Məlumdur ki, Ümummilli lider Heydər əliyevin rəhbərliyi ilə demokratik dəyərlər və prinsiplərə uyğun hazırlanmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul olunduqdan sonra qanunvericiliyimizin bütün sahələrində böyük dəyişikliklər aparılmış, yeni qanunlar, fərmanlar, qərarlar və digər normativ hüquqi aktlar qəbul olunmuş və təbii ki, bu proses bələdiyyə qanunvericiliyindən də yan keçməmişdir.
Ümumiyyətlə, müvafiq qanunvericilik bazası olmadan hər hansı bir dövlət və ya qeyri-dövlət strukturunun təşkili mümkünsüzdür. Bu cəhət yerli özünüidarəetmə orqanlarına da aiddir.
Ötən dövr ərzində Azərbaycanda həyata keçirilən hərtərəfli demokratik islahatlar çərçivəsində yerli özünüidarəetmə institutunun formalaşması və təşəkkül tapması üçün məqsədyönlü tədbirlər həyata keçirilmiş, o cümlədən bu sahədə mükəmməl qanunvericilik bazası yaradılmış, ölkəmiz “Yerli özünüidarə haqqında” Avropa Xartiyasına qoşulmuş, demokratik və şəffaf şəkildə keçirilmiş bələdiyyə seçkiləri nəticəsində yerli özünüidarəetmə orqanları formalaşmışdır.
Yerli özünüidarəetmənin hüquqi bazasını Azərbaycan Respublikasının Konstitusiyası, Milli Məclis tərəfindən qəbul edilmiş qanunlar, ölkə Prezidentinin fərmanları, Nazirlər Kabinetinin qərarları və ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları təşkil edir.
Genişmiqyaslı demokratik islahatların əsasını qoymuş Konstitusiyamızda ilk dəfə olaraq yerli özünüidarəetmənin bələdiyyələr vasitəsi ilə həyata keçirilməsi prinsipi qəbul edilmiş, bundan sonra cəmiyyətimiz üçün yeni olan bələdiyyə institutunun formalaşdırılmasına başlanılmış və hazırda bu proses inkişaf mərhələsinə qədəm qoymuşdur.
Təsadüfü deyildir ki, Konstitusiyanın “Yerli özünüidarə” adlanan dördüncü bölməsinin IX Fəsli (142-146-cı maddələr) “Bələdiyyələr”ə həsr edilmişdir. əsas Qanunun 142-ci maddəndə yerli özünüidarəni bələdiyyələrin həyata keçirdiyi, bələdiyyələrin seçkilər əsasında yaradıldığı, bələdiyyələrin statusunun əsaslarının bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydalarının isə qanunla müəyyən edildiyi aydın şəkildə qeyd edilmişdir.
Yeri gəlmişkən Azərbaycan Respublikasi Mərkəzi Seçki Komissiyasının 18.10.2019-cu il tarixli qərarı ilə respublikamızda növbəti bələdiyyə seçkiləri 23.12.2019-cu il tarixə təyin edilmişdir.
Respublika üzrə 1606 bələdiyyəyə 15156 üzv seçiləcək ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabr ayının 23-də baş tutmuşdur.
Təqdirəlayiq haldır ki, son dövrlər ayrı-ayrı sahələrlə bağlı qəbul edilmiş bir sıra strategiyalarda, dövlət proqramlarında, milli fəaliyyət və tədbirlər planlarında yerli özünüidarəetmədə bələdiyyələrin işinin zamanın tələblərilə uzlaşdırılması, səmərəliliyinin artırılması, hüquqi maarifləndirmə işinin yüksək səviyyədə həyata keçirilməsi, mövcud qanunvericilik normalarının tətbiqinin yaxşılaşdırılması, bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi, eyni zamanda bələdiyyələrə seçkilərlə bağlı müddəlar öz əksini tapmışdır.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 212-ci maddəsinə əsasən seçkilərdə iştirak etmək hüququna malik olan (seçki keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış) və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.
Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və bu Məcəllənin 14-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Milli Məclisə seçkilərin, Prezident seçkilərinin, bələdiyyələrə seçkilərin, referendumun keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, referendumda səs vermək, seçkilərin (referendumun) gedişini müşahidə etmək, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etmək, bu Məcəllə ilə nəzərdə tutulmuş seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququ — aktiv seçki hüququ vardır.
Bu Məcəllənin 12.1-ci maddəsində göstərilən tələbə cavab verən, Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermədə iştirak edə bilərlər.
Həmin Məcəllənin 12.3-cü və 12.4-cü maddələrində göstərilir ki, bu Məcəllənin 12.1-ci maddəsində göstərilən tələbə cavab verən, müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşayan xarici ölkənin vətəndaşları bələdiyyə seçkiləri zamanı səsvermədə iştirak edə bilərlər (o şərtlə ki, onların vətəndaşı olduqları dövlətlərdə əcnəbilərin bələdiyyələrə seçkilər zamanı eyni hüquqları tanınmış olsun).
Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin II hissəsinə uyğun olaraq, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər seçkilərdə, habelə referendumda iştirak etmək hüququndan — aktiv seçki hüququndan məhrumdurlar.
Həmçinin həmin Məcəllənin 13-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, aktiv seçki hüququna malik olan hər bir vətəndaşın referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsçüsü olmaq, Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş Prezidentliyə, deputatlığa, bələdiyyə üzvlüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə, Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü seçilmək hüququ — passiv seçki hüququ vardır.
Sonda bələdiyyələrin ərazilərində yaşayan seçki hüququ olan vətəndaşları aktiv seçki hüquqlarından istifadə edərək qarşıdan gələn bələdiyyə seçkilərində istədikləri namizədə səs verməyə çağırıram.
ilkin Savalan
Azərbaycan Respublikası ədliyyə Nazirliyi
imişli regional ədliyyə idarəsinin böyük məsləhətçisi,
kiçik ədliyyə müşaviri