Belediyye.infoya daxil olan məlumata görə, Ağsu şəhərindəki Heydər əliyev parkında Novruzun gəlişi el şənliyi ilə qeyd edilib.
Bayramsayağı bəzədilən bahar təravətli parkda minlərlə ağsulu Novruz şənliyinə toplaşmışdı.
Rayon rəhbərliyi Novruzun gəlişi münasibətilə ağsuluları təbrik edib, onlara xoş bayram əhval-ruhiyyəsi, əmin-amanlıq arzulayıb.
Bildirilib ki, tarix boyu heç bir qüvvə milli bayramımız olan Novruzu, adət-ənənələrimizi xalqımıza unutdurmağa, qəlbimizdən silməyə müvəffəq olmayıb. Novruzun dövlət səviyyəsində milli bayram kimi qeyd edilməsi müstəqilliyimizin xalqımıza verdiyi ən dəyərli töhfələrdəndir.
Sonra musiqi sədaları altında bayram tonqalı alovlandırılıb. Mahnı və rəqslər, Bahar qızının gəlişi, kosa və keçəlin şən zarafatları, idmançıların çıxışları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Belediyye.info
|
|
|
|
|
|
|