"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

23 dekabr 2019-cu il növbəti bələdiyyə seçkiləri günüdür

--2019-10-23 / 15:58

 Respublikamız 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra əsl demokratik dəyərlərə malik yerli özünüidarəetmə institutunu yaratmaq imkanı əldə etmiş, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi-referendum yolu ilə qəbul olumuş Azərbaycan Respublikası Konstitusiyası isə, bu imkanı hüquqi əsasda reallığa çevirmişdir. Yerli demokratiyanın həyata keçirilməsinə zəmin yaradan və siyasi-iqtisadi cəhətdən müstəsna əhəmiyyət kəsb edən yerli özünüidarə orqanlarının- bələdiyyələrin yaradılması Konstitusiyada öz əksini tapmışdır.

Ötən dövrdə respublikada həyata keçirilən hərtərəfli demokratik islahatlar çərçivəsində yerli özünüidarəetmə institutunun formalaşması və təşəkkülü üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Respublikamız 12 dekabr 1999-cu ildə ilk dəfə olaraq demokratik və şəffaf şəkildə keçirilmiş bələdiyyə seçkiləri nəticəsində yerli özünüidarəetmə orqanlarını formalaşdırmış, 25 dekabr 2001-ci il tarixdə "Yerli özünüidarə haqqında" Avropa Xartiyasına qoşulmuşdur.

Bələdiyyələrin təşkilindən sonrakı dövrdə də qanun yaradıcılığı işləri dayandırılmamış, 2000-ci ildən etibarən bu sahəni tənzimləyən bir sıra Qanunlar, Prezident fərmanları, Nazirlər Kabinetinin qərarları, digər hüquqi aktlar qəbul edilmiş və bu gün də qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Konstitusiyada bələdiyyələrə geniş səlahiyyətlər verilmişdir ki, həmin səlahiyyətlər aşağıdakılardan ibarətdir:

- bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;

-  bələdiyyənin reqlamentinin təsdiq edilməsi;

- bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;

- yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;

- yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;

- bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;

- yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;

- yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;

- yerli ekoloji proqramların qəbul və icra edilməsi.

Kostitusiyaya görə bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər .

Bələdiyyələr kollegial orqan olduğundan səlahiyyətlərinə aid məsələlərə dair qərarlar bələdiyyə iclaslarında müzakirə olunduqdan sonra qəbul edilir.

Konstitusiyanın 150-ci maddəsinə əsasən bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır. Bələdiyyələrin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir.

Azərbaycan Respublikasi Mərkəzi Seçki Komissiyasının 18.10.2019-cu il tarixli qərarı ilə respublikamızda növbəti bələdiyyə seçkiləri 23.12.2019-cu il tarixə təyin edilmişdir.

“Azərbaycan Respublikasının Seçki Məcəlləsinin” 212-ci maddəsinin tələblərinə əsasən seçkilərdə iştirak etmək hüququna malik olan (seçki keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış) və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.

 

 

Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və bu Məcəllənin 14-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Milli Məclisə seçkilərin, Prezident seçkilərinin, bələdiyyələrə seçkilərin, referendumun keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, referendumda səs vermək, seçkilərin (referendumun) gedişini müşahidə etmək, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etmək, bu Məcəllə ilə nəzərdə tutulmuş seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququ — aktiv seçki hüququ vardır.

Bu Məcəllənin 12.1-ci maddəsində göstərilən tələbə cavab verən, Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermədə iştirak edə bilərlər.

Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən bu Məcəllənin 12.1-ci maddəsində göstərilən tələbə cavab verən, müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşayan xarici ölkənin vətəndaşları bələdiyyə seçkiləri zamanı səsvermədə iştirak edə bilərlər (o şərtlə ki, onların vətəndaşı olduqları dövlətlərdə əcnəbilərin bələdiyyələrə seçkilər zamanı eyni hüquqları tanınmış olsun).

Həmin Məcəllənin 12.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin II hissəsinə uyğun olaraq, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər seçkilərdə, habelə referendumda iştirak etmək hüququndan — aktiv seçki hüququndan məhrumdurlar.

Həmin Məcəllənin 13-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, aktiv seçki hüququna malik olan hər bir vətəndaşın referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsçüsü olmaq, Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş Prezidentliyə, deputatlığa, bələdiyyə üzvlüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə, Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü seçilmək hüququ — passiv seçki hüququ vardır.

Passiv seçki hüququ ilə bağlı məhdudlaşdırıcı hallar Azərbaycan Respublikası Konstitusiyasının 56-cı, 85-ci, 100-cü maddələri ilə və bu Məcəllə ilə müəyyən edilir.

         Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin III hissəsinə, 85-ci və 100-cü maddələrinə və Seçki Məcəlləsinin 13.3-cü və 14-cü maddələrinə uyğun olaraq məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslərin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslər (ağır və xüsusilə ağır cinayətə görə məhkum olunmuş şəxslər), ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşları (ikili vətəndaşlığı qalanadək), xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşları (həmin öhdəliklərə xitam verilənədək), belə öhdəliklər 5 ildən çox xarici dövlətdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək, habelə digər siyasi və ya hüquqi öhdəliklər də ola bilər) hərbi qulluqçular (hərbi qulluqda olduqları müddətdə), hakimlərin (hakim olduqları müddətdə), dövlət qulluqçularının (dövlət qulluğunda olduqları müddətdə), din xadimlərinin (peşəkar dini fəaliyyət ilə məşğul olduqları müddətdə) bələdiyyə üzvü seçilmək- passiv seçki hüququ yoxdur.

 Ramin Musayev

  Göyçay regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi,

      I dərəcəli ədliyyə qulluqçusu                                                                      

 

 

 

ŞƏRHLƏR