“Cənubi Qafqazda yerli özünüidarəetmə proqramı”nın yeni rəhbəri Aksel Müller Sumqayıt şəhər bələdiyyəsində olub. Görüşdə Sumqayıt Bələdiyyəsinin sədri professor əbülfəz Babayev Almaniyanın Lüdviqshafen şəhəri ilə Sumqayıtın çoxillik qardaşlıq əlaqələrinin uğurla davam etməsindən, sosial-iqtisadi sahələrdə qarşılıqlı təcrübə mübadilələrinin praktiki əhəmiyyətindən, bu iki sənaye şəhərinin qarşılıqlı əməkdaşlıq münasibətlərinin nümunə olacaq dərəcədə faydalı olmasından söhbət açıb. Bələdiyyə sədri son illərdə Sumqayıtın ekoloji mühitinin sağlamlaşdırılması, qorunub-saxlanması istiqamətində əldə olunmuş uğurların təbliğinin aparılmasında alman ekoloq-mütəxəssislərinin səylərini yüksək dəyərləndirib.
Eyni zamanda ə.Babayev ilk Avropa oyunları ərəfəsində Almaniya Bundestaqının Azırbaycanla bağlı qeyri-obyektiv müzakirələr aparmaqla sənəd qəbul etməsini pisləyərək, bu məsələyə birgə və obyektiv münasibət bildirilməsini təklif edib.
Almaniyalı qonaq ölkəmizdə öz fəaliyyətinə yeni başlamasına baxmayaraq, son dövrlərdə Azərbaycanda baş verən müsbət dəyişikliklərdən, 2012-ci ildə “Evrovizion” müsabiqəsinin, bu il isə “Bakı-2015” ilk Avropa Olimpiya oyunlarının yüksək səviyyədə təşkilindən, sumqayıtlı idmançıların da həmin yarışlarda əla nəticələr göstərərək, qızıl və gümüş medallar qazanmasından söz açıb. O, bütün beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın haqq səsini Almaniyanın daim dəstəklədiyini, “Cənubi Qafqazda yerli özünüidarəetmə proqramı” çərçivəsində respublikamızda 20-ə qədər sosial yönümlü layihənin həyata keçirildiyini diqqətə çatdırmış, Sumqayıt-Lüdviqshafen dostluq və partnyorluq əlaqələrinin ildən-ilə daha da inkişaf edərək, güclənməsindən, şəhərdə fəaliyyət göstərən Alman dili mərkəzinin səmərəli fəaliyyətindən, onun bir-çox məzunlarının öz təhsillərini Almaniyada uğurla davam etdirməsindən məmnunluqla danışıb.
Görüş zamanı şəhərlərimizin partnyor əlaqələrinin, xalqlarımızın dostluq münasibətlərinin gələcəkdə daha da genişləndiriləcəyi, yeni birgə layihələrin reallaşmasının Azərbaycanda, eləcə də Sumqayıtda uğurla davam etdiriləcəyi bildirilmiş, gələcək fəaliyyət proqramı ilə bağlı geniş fikir mübadiləsi və müzakirələr aparılıb.
Rəhman ORXAN
Xüsusi olaraq Belediyye.info saytı üçün