Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyətinin (GiZ) icra etdiyi “Cənubi Qafqazda Yaxşı Yerli idarəetmə Proqramı” Gəncədə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Universitetinə proqram çərçivəsində müxtəlif dövrlərdə nəşr edilmiş kitablar hədiyyə etmişdir.
27 noyabr tarixində Universitetin kitabxanasında təşkil edilmiş görüşdə 19 metodiki vəsaitin təqdimatı keçirilmişdir. Təqdimat zamanı məlumat verilmişdir ki, bu kitablar layihənin əsas tərəfdaşları olan ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Maliyyə Nazirliyi ilə birgə tərtib edilərək nəşr edilmiş və müxtəlif dövrlərdə təşkil edilmiş təlim və seminarlarda yerli idarəetmə qurumlarının təmsilçilərinə paylanılmışdır.
Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları hədiyyə edilmiş bu metodiki vəsaitləri yüksək qiymətləndirərək, universitetin kitabxanasında tələbələrin bu kitablardan bəhrələnəcəklərinə əmin olduqlarını ifadə etmişdilər.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyasına, Gəncə Texnologiya Universitetinə GiZ proqramı adından çoxsaylı kitablar hədiyyə edilmişdir. Bu ənənənin idarəetmə fakultələri olan digər ali məktəb ocaqlarında da davam etdirilməsi nəzərdə tutulur.
|
|
|
|