Bakı. Ağa Cəfərli - APA. Bu gün Suraxanı Rayon icra Hakimiyyətinin (RiH) akt zalında Ağdam RiH başçısı Raqub Məmmədovun səyyar qəbulu keçirilib.
APA-nın məlumatına görə, tədbirdə Suraxanı RiH başçısı ilqar Abbasov da iştirak edib.
Qəbul zamanı ağdamlı məcburi köçkünlərin şikayətləri, problemləri dinlənilib.
şikayətlər əsasən mənzil şəraitinin yaxşılaşdırılması, yeni mənzillə təmin edilmə, işsizlik və abadlaşdırma ilə bağlı olub.
Ağdam rayon sakini Elxan Qurbanov Qarabağ müharibəsində, xüsusilə də Mərzili uğrunda gedən döyüşlərdə aktiv iştirak etdiyini, buna baxmayaraq müharibədə iştirak etdiyi haqqında sənəd ala bilmədiyini söyləyib. O, özü ilə yanaşı bir neçə nəfərin belə bir problemlə üzləşdiyini bildirib. E.Qurbanov məsələ ilə bağlıMüdafiə Nazirliyinə müraciət etdiklərini, lakin qaneedici cavab ala bilmədiklərini vurğulayıb.
Bir neçə müharibə əlili və veteranı isə mənzil şəraitlərinin pis olmasından şikayətləniblər.
Ağdam RiH başçısı Raqub Məmmədov şikayətləri dinləyərək, problemlərin həlli üçün RiH-in məsul şəxslərinə yerindəcə müvafiq göstərişlər verib.
Suraxanı RiH başçısı ilqar Abbasov isə çıxışında rayon ərazisində yaşayan məcburi köçkünlərin problemlərinin həlli üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.
Bundan başqa, hər iki RiH başçısı məcburi köçkünləri qarşıdan gələn parlament seçkisində aktiv iştiraka çağırıblar.
Sonda i. Abbasov tərəfindən R. Məmmədova xatirə hədiyyələri təqdim edilib
APA
|
|
|
|
|
|
|
|
|
|