ayırmaqla əldə edirik. Novruz və Ramazan bayramlarında Keşlə qəsəbəsində yaşayan şəhid ailələrinə, qazilərə, əlillərə (cəmi 240 ailə) ərzaq yardımı göstərilməsi məqsədilə ümumilikdə 3500 manat məbləğində pul vəsaiti xərclənmişdir. May ayında Heydər əliyev Sarayında “Mənim Azərbaycanım” adlı xeyriyyə konsertindən əldə olunacaq vəsait şəhid ailələri və müharibə əlillərinin təminatı üçün “Yaşat” fonduna ianə edilmişdir. Bu məqsədlə bələdiyyə büdcəsindən 350 manat məbləğində vəsait xərclənmişdir.
Keşlə qəsəbəsində tez-tez aparılan təmir və abadlıq işləri, ağacıarın budanması, küçələrin asfaltlanması, bardürlərin yenilənməsi, səkilərin düzəldilməsi, qəsəbədəki 1941-1945 parkının abadlaşdırılması və s. abadlıq işləri sakinlərin rahatlığına, onların rahat gediş-gəlişinə xidmət edir. Keşlə qəsəbəsində N.Abdullayev, K.əfkari, Kəndçi, ə.əzimzadə, Y.Səfərov, D.Aslan, Qafqaz və Sabir küçələrində cari abadlıq işlərinin aparılması ilə əlaqədar və Keşlə qəsəbəsindəki 1941-1945 parkının və Keşlə qəsəbəsindəki şəhidlər Xiyabanının təmizlik işlərində lazım olan təsərrüfat mallarının alınması məqsədilə bələdiyyə büdcəsindən ümumilikdə 5750 manat məbləğində pul vəsaiti xərclənmişdir. əlavə olaraq qəsəbədəki 1941-1945 parkının saxlanmasına, bağban və süpürgəçinin xidmət haqqına 5530 manat vəsait xərclənmişdir. Mart ayında Keşlə bələdiyyəsinin inzibati binasında yanğın təhlükəsizliyi qaydalarına əməl etmək, işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə “Bakizolyasiya” MMC-nin hesabına bələdiyyə büdcəsindən 1228 manat vəsait köçürülmüşdür. Hər bir idarə və təşkilat üçün qəzet və jurnallara abunə yazılışı vacibdir. Keşlə bələdiyyəsi də bu məqsədlə “Mətbuat yayım” MMC ilə müqavilə bağlayaraq onun hesabına qəzetlərə abunə yazılışı üçün 605 manat məbləğində vəsait köçürmüşdür.
Vergi borcu olan fiziki şəxslərə xəbərdarlıq məktubları bəzən poçt vasitəsilə göndərildikdə ünvanına çatmır və geri qayıdır. Məhz bu səbəbdən həmin məktubların ünvanlarına daha dəqiq çatmasını təmin etmək məqsədilə YAPS sürətli poçt xidmətindən də istifadə edirik və bu zaman çəkilən xərclərin məbləği də yüksək olur. Poçt və YAPS xidmətləri üçün bələdiyyə büdcəsindən 250 manat məbləğində vəsait ayrılmışdır.
Fevral ayında şəhid ailəsinə 300 manat, qazi anasına 200 manat, 2 nəfər aztəminatlı ailəyə ümumilikdə 170 manat, cəmi 670 manat; mart ayında qazi ailəsinə 200 manat, Vətən müharibəsi iştirakçılarının ailələrinə ümumilikdə 400 manat, 2-ci qrup əlilə 120 manat, cəmi 720 manat; aprel ayında 2-ci qrup əlilə yaşadığı evin təmirinə köməklik məqsədilə 250 manat, A.Mirzəyev küç.,54 ünvanındakı 1 nəfər imkansız ailəyə 200 manat, Q.Sadıq küçəsi, ev 11 ünvanda yaşayan, Vətən müharibəsi iştirakçısının atası 1-ci qrup əlilə 150 manat, cəmi 600 manat, iyun ayında 2 nəfər imkansız ailəyə cəmi 380 manat, ümumilikdə 2370 manat maddi yardım verilmişdir. Bələdiyyənin gəlirləri aşağıdakı kimi olmuşdur. Fiziki şəxslərdən yığılan rüsumlar: torpaq vergisi 24640 manat, əmlak vergisi 73894 manat; icarə haqqı 846 manat, dotasiya 8000 manat, digər gəlirlər - 100 manat, ümumiulikdə mədaxil 107480 manat olmuşdur. 01 yanvar 2022-ci ilə qalıq 29133 manat olmuşdur. Bələdiyyənin xərcləri isə: əmək haqqına 62989 manat, maddi yardım 2370 manat, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması, AQBMA-na üzvlük haqqı, KiV-nə abunə, təsərrüfat və rabitə xərcləri, dəftərxana ləvazimatlarının alınması, inzibati binanın saxlanması, kommunal ödənişlər, Keşlə parkının saxlanılması üçün lazım olan təsərrüfat mallarının alınması, bələdiyyə daxili və bələdiyyədən kənar lazım olan bəzi təmir işlərinin aparılması, inventar və avadanlıqların alınması və s. olmaqla ümumilikdə cəmi 125152 manat olmuşdur. 01.07.2022-ci ilə bank qalığı – 11461 manatdır.
Bundan başqa tərəfimizdən qəsəbədəki D.Aslan küçəsi,2Q ünvandakı köküstə tam qurumuş 1 ədəd ayland ağacının, N.Abdullayev küçəsi,4 ünvanda təhlükəli vəziyyətdə olan 1 ədəd qovaq ağacının, Keşlə dəmiryolu dayanacağı ətrafında park ərazisində qurumuş, əyilmiş, görkəmsiz vəziyyətdə olan və güclü küləklər zamanı aşma təhlükəsi olan 3 ədəd şam, 2 ədəd qarağac, 1 ədəd ayland ağacının götürülməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin müsbət rəyi alındıqdan sonra bələdiyyə iclasında müzakirə edilərək müvafiq qərar qəbul edilmiş və qərar icra olunması üçün tərəfimizdən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə, Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciətlər edilmişdir. 2022-ci ilin 6 ayı ərzində bələdiyyəyə 249 ərizə və 86 məktub daxil olmuş, tərəfimizdən müxtəlif təşkilatlara 105 məktub göndərilmiş, 43 nəfərə arayış verilmişdir. Bütün ərizə və məktublara operativ müsbət cavab verilmişdir. 59 əsgərin məzuniyyət biletinə müvafiq qeydlər edilmişdir. Keşlə bələdiyyəsi bundan sonra da öz işini günün tələbləri səviyyəsində qurmağa çalışacaq və qəsəbəmizin daha da abadlaşdırılması üçün imkan daxilində əlimizdən gələni əsirgəməyəcək.
Nizami rayonu Keşlə bələdiyyəsi