16 aprel tarixində Raqub Məmmədovun Ağdam rayon icra Hakimiyyətinin başçısı təyin edilməsinin dördüncü ili tamam olur. Elə bir böyük rəqəm olmasa da, hər halda kiçik rəqəmdə deyil. Son dörd il ərzində etiraf edilməlidir ki, bilavasitə ölkə başçısının dəstəyi ilə rayonun işğal altında olmayan ərazisində bir sıra ciddi layihələr icra olunub və icra olunmaqdadır.
Bu məsələyə sonda bir daha qayıdacağam. Ancaq istərdim Azərbaycan müstəqillik qazandıqdan sonra Ağdam rayonuna təyin edilən icra başçılarının fəaliyyətinə qısa şəkildə olsa da bir nəzər yetirim.
Müstəqillik qazandığımız 1991-ci il hər birimizin, xüsusiylə orta nəsil insanların yaddaşında yəqin ki, yaxşı qalıb. Respublikanın başkəndində olduğu kimi, rayon mərkəzi olan Ağdam qaynar qazana çevrilmişdi. şəhərdə və regionda hər gün bir hadisə baş verirdi. Azərbaycan hökumətinin Qarabağla bağlı idarəetmə mərkəzinin Ağdamda fəaliyyət göstərməsi, erməni separatçılarının Dağlıq Qarabağda məqsədli şəkildə atılan mənfur addımları nəticəsində Qarabağ əhalisinin rayon mərkəzinə axını, digər tərəfdən şəhərdə davam edən siyasi gərginliklər də Ağdama diqqəti artırmışdı.
1991-ci ilin avqust ayında Moskvada baş verən dövlət çevrilişinə cəhd Sov.iKP-nın fəaliyyətinə birdəfəlik son qoymuş oldu. SSRi-nın süqutu yaxınlaşdıqca respublikanın o zamankı siyasi rəhbərliyi sərbəst addım atmaqda çətinlik çəkirdi. Tələsik şəkildə 1991-ci il sentyabrın 8-də Azərbaycanda ilk prezident seçkiləri keçirildi, sentyabrın 14-də isə Azərbaycan Kommunist Partiyasının sonuncu 32-ci Qurultayında partiyanın buraxılmasıyla bağlı qərar verildi.
Beləliklə, o vaxtadək rayonlara siyasi rəhbərlik etmiş birinci katiblər faktiki olaraq havadan asılı vəziyyətdə qalmış oldular. Lakin idarəçilk olmalıydı və faktiki olaraq Xalq Deputatları Soveti və onun icraiyyə Komitəsi fəaliyyətdə idi. Belə olan halda birinci katiblər müvəqqəti olaraq Xalq Deputatları Soveti Rəyasət heyətinin sədri seçildilər. Çünki birinci katiblər keçmiş sovet dövründə nomenklaturaya uyğun, həmdə deputat seçilirdilər. Qısa şəkildə rayon soveti adlandırılan bu orqan ictimai əsaslarla fəaliyyət göstərəsi oldu. Bu proses az vaxt çəkdi. Belə ki, “Yerli icra hakimiyyətləri orqanları haqqında” əsasnamə təsdiq edildikdən sonra dərhal prezident sərəncamıyla icra başçılarının təsdiqinə başlanıldı.
Ağdamın partiya xəttiylə sonuncu birinci katibi seçilən Səyyaf Verdiyev dekabr ayının əvvəlində Ağdam rayon icra Hakimiyyətinin başçısı təyin edildi. Və üç aya yaxın fəaliyyəti dondurulmuş vəziyyətdə qalan raykomun aparatında çalışanların böyük bir qisminə icra aparatında vəzifə verildi.
əlavə edim ki, Səyyaf Verdiyev 1990-cı ilin yanvarın 5-də AXC-nın rayon təşkilatının təkidi ilə istefa verən Aydın Quliyevi əvəz etmişdi. Ondan əvvəl isə rayonda bir sıra məsul vəzifələrdə çalışmış, sonuncu iş yeri isə Ağdam XDS icraiyyə Komitəsinin sədri vəzifəsiydi. Səyyaf Verdiyev birinci katib seçildikdən sonra isə Ağdam XDS-i icraiyyə Komitəsini sədri vəzifəsinə Sosialist əməyi Qəhrəmanı Xuraman Abbasova seçilir.
