MDB məkanına daxil olan ölkələrin bir qismində, habelə bir çox Avropa ölkələrində avtodayanacaqların fəaliyyətinə xüsusi diqqət yetirilir. Təhlillər göstərir ki, avtomobil dayanacaqları təşkil edilərkən, xüsusən piyadaların təhlükəsizliyi və ərazinin ekoloji vəziyyəti nəzərə alınmalıdır. Bu ölkələrdə tarif dərəcələri müxtəlif olsa da, avtodayanacaqların təşkili hər bir ölkənin Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq həyata keçirilir. Proses Ukraynada Mülki Məcəllənin müvafiq maddələri ilə tənzimlənir. Bununla yanaşı adıçəkilən ölkədə 22.01.1996 cı ildə “Avtodayanacaqlarda nəqliyyat vasitələrinin saxlanması qaydaları” da Nazirlər Kabineti tərəfindən qəbul edilib. Özbəkistan hökuməti isə “Avtonəqliyyat vasitələrinin müvəqqəti saxlanması ilə baglı pullu xidmətin göstərilməsi fəaliyyəti qaydaları haqqında” əsasnamə təsdiq edib. əlavə edək ki, Rusiyada proses hökumətin 17 noyabr 2001-ci tarixdə “Avtodayanacaq xidmətinin göstərilməsi qaydaları” ilə nizamlanır. Xatırladaq ki, bir sıra ölkələrdə şəhər meriyası tərəfindən təsdiq edilən qaydalara da rast gəlmək olar. Bu təcrübə daha çox Baltikyanı ölkələrdə tətbiq olunur. Bir qisim ölkələr (Ukrayna) var ki, orada hətta qeyd olunan xidmət sahəsinə lisenziya tətbiq edilməsi təklif olunub. Özəl və bələdiyyə mülkiyyətində olan dayanacaqlardan daxil olan ödənişlərin müəyyən bir hissəsi vergi şəklində şəhər meriyasının büdcəsinə keçirilir.
Nəzərdən qaçırmayaq ki, özəl avtodayanacaqlarının təşkili zamanı meriya və DYP-nin razılığı tələb olunur. Moskva, Riqa, Tallin, Astana və Daşkənd şəhərlərində avtodayanacaq probleminin mövcud vəziyyətini öyrənərkən diqqətimizi çəkən əsas məqam ödənişin nəğdsiz hesablamaya keçməsinə marağın göstərilməsi ilə yanaşı, həm də xidmət səviyyəsinin artırılması oldu. Hətta xidmət səviyyəsinə nəzarət məqsədilə Moskva meriyasının müvafiq strukturu yanında dayanacaq müfəttişliyi də yaradılıb. Müfəttişlik mütəmadi olaraq reydlər keçirir, sürücü və sakinlərin müraciətlərinə baxır, habelə yuxarı instansiya qarşısında məsələni həll edir. Qeyd edək ki, bu gün Moskvada 600-dən artıq avtodayanacaq fəaliyyət göstərir ki, onunda 300-ü ərazi üzrə bələdiyyələrə, qalanı isə özəl müəssisələrə məxsusdur. Tallində xidmətlə baglı maraqlı məqam xidmətin ilk 15 dəqiqəsinin pulsuz olmasıdır. Belə ki, şəhər meriyasının qəbul etdiyi əsasnaməyə görə, dayanacaqlarda saatlar quraşdırılıb ki, buna da avtomobilin dayanacaqda dayanma müddətini qeydə alır. Və qiymətdə həmin ölçüyə uyğun müəyyən edilir. Baxmayaraq ki, bu qayda özəl dayanacaqlara şamil edilmir, amma əhalinin bəzi təbəqəsinə hər iki istiqamətdə (özəl və meriya dayanacaqlarında) əlavə olaraq pulsuz xidmətlər təklif olunur. Tallin şəhər Duması tərəfindən 2006-2014-cü illər üçün paytaxtda dayanacaq infrastrukturunun inkişafını nəzərdə tutan proqramın təsdiq edilməsi söz yox ki, bu sahənin həm də gəlirli olmasından xəbər verir.
Ümumilikdə, qeyd olunan ölkələrdə dayanacaqlar 4 üzrə istiqamətə ayrılır:
1.Uzunmüddətli avtomobil dayanacaqlar -yəni, vətəndaşların yaşadığı ərazilərdə nəqliyyat vasitələrinin daimi (müddətsiz) saxlanılması;
2.Mövsümi avtodayanacalar-istirahət zonalarında (kurort-sanatoriya zonaları) vətəndaşlara məxsus nəqliyyat vasitələrinin müvəqqəti saxlanılması;
3.Gündəlik (gündüz) avtodayanacalar-vağzal, liman, idman qurğularının və ticarət mərkəzlərinin ətraflarında, habelə müəssisə və təşkilatların yerləşdiyi ərazilərdə və əhaliniun kütləvi istirahət yerlərinin yaxınlığında nəqliyyat vasitələrinin saxlanılması;
4.Gecə avtodayanacaqları - dalan və az yüklənmiş küçələrdə nəqliyyat vasitələrinin müvəqqəti saxlanması.
Vüqar Tofiqli