"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ağdamda mənəvi dəyərlər necə qorunur?

--2018-01-15 / 09:14

Bizlər çox maraqlı insanlarıq. Daim maraqlı addımlarımızla seçilmək istəyirik.

Qohum-qonşuda baş verən xeyr-şər işlərdə hər zaman  ilk olaraq yardım əlimizi uzatmağa çalışırıq. Xüsusəndə yaxınlarımızdan kimsə dünyasını dəyişəndə bunu daha çox hiss edirik.

Məsələn, mən heç vaxt unutmaram ki, rəhmətlik anamın dünyasını dəyişən məqamda Bakıdan Quzanlıyadək dördsaatlıq yolu qət edənədək artıq  həyətdə hər bir məsələ öz həllini tapmışdı. Bunu mən telefonla danışıb həll etsəmdə, hər halda yüksək səviyyədə həll edilməsini həmkəndlilərim  etmişdi. Bu gün o insanların qarşısında baş əyirəm. Həyətə daxil olanda qarşılaşdığım insanların sayı hesabı yox idi. Bu bizik. Bu bizləri seçdirən deyərdim ən gözəl xüsusiyyətdir.

***

Ancaq bizim digər bir cəhətimiz fərqlənməyə çalışmağımızdır. istər toyda, istərsə də yas mərasimlərində.

Bir müddət əvvəl yas mərasimləri az qala toylarda olduğundan da təmtəraqlı keçirilirdi. Bildiyim qədər bunu hər kəs edə bilmir, bəzən isə qonşudan geri qalmamaq üçün borc gotürüb yası yola verir. Bərbəzəkli  qəbrüstü götürür və sonradan illərcə borc qaytarmalı olurdular.  Nəticədə insan öz ölüsünü də urvatsız etmiş olurdu.

Dəfərlərlə təmtəraqlı yas mərasimlərindən qurtulmaq istəsəkdə alınmayıb. Sözsüz ki, bununda obyektiv və  subyektiv səbəbləri vardır.  Yas məclislərini  yola verən bəzi mollaların, çayçıların, mağar sahiblərinin marağına toxunduğundan və digər səbəblərdən məsələ öz həllini tapmamışdır. Üstəlik ziyalı sözünun kəsərinin azalması da öz sözünü  deyirdi.

***

Ancaq bu işdə əsas məsələ əhali arasında maarifləndirmə işinin aparılması,  özü də ciddi cəhdlə aparılması, rayonun siyasi rəhbərinin ortaya qətiyyətli mövqe qoyması əsas şərtlərdən sayıla bilər.

Noyabr ayınının 29-da Quzanlı Mədəniyyət evində keçirilən tarixi yığıncağın iştirakçısı olmamağıma təəssüf edirəm.  Yığıncaqla bağlı əldə etdiyim məlumatlar barədə  bir qədər ətraflı qeyd etmək istərdim.

Bir ziyalı olaraq məndə belə bir məqamda gec də olsa sözümü deməyi özümə borc bilirəm.

Yığıncaqda çıxış edənlər  indiki məqamda israfçılığa yol verməyin mənasız bir addım olmasını qeyd ediblər. Sözsüz ki, islamı dəyərlərin qorunması birinci növbədə israfçılığın qarşısının alınmasından başlayır.  Yığıncaqda qəbul edilən qaydaya görə, dəfn günündən sonra 3 gün ardıcıl olaraq məclis qurula bilər, hər məclisdə də yalnız pendir-çörək və çay, göyərti veriləcək. Bundan sonra 7-i mərasimi ləğv edilir. Bu addım mənim doğma rayonumda  Ağdamda atılıb.

Ağdam rayon icra Hakmiyyətinin başçısı Raqub Məmmədovun  yığıncaqda qısa və konkret çıxışı isə həm də məsələnin bir dəfəlik həll etmiş olub. Rayon rəhbəri öz sualına özü də aydınlıq gətirib.

icra başçısının dediklərindən:

“Bunu nədən qərarlaşdırdıq? şəhidimiz var idi, ehsan verilirdi. Təsəvvür edirsinizmi, qonşu mağarda şəhid ana-bacılarının naləsi ərşə dirənmişdi, bu biri mağarda isə ehsan yeyənlərin qaşığının cingiltisi ətrafa yayılırdı. Buna nə ad vermək olardı. Biz bu halı ağdamlılara yaraşdırmırıq.

Sağ olsun insanlarımız ki, bizi doğru anladılar, artıq yeni qaydalar  tətbiq edilməkdədir, hamı da bəyənib alqışlayır.

ən önəmlisi isə  bu addım  israfçılığın qarşısını alan vacib  bir məsələdir. islamın tarıxınə baxsaq görərik ki, yas üçün xərclənən pulla kimsəsizlərə yardım etmək, qəbrstanlıqlarda abadlıq işləri  görmək, yol çəkmək, bulaq tikmək daha məqsədə uyğun sayılır.

Çox şadam ki, insanlarımız bizim bu təklifimizə dəstək verdilər.”

***

inanıram ki, icra başçısının  yığıncaqda səsləndirdiyi fikirlər burada iştirak edənlərin yaddaşında silinməz izlər buraxmış oldu.

XX əsrdən başlayaraq Ağdam bir çox məsələlərdə ilklərə imza atıb. Düşünürəm ki, Raqub Məmmədovun siyasi rəhbərliyi ilə Ağdam rayonunda  milli-mənəvi dəyərləri qorumağa söykənən addımlar bundan sonra da atılacaqdır.

Vüqar Tofiqli

ŞƏRHLƏR