"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Aliment və ictimai qınaq

--2017-11-15 / 16:55

Azərbaycanın hüquq sistemində problemli sahələrdən biri məhkəmə qərarlarının icrası məsələsidir. Məhkəmə qərarlarının icrası ədalətin təmin edilməsi, dövlətdə hüquqi mexanizmlərin işləməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bir dövlətdə ki, şəxsin müəyyən hüququ məhkəmə aktında təsbit olunursa və həmin hüquq reallaşa bilmirsə deməli ədalət təmin olunmur, məhkəmə aktında təsbit olunan hüququn heç bir mahiyyəti qalmır. Bununla da həmin dövlətdə yaşayan insanların ədalət mühakiməsinə olan inamına sarsıdıcı zərbə vurur. Eyni zamanda vətəndaşların da öz hüquqlarını bilməməsi nəticə etibarı ilə onlarda məhkumluğun yaranmasına gətirib çıxarır.

Xüsusəndə bu hallar ailə-nikah məsələlərinin pozulması və aliment məsələsində ortaya çıxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldıqlarını, uşaqların saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını müəyyən edən saziş təqdim edə bilərlər. Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən onlar arasında saziş olmadıqda eləcədə uşaqların maraqları pozulduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyindən hansı miqdarda tutulmasını müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideyinlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir, yox əgər valideyinlər arasında razılıq yoxdursa məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini, uşaqların qardaş və bacılarına, valideyinlərindən hər birinə olan bağlılığı, valideyinlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşaqların inkişafı və tərbiyəsi ilə hansı valideyinin daha yaxşı məşğul olacağı nəzərə alınmaqla həll olunur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludular və həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən isə valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideyinlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin müvafiq maddələri nəzərə alınmaqla alimentin məbləği məhkəmə tərəfindən maddi və ailə vəziyyəti nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

Qanunvericiliyə əsasən alimentin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Ailə Məcəlləsi ilə müəyyən edilir. Eyni zamanda Ailə Məcəlləsində aliment pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olduğu və onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənilməli olduğu qeyd edilmişdir. Aliment almaq hüququ olan şəxs aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməyibsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.

Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

Təcrübədə alimentin ödənilməməsi ilə bağlı bir sıra problemlərlə rastlaşmaq olar. Baxmayaraq ki, Ailə Məcəlləsinə əsasən alimenti qəsdən ödəmədikdə valideyn valideynlik hüququndan məhrum edilə bilər. Bəzən boşandıqdan sonra uşağın saxlanılması üçün alimenti ödəyən şəxs uşaq yanında olmadığını, əvvəlki həyat yoldaşından qisas almaq hissi olduğunu əsas gətirərək alimenti qəsdən ödəməkdən yayınır, çox zaman isə gəlirlərin əsas hissəsi gizlədilir və minimum məbləğ məhkəməyə təqdim edilir. Belə olan halda uşaqla tək qalmış ana bunu sübut etməkdə çətinlik çəkir və bu səbəbdən maddi sıxıntılar çəkməyə məcbur olurlar.

Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə halları üzrə sanksiyada "min manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır" qeyd edilmişdir. Bu maddəyə əsasən nəzərdə tutulmuş cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, məhkəmələrə olan inamın, etibarın azalmasına səbəb olur və ədalət məhkəməsinin çıxardığı başqa qərarlar kağız üzərində qalmaqla yanaşı hakimlər tərəfindən qəbul olunmuş qərarlarda göstərilən alimentin ödənilməməsi nəticəsində həm mənəvi, həm də maddi zərər çəkən əsas tərəf uşaqlar olur.

"Qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər son dövrlərdə məhkəmə qərarlarının icra vəziyyətinin daha da yaxşılaşdırılmasına baxmayaraq, alimentin ödənilməsi ilə bağlı olan hər bir icra olunmamış qərar bir və ya bir neçə uşağın həyatına mənfi təsir göstərir. Uşaqların hüquqlarının pozulmasına, onların gələcəklə bağlı arzularının reallaşmamasına, mənəvi travmaların yaşanmasına səbəb olur. Qeyd edək ki, ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlini təşkil edir. Ailə cəmiyyət üçün yararlı olan insanlar yetişdirir.  Yəni ilk növbədə ailədə insan eyni zamanda vətəndaş doğulur. Ailələrin dağılması və alimenti ödəyən şəxsin alimenti ödəməkdən yayınması daha çox uşaqların tərbiyəsinə və gələcək inkişafına mənfi təsir göstərir. Boşanmalar yalnız nikahın pozulması ilə bitmir. Nəticədə bu prosesin davamı olaraq alimentin ödənilməməsi uşaqların hüquqlarının pozulmasına və nəhayət dövlət qarşısında yeni problemlər yaratmış olurlar. Ailələrdə yaranan konflikt yalnız ailə başçılarının deyil, uşaqların da maddi sıxıntılar çəkmələri ilə yanaşı psixoloji vəziyyətlərinə mənfi təsir göstərir. Dünyaya göz açan körpə əsas həyati dəyərləri, əxlaqi normaları, adət-ənənələri, davranışı cəmiyyətdə özünü apara bilmə qabiliyyətini məhz ailədə alır. Dövlətimizin daha da möhkəmlənməsi üçün sağlam uşaqların sayının artırılmasının böyük əhəmiyyəti var”. Baxmayaraq ki, Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində göstərilən alimentin ödənilməməsi, yəni qətnaməni icra etməmək cinayət məsuluiyyəti yaradır, bütün bunları uşaqların yaşaması üçün valideyinlər (aliment verən tərəf) hüquqi baxımdan savadlandırılmaqla yanaşı, bu problemi həll etməyin yollarından biridə ictimai qınaqdır. Bu mövzuda kütləvi informasiya vasitələrində verlişlər hazırlanmalı, vətəndaşlar arasında təbliğatlar aparılmalı və belə insanlar cəmiyyətimiz tərəfindən ictimai qınaq obyektinə çevrilməlidir.

 

Elşən Tağıyev

şirvan Regional ədliyyə idarəsinin müstəntiqi,

I dərəcəli ədliyyə qulluqçusu 

 

ŞƏRHLƏR