Beləliklə, Səyyaf Verdiyev Ağdam rayon icra Hakimiyyətinin ilk icra başçı olub. S.Verdiyev icra başçısı olaraq üç ay işləyə bildi. 1992-ci ilin fevralın 25-də Ağdamda bank müdiri vəzifəsində işləyən Gündüz Axundov vəzifəyə təyin edilir. O da bu vəzifədə 17 iyul 1992-ci ilədək qala bilir. iyul ayından sonra Ağdam RiH başçısı vəzifəsi Nadir ismayılova tapşırılır.
1993-cü ilin “4 iyun” məlum qiyyamından sonra iyun ayının 10- da Nadir ismayılov vəzifəsini tərk edərək istefa verir. Ancaq bu hadisə rəsmi şəkildə həyata keçirilmir. Qeyri-rəsmi olaraq Ağdam Tikinti Materialları Kombinatının baş direktoru Qasım Kərimov Ağdam RiH başçısı vəzifəsini icra edəsi olur.
Belə qarışıq vaxtda Naxçıvan Ali Məclisinin sədri Heydər əliyev Azərbaycan xalqının təkidi ilə Bakıya dəvət edilir. 15 iyunda hakimiyyətə gələn Ulu öndər ölkədə sabitliyin qarantı kimi çıxış edir. 1993-cü ilin avqust ayının 20-dən isə Ağdam RiH başçısı vəzifəsinə Səyavuş Vəliməmədov təyinat alır. Qeyd edək ki, eyni sərəncamda N. ə. ismayılovun həmin vəzifədən azad edilməsi haqqında fikir də var.
Qasım Kərimovun qeyri-rəsmi şəkildə Ağdamın icra başçısı vəzifəsini icra etməsi həmin dövrdə respublikadakı siyasi qarışıqlığın nəticəsi hesab edilə bilər. Məhz Qasım Kərimovun de-fakto rəhbərliyi dövründə Ağdam rayon icra Hakimiyyəti fəaliyyətini Qərvənd kəndində “Lenin” adına kolxozun idarə binasında davam etdirmiş oldu. Yalnız Səyavuş Vəliməmmədovun rəhbərliyi dövründə icra hakimiyyəti Quzanlı kəndindəki eyniadlı kolxozun idarə heyətinin inzibati binasında fəaliyyətini davam etdirəsi oldu. Bu arada qeyd etməliyəm ki, hazırda icra hakimiyyətinin yerləşdiyi bina Sosialist əməyi Qəhrəmanı Tamaşa əliyevanın “26 Bakı Komissarı” adına kolxoza rəhbərliyi dövründə inşa edilmişdir. Yalnız ötən il binada əsaslı təmir işləri aparılmış, üçüncü mərtəbə də inşa edilmişdir.
Səyavuş Vəliməmmədovun işdən azad edilməsinin səbəblərini Ulu Öndər Heydər əliyev 21 iyun 1994-cü ildə “Respublika iqtisadiyyatının və həyatın digər sahələrinin cari məsələləri”nə həsr edilmiş müşavirədə açıqlamışdı: “...vəzifəli şəxslər özləri nümunə olmalıdırlar. Təəssüf ki, belə deyildir. Bəzi rəhbər vəzifəli şəxslər qanunları pozurlar...
Çünki indiyə qədər etmişlər. Ancaq biz bunlara yol verməyəcəyik...
Lakin çox təəccüblü və həddindən artıq narahatedici bir halı qeyd etmək istəyirəm. Bir müddət öncə biz məlumat aldıq ki, Tərtər rayonundan gəlmiş silahlı adamlar axşam və ya gecə vaxtı Bərdə rayon icra hakimiyyətinin başçısı Azay Abdiyevi zorla evindən çıxararaq Tərtərə aparmışlar, onu orada zirzəmiyə salaraq təzyiq göstərmişlər. Səhərisi gün belə məlumat alındı ki, bu işlə məşğul olan Tərtər rayon icra hakimiyyətinin başçısı Sərdar Həmidov, Ağdam rayon icra hakimiyyətinin başçısı Səyavuş Vəliməmmədov və onların ətrafında olan bir neçə hərbçi imiş. Bu, dəhşətli haldır.... Məlumat verilmişdir ki, icra başçıları Sərdar Həmidov və Səyavuş Vəliməmmədov həmin vaxt sərxoş olmuşlar və bu işi təşkil etmişlər. Biz belə hallara dözə bilmərik...”
