Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyası (AHiK) ilə Beynəlxalq Həmkarlar ittifaqları Konfederasiyası (BHiK) arasında sıx əlaqələr mövcuddur. Bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərimizi əsirgəməyəcəyik.
AZəRTAC xəbər verir ki, bu fikirlər AHiK-in sədri, Beynəlxalq Həmkarlar ittifaqları Konfederasiyasının (BHiK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyevin BHiK-in prezidenti Joao Felisio ilə görüşündə səsləndirilib.
Görüşdə S.Möhbalıyev AHiK-in yaranma tarixindən, fəaliyyətindən və beynəlxalq əlaqələrindən danışıb. Bildirilib ki, Konfederasiyanın nəzdində Azərbaycan əmək və Sosial Münasibətlər Akademiyası fəaliyyət göstərir. Burada 500-dək tələbə təhsil alır. AHiK tərəfindən, həmçinin tələbələrə də müxtəlif yardımlar göstərilir.
Qeyd olunub ki, AHiK-in nəzdində fəaliyyət göstərən müxtəlif sanatoriyalarda və istirahət mərkəzlərində əhalinin istirahətinin təşkil olunması üçün hər cür şərait yaradılır. Belə ki, işçilər 15 faiz ödəniş etməklə belə sanatoriya və müalicə mərkəzlərinin xidmətlərindən yararlanırlar. Bəzən bu 15 faiz ödəniş də işəgötürən tərəfindən ödənilir.
Səttar Möhbalıyev qeyd edib ki, Azərbaycan dövləti AHiK-in daha səmərəli fəaliyyəti üçün hər cür şərait yaradır. Hər il dövlət büdcəsindən bu məqsədlə maliyyə vəsaiti ayrılır. Bütün dünyada hökumətin həmkarlar təşkilatlarını sıxışdırdığı bir vaxtda ölkəmizdə bu hal təqdirəlayiqdir.
AHiK sədri deyib ki, hazırda Azərbaycanda yaşayan immiqrantların özlərinin həmkarlar təşkilatının yaradılması məsələsi üzərində iş gedir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Səttar Möhbalıyev bildirib ki, erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı barədə BMT Təhlükəsizlik şurasının qəbul etdiyi 4 qətnamə, eləcə də Avropa ittifaqı, Avropa şurası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar hələ də Ermənistan tərəfindən yerinə yetirilməyib. Bu münaqişə nəticəsində 1 milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından didərgin düşüb. Onlar bu yaxınlaradək vaqonlarda, çadırlarda yaşayırdılar. Lakin Azərbaycan dövləti öz vətəndaşlarını bu ağır durumdan çıxarmağı bacardı. Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyası da bu işə öz töhfəsini vermək üçün əlindən gələni edir.
Bakıda olmaqdan məmnunluğunu bildirən Joao Felisio Azərbaycanın son zamanlar daha da inkişaf etdiyini, çiçəkləndiyini vurğulayıb. O, bütün dünyada həmkarlar ittifaqlarının sıxışdırılması fonunda Azərbaycanda AHiK–in fəaliyyətinə dövlət səviyyəsində dəstəyin verilməsini mütərəqqi hal kimi dəyərləndirib.
Sonra qonaqlara xatirə hədiyyəsi təqdim edilib.