Hər bir insanın həyatında unudulmaz günlər olur. Vaxtı ilə etdiyimiz səhvlərin ağrılı nəticələrini xatırlamağa maraqlı olmasaqda, xoş günləri hərdən xatırlayaraq keçmişə qayıdır və bununla ömrümüzü uzatmış oluruq. Həmin xoş günlərimizdə baş verənləri hər dəfə səhifə-səhifə vərəqlədikcə yaddaşımızın hansısa küncündəki unutduğumuz məqamları da xatırlayır, bununla da sanki “ikinci nəfəs”imiz açılır. əslində bizləri yaşadan da məhz o xoş günlərin yaratdığı müsbət auradır. Bu aura bizə müsbət enerji verməklə, həmçinin həyat eşqimizi də artırır.
***
1970-ci ilin 18 iyun tarixi də uşaqlıq illərimin ən yadda qalan xoş günlərindəndir. Həftənin dördüncü, cümə axşamı günü idi. Günləri məktəbdə keçsə də, valideynlərim bu günə xüsusi hazırlaşırdı. Həmişə “mama” deyərək çağırdığım anam çolpalı aşı dəmə qoyub, çolpa çığırtmasının hazırlığına başlamışdı. Mən isə öz işimdə, nəyin baş verdiyini hiss etmir və ümumiyyətlə maraqlanmırdım.
Nəhayət axşama doğru rəhmətlik əmimgildə bizə dəvət edildi. Süfrə artıq hazır idi. Ard-arda şənimə xoş sözlər deyiləndə başa düşdüm ki, bu məclis mənim yeddi yaşımın tamam olmasıyla bağlıymış. Məclisdə məhz bu məqsədlə qurulubmuş. Həmin vaxt əmim nə isə hiss etsə də yanında olduğumdan üstün vurmamışdı. Beləcə, dördüncü sinifdə oxuyan zaman mamam “ad günün 18 iyun yox, 18 dekabrdadır” deyəndə, etiraf edim ki, çox pis olmuşdum. Nədənsə belə əziz bir günün qışın soyuq və şaxtalı günlərində deyil, yayın istisində, xüsusəndə iyun ayında, qeyd edilməsinin tərəfdarı idim. Və sual verəndə ki, bəs niyə dəyişib ad günüm, dil-ədəbiyyat müəllimi olan anam yerli-yataqlı məsələni elə agah etdi ki daha əlavə suala ehtiyac qalmadı.
***
Demək, keçmiş sovet dövründə uşaqlar məktəblərə yalnız yeddi yaşın tamamında qəbul olunurdu. Hətta yeddi yaşının tamamına bir gün qalsa da belə şagird qəbul edən məktəb direktorunu ciddi cəza gözləyirdi. Mənim isə yeddi yaşımın tamamına dörd ay var idi. Atamgildə 1968-ci ildən özlərinin təşəbbüsü ilə yaratdıqları və fəaliyyətinin ikinci ilində Quzanlı kənd səkkizillik məktəbinin direktoru kimi belə cəzaya tuş gəlməmək üçün, üstəlik kollektivdə o dövrün diliylə desək kiminsə “anonimka”sına mövzu verilməməsi üçün çoxgedişli addım atmışdılar. Yəni kənd sovetinin sədriylə danışıb, adıma ikinci dublikat metrika almışdılar. Və sənədlər qovluğuna da onu qoymuşdular. Həqiqətən məktəbə hansısa “anonimkaya” görə gələn yoxlama heç bir qanun pozuntusunun olmadığını deyərkən, bəzi adamlar “şoka” düşmüşdülər. Axı bu necə ola bilərdi?
Ad günümün tarixinin məqsədli şəkildə irəli çəkilməsiylə bağlı məqamların mənim bilməməyim və tərəfimdən yayılmaması üçün isə belə bir məclis qurub həm məni inandırmışdılar, həm də prosesə möhür vurmuşdular...
indisə artıq o günlərdən, nə az nə çox, düz 52 il keçib. Hər 18 dekabr günü gələndə istər-istəməz bu hadisə yadıma düşür. Özü də xoş xatirələrlə.
***
Bizim gəncliyimiz ölkəmizin ən çətin, mürəkkəb və siyasi proseslərlə zəngin bir dövrünə təsadüf etdiyindən deyərdim ki, biz ömrümüzün “gənclik mərhələ”sini yaşaya bilmədik. Beşillik yaddaqalan tələbəlik illərimin xoş xatirələrini, həvəslə başladğım pedaqoji fəaliyyətimin gündəlik yaratdığı rəngarəng səhifələrinin üstündən mənfur erməni xisləti bir qara xətt çəkdi. indi o illərə boylandıqca özümün və mən yaşda olan insanların hansı əzab-əziyyətli yollardan keçdiyinin bir daha şahidi oluram.
Bəlkə də bu bir alın yazısıymış. Bilmirəm. Amma onu bilirəm ki, həyat gözəldir. Gözəldirsə, demək yaşamağa dəyər.
***
Bu gündən isə yaşımın altmışıncı ilinə qədəm qoyuram. Bundan sonra neçə onluğun kürəyini yerə vuracağımı bilməsəmdə, özümə və xalqını sevən hər kəsə yalnız uca Allahdan sağlıqlı illər arzu etməyi ozümə borc bilirəm.
Vüqar Tofiqli
18.12.2022