Qeyd edək ki, Səyavuş Vəliməmmədovun işdən azad edilməsiylə bağlı sərəncam da elə həmin gün imzalanmışdı. Bundan sonra bir ilə yaxın müddətdə bu vəzifəni Ağdam RiH başçısının birinci müavini Həsən Sarıyev icra edir və yalnız 1995-ci ilin 15 avqust tarixində prezident sərəncamıyla icra başçısı təyin edilir. Yalnız 2009-cu ilin sentyabrın birində Həsən Sarıyevi uzun illər polis orqanlarında çalışmış, istefada olan polkovnik Nizami Sadıqov əvəzləyir. 2014-cü il aprel ayının 16-da isə Nizami Sadıqov vəzifəsindən azad edilir və bə vəzifəyə Raqub Məmmədov təyinat alır.
Uzun illər Ağdamla bağlı tədqiqat və araşdırma apardığımdan belə qənaətə gələ bilərəm ki, müstəqillik dövründə Ağdamın inkişafındakı dönüş nöqtəsi Nizami Sadıqovun təyinatından sonra başlayır. N.Sadıqovun rəhbərliyi dövründə Ağdam rayonunda bir sıra ciddi və yaddaqalan layihələr icra olunduğunu obyektivlik naminə deməliyəm. Mərkəzi yolun genişləndirlməsi, rayonun qazlaşdırlıması, enerji təchizatının yaxşılaşdırılması, Bayraq meydanının yaradılması, ən əsası Quzanlı kəndinə qəsəbə statusunun verilməsini və sair layihələri misal çəkmək olar.
Bu gün Ağdam RiH-ə təyinat alan yeddi icra başçısının hər birinin yerli kadrlar arasından seçilməsi işğal altında olan “Ruhlar şəhərinin” sakinlərinə göstərilən diqqət kimi də qəbul edilməlidir.
Beləliklə, yazının əvvəlinə qayıdaraq deməliyəm ki, Raqub Məmmədova, rayonun siyasi rəhbəri olaraq, bir sıra yazı, araşdırma və məqalə həsr etdiyimdən təkrarçılığa yol verməmək üçün onun bu dörd ildə fəaliyyətinin bəzi tərəflərinə qısa şəkildə toxunmaq istərdim:
Beləliklə, son dörd ilə ondan əvvəlki beş ili də əlavə etsək bu illər Ağdam rayonunun inkişafında əsaslı dönüş mərhələsi hesab edilə bilər.
Bu dövrün nə qədər davam edəcəyi isə tək icra başçısından deyil, bizim hər birimizdən asılıdır. Hər kəs öz “cəbhə”sində bacardığı işin qulpundan yapışmış olsa, onda doğma Ağdam arzusuna da tez qovuşa bilərik.
Sonda isə qeyd edim ki, heç şübhəm yoxdur ki, bu gün R.Məmmədovun əsas məqsədlərindən biri Quzanlı qəsəbəsinə şəhər statusunun verilməsinə nail olmaqdır.
Daha bir arzumu da çatdırım ki, bununla yanaşı əhalisinin sayının 30 min nəfərə çatdığı bir vaxtda Quzanlı qəsəbəsində məscidin olmadığını nəzərə alıb onun tikintisinə razılıq alınması və tikintisinə başlanılması olardı. Məscidin isə Ağdamdakı məscidin oxşarının olması hər bir ağdamlının ürəyincə olacaq və inanıram ki, bu prosesə start verilsə yerli əhaliylə yanaşı, rayondan kənarda yaşayan sakinlər də öz dəstəyini verəcəkdir.
Vüqar Tofiqli