1993-cü ildə atam Horadiz qəsəbəsindəki çaxır zavodunun mühasibi işləyirdi. işçilərin aylıq əmək haqqını götürmüşdü ki,işə gedərkən paylasın. Ancaq qəfil qaçaqaç düşdü. Hər kəs üz tutdu iran sərhəddinə tərəf. Kim əlinə nə keçdi evindən götürməyə çalışırdı. Kimi canını götürüb qaçırdı, kimi balasını, kimi yeriyə bilməyən qoca anasını. Toyuğunu açıb qapıya buraxan kim, itini zəncirdən açıb buraxan kim. Kimi də qapısını astaca örtürdü ki, qayıdacağıq. Qapımızda qoyun, inək vardı. Babamla atam mal-qaranı açıb iran səhəddinə doğru apardılar. Bizləri isə atamın dostu öz ailəsi ilə birlikdə maşınla apardı. Atam iran sərhəddinə çatanda işçilərin əmək haqqının evdə qaldığını xatırlayır. Qonşudan atı alır ki, geriyə qayıtsın, pulları götürsün. Babam mane olmağa çalışır ki, Horadiz atəş altındadır və ermənilərin qəsəbəyə girdiklərini deyirlər. Ancaq atam razılaşmır və Horadizə tərəf yola düşür. Qonşumuz islam kişi də sənədlərini unutduğunu deyir və atamla gedir. Atam evə gəlir. Pulu qoyduğu yerdən çıxarır. Təzə aldığı gödəkcənin astarını cırıb pulu ora yığır və gödəkcəni geyinir. Toyuq cücənin qabağına çoxlu dən tökür və həyətin hər yerini gəzmələri üçün hinin ağzını açıq qoyur. Qonşumuz islam kişi ilə yenidən iran sərhəddinə yollanır. Arayatlı, Mollaməhərrəmli yolunu keçərkən erməni tankının Arayatlı kəndi istiqamətində Horadizə doğru atəş aça-aça gəldiyini görür. Vaxt itirmədən həmin yolu keçib sərhəddə yönəlirlər. Biz maşınla iran tərəfə keçib bir günə imişli rayonuna gəldik . Atam babamla iki gündən sonra gəlib çıxa bildi. Üstü-başı bulaşsa da atam əynindəki gödəkcəni çıxarnamışdı. iki gecəni yatmayıb işçilərin haqqı olan pulları qorumuşdu. Sonra atam imişli bazarına getdi, tanış adamlardan kimi gördüsə imişlidə qaldığımız yerin ünvanını verdi, gəlib əmək haqlarını alsınlar deyə. Qısa vaxtda olsa da çətinlik gördük, aclıq gördük, ancaq o pullara atamın vasitəsilə əl vurulmadı. Son qəpiyinə kimi hamının pulunu verdi. Sonra müdürləri də gəlib qaldığımız yeri tapdı. Atama dedi ki, heç kim bunu gözləmirdi, heç kim bilmirdi ki, pulları gətirmisən. Qaldı desəydin hamı inanacaqdı. Atam bizi göstərdi, hər kəsin övladı var dedi. Hər kəsin bu pullarda zəhməti var dedi. Çətinliklə olsa da yaşadıq, ancaq doğru yaşamağı, haramdan uzaq olmağı öyrəndik atam sayəsində...
Tural Nəbiyev
Füzulirayon Horadiz şəhər bələdiyyəsinin sədri