"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan Alyansın dəyərli tərəfdaşıdır

--2021-12-20 / 06:06
Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı prioritet vəzifə kimi qarşıya qoymuşdur. NATO ilə Azərbaycan arasında əhəmiyyətli tərəfdaşlıq da 1994-cü ildən başlayır. O vaxtdan bu günədək bu əlaqələr yüksələn xətlə inkişaf edir və genişlənir. Azərbaycan-NATO əlaqələrinin etibarlı əməkdaşlıq zəminində yaradılması ordu quruculuğu işinin bütün sahələrində özünü qabarıq şəkildə göstərməyə başlamışdır. Ümumiyyətlə, hərbçilərimiz "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində bütün tədbirlərdə fəal iştirak edir, sülhməramlı təlimlərə, konfrans və seminarlara qatılırlar. 2001-ci il dekabr ayının 20-də BMT Təhlükəsizlik şurası əfqanıstanda terrora qarşı mübarizə aparılması ilə bağlı məlum qətnaməni qəbul etdikdən sonra Azərbaycavn Respublikası da bu mübarizədən kənarda qalmadı. Azərbaycan əfqanıstandakı sülhməramlı missiyasına 2002-ci ildə başladı və cari ilin avqustun sonunda onu bitirdi. Hərbçilərimiz Türkiyə taborunun tərkibində Kabul şəhərinin mərkəzində avtomobillərdə və piyada uğurlu patrul xidməti apardılar. Azərbaycan hərbçiləri Kabul hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyəsində müstəsna rol oynayıb və əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında idi.
Sülhməramlılarımızın uğurlu xidməti beynəlxalq koalisiya qüvvələrinin komandanlığı tərəfindən də yüksək qiymətləndirilmişdir.
Dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə Avropa ittifaqının şərq Tərəfdaşlığının VI Sammiti keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyev Sammitdə iştirak etdi və bir sıra səmərəli görüşlər keçirmişdir.
Azərbaycan Respublikasının Prezidenti ilham əliyevin bu günlərdə NATO-nun Baş katibi Yens Stoltenberqin ilə görüşü də ölkəmizlə NATO arasında əlaqələrin yüksək xətlə inkişafından xəbər verir. Belə ki, görüş zamanı Baş katib bu əlaqələrin NATO tərəfindən yüksək qiymətləndirildiyini dilə gətirib, Azərbaycanın antiterror əməliyyatlarında iştirakına xüsusi önəm verib. Öz növbəsində dövlət başçımız da Azərbaycanın NATO proqramları və tədbirlərində fəal iştirakını qeyd etmişdir.
əlbəttə, bütün bunlar əldə olunmuş uğurların bir hissəsidir. Onu qeyd etmək istəyirəm ki, Azərbaycan hərbçiləri NATO əlaqələrinin səmərəli şəkildə qurulması və inkişafında yaxından iştirak edərək dövlətin və xalqın etimadını doğrultmuşlar.
Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil edir. Dövlətimizin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb. Məhz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında göstərdiyi fəaliyyətə görə ölkəmizin Qərbdə etibarlı müttəfiq imicini yaradıb.
Keçirilən görüşlərdə Prezident cənab ilham əliyev regionun gələcəyinin qurulmasında Azərbaycanın məqsədlərini geniş şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Çünki, Azərbaycan Prezidenti ölkəmizin ərazi bütövlüyünün təmin edildiyini bildirməklə yanaşı, məqsədimizin bölgədə firavan yaşayışın və əməkdaşlıq mühitinin yaradılması olduğunu diqqətə çatdırıb. Bu, həm də Prezident ilham əliyevin rəhbərliyi ilə ölkəmizdə yaranmış milli birlik və həmrəyliyin bir çalarıdır.
Bildiyimiz kimi, Vətən müharibəsindən sonra Azərbaycan ərazilərinin 30 ilədək Ermənistan tərəfindən hərbi işğalı nəticəsində ortaya çıxan bir neçə beynəlxalq hüquq öhdəliyinin pozulması faktları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edib. Bu gün Azərbaycan tərəfi həmin ərazilərdə işğal dövründə, eyni zamanda, təcavüzkar Ermənistan oranı tərk edən zaman basdırılmış minalardan ciddi əziyyət çəkir. Ermənistan hüquq normalarını kobud surətdə pozaraq Azərbaycan tərəfinə həmin ərazilərin minalardan təmizlənməsi üçün tam məlumatlar vermir və bu günə qədər 200-ə yaxın insan mina partlaması nəticəsində həlak olub və ya yaralanıb. Vətən müharibəsində məğlubiyyətə uğrayan işğalçı ölkə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanata əsasən üzərinə öhdəliklər götürdü. Sözügedən bəyanatın 9-cu maddəsində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasının zəruriliyi vurğulanır. Başqa sözlə desək, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayon¬larını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının reallaşdırılması nəzərdə tutulur. Bu yollar regional nəqliyyat əlaqələrinin inteqrasiyası dövlətlər üçün yeni imkanlar qazandıracaqdır.
Sonda qeyd etmək istəyirəm ki, hazırda Avropa ittifaqı ilə Azərbaycan arasındakı əlaqələr uğurla inkişaf edir. Bu əlaqələr bir sıra istiqamətlərdə, iqtisadi, siyasi, energetika sahəsində mövcud münasibətlər daha da inkişaf etdirilir. Azərbaycanın Avropa ittifaqı ilə çoxtərəfli əməkdaşlığa və tərəfdaşlığa böyük önəm verməsi getdikcə bu qurumla münasibətləri daha da möhkəmləndirdi. Prezident cənab ilham əliyevin Avropa ittifaqı ilə əlaqələri genişləndirmək baxımından atdığı qətiyyətli addımlar da bundan xəbər verir. Onu da qeyd edək ki, Avropa ittifaqının qəbul etdiyi bir sıra sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur. Avropa Komissiyası ilə Azərbaycan arasında qəbul olunan çox mühüm sənəd hesab olunan “Tərəfdaşlıq prioritetləri”ndə bu məsələlər öz əksini tapıb. Bütün bunlar onu göstərir ki, ölkəmiz dünya üçün bu gün çox vacibdir. Azərbaycan da sülhpərvər ölkə olaraq dünyada gedən bütün proseslərdə öz sözünü deməklə yanaşı, töhfəsini də verir.
Hümbət Hüseynov
Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiynın və M.ə.Rəsulzadə blələdiyyəsinin sədri
ŞƏRHLƏR