ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi rayon icra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ilə M.ə. Rəsulzadə bələdiyyəsində görüş keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Görüşdə M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi rayon icra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, bələdiyyə sədrinin müavinləri, ictimai-humanitar sektorunun müdiri və ASAN könüllüləri iştirak ediblər. Öncə ASAN könüllüləri M.ə..Rəsulzadə bələdiyyəsinin fəaliyyəti ilə tanış olublar. Onlara bələdiyyənin iş fəaliyyəti, şöbələri haqqında geniş məlumat verilib.
Daha sonra ASAN könüllüləri ilə görüş keçirilib. Görüşdə çıxış edən M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bələdiyyənin fəaliyyəti, iş mexanizmi və gənclərin bu sahədə aktivliyi haqqında geniş məlumat verib.
Natiq çıxışında bildirib ki, ölkəmizdə bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından istifadənin səmərəsinin yüksəldilməsinə və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilir və Azərbaycan bələdiyyəçiliyinin özünəməxsusluğunun göstəricilərindən biri də bu sahədə ölkə əhalisinin mənafeyinə xidmət edən tədbirlərin həyata keçirilməsində davamlılığın və ənənəviliyin qorunub saxlanılması təcrübəsidir.
Daha sonra çıxış edən Binəqədi rayon icra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Bələdiyyələrdə yaradılmış ictimai-humanitar sektorlar haqqında geniş məlumat verərək bir il ərzində Binəqədi rayonunda bələdiyyələrin ictimai-humanitar sektorunun fəaliyyəti, həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb.
Sonra M.ə.Rəsulzadə bələdiyyəsinin ictimai-humanitar sektorunun müdiri Günel Vahabzadə 2016-cı ilin avqust ayından M.ə.Rəsulzadə bələdiyyəsində yaradılan ictimai-humanitar sektorun həyata keçirdiyi layihələrin təqdimatını edib.
Təqdimatdan sonra gənclərin bələdiyyə ilə bağlı təəssüratları dinlənilərək sualları cavablandırılıb.
Belediyye.info