Ağdam rayonu Quzanlı qəsəbə Mədəniyyət evində Ağdam rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə 2018-ci il qəbul imtahanlarında iştirak edən və yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib. Bu barədə məlumatı Ağdam RiH yayıb.
Tədbirdə Ağdam rayon icra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Milli Məclisin deputatı Ağalar Vəliyev, Hüquq Mühafizə orqanlarının rəhbərləri, ərazi inzibati dairə üzrə nümayəndələr, yerli bələdiyyələr, məktəb direktorları, müəllimlər, idarə-müəssisə rəhbərləri, KiV və QHT nümayəndələri, 500 və daha yüksək bal toplayan məzunlar və onların valideynləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar.
Görüşdə Ağdam rayon icra Hakimiyyətinin başçısı Vaqif Həsənov giriş sözü ilə çıxış edərək qonaqları salamlamış və tədbiri açıq elan etmişdir.
Daha sonra çıxış edən rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova bildirib ki, bu il Ağdam rayonunun ümumtəhsil məktəblərini bitirən məzunlardan 1015 nəfəri qəbul imtahanlarında iştirak etmək üçün sənəd verib və onlardan 577 nəfəri tələbə adını qazanıb.
Ağdamlı gənclərdən 84 nəfəri 500-600 arası, 42 nəfəri isə 600-dən çox bal toplayıb.
Digər çıxış edənlərdən 695 bal toplayaraq Tibb Universitetinə qəbul olunan Nəzrin Cəfərzadə, 677 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyasına qəbul olunan şəhruz Bəşirov ölkə və rayon rəhbərliyi tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışmışlar.
Bildiriblər ki, onların belə yüksək nəticə göstərmələri üçün bütün lazımi şərait yaradılmış və tələb olunan vəsaitlərlə tam təmin olunmuşlar. Çıxış edən tələbələr müəllim və valideynlərinin etimadını doğruldacaqlarına, bilik və elmlərə əzmlə yiyələnərək ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər .
Tədbirdə Milli Məclisin deputatı Ağalar Vəliyev ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışaraq, tələbə adını qazanan gəncləri təbrik edib.
Tədbirin sonunda Yüksək bal toplayan gənclərə pul mükafatı verilib.
Belediyye.info
|
|
|
|
|
|
|