Təlatümlərdən yan keçmək istəyən ölkədə nə dərin yoxsulluq, nə də ifrat zənginlik olmalıdır. Mənim görmək istədiyim qanunlar həm dərin yoxsulluğu, həm də ifrat zənginliyi məhdudlaşdırmalıdır.
Platon
Müasir Azərbaycanın qurucusu, inkişafın Azərbaycan modelinin müəllifi ümummilli lider Heydər əliyev strategiyasının həyata keçirilməsi nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılmış, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli qoyulmuşdur. Azərbaycanda aparılmış və aparılmaqda olan uğurlu sosial-iqtisadi siyasət əhalinin həyat səviyyəsinin və ölkə iqtisadiyyatının yüksəlməsində öz töhfəsini verməkdədir.
Bu ilin yanvar ayında
2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının, ümumilikdə üçüncü Dövlət Proqramının başa çatmasına həsr edilmiş konfransda ölkə Prezidenti ilham əliyev nitqində bu proqramların çox uğurla başa çatdığını açıqlamışdır.
Ölkədə aparılan siyasi-iqtisadi islahatlar Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, bu, dünya birliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Təsadüfi deyildir ki, bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir.
Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Bunun əsas mənbəyi isə Azərbaycan xalqının iradəsi və xalq-iqtidar birliyidir.
Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsinin iqtisadi göstəriciləri on dörd il ərzində ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir. Belə ki, ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə artmışdır.
iqtisadi inkişafımız çoxşaxəlidir. iqtisadiyyat 14 il ərzində 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə, sənaye iqtisadiyyatı 2,6 dəfə, kənd təsərrüfatı 2,2 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artmış və ölkəmizdə orta illik iqtisadi artım 12,9 faiz təşkil etmişdir. Son 10 ildə dövlət büdcəsinin gəlirləri 16 dəfə, valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə artmışdır. Regionlara bütün mənbələr hesabına 50,7 milyard manat vəsait yönəldilmişdir.
Ötən 10 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,2 milyondan çox yeni, o cümlədən, 900 min daimi iş yeri açılmış, 55,6 min yeni müəssisə yaradılmışdır.
Azərbaycan birinci proqramın (2004–2008-ci illər) icrasına başlayanda ölkədə yoxsulluğun səviyyəsi 50 faiz idi. indi isə yoxsulluq 5,4 faiz, işsizlik isə 5 faizdir.
Müasir şəraitdə regionların sosial-iqtisadi inkişafı bütövlükdə ölkə iqtisadiyyatının stabil fəaliyyətindən, regional siyasətin demokratik cəmiyyətin tələblərinə uyğun qurulmasından, ərazinin sosial-iqtisadi vəziyyətindən və ən başlıcası, regionların sosial-iqtisadi inkişafında mövcud olan kəskin fərqlərdən asılıdır.
Bu baxımdan Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004–2008-ci illər)” əsas məqsədi qeyri-neft sektorunun davamlı inkişafı, ölkə regionlarının tarazlı inkişafının təmin edilməsi, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin və müəssisələrin yaradılması nəticəsində əhalinin məşğulluq səviyyəsinin artırılması və həyat səviyyəsinin yüksəldilməsindən ibarət olmuşdur.
“Azərbaycan Respublikasının regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsində mühüm rol oynamışdır.
Bazar iqtisadiyyatının formalaşması şəraitində regionların sosial-iqtisadi inkişaf problemlərinin həlli yalnız dövlət, yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və özəl sektorun səylərinin əlaqələndirilməsinin nəticəsindən və habelə bələdiyyə qurumlarının dayanıqlı sosial-iqtisadi vəziyyətindən asılıdır.
Bələdiyyələr regionun, ərazinin təbii və sosial-iqtisadi potensialından, əmək ehtiyatlarından, yerüstü və yeraltı sərvətlərindən, su və torpaq ehtiyatlarından səmərəli istifadə etməklə müvafiq ərazinin inkişafını və əhalinin rifahını yüksəltmə imkanlarına malikdirlər. Eyni zamanda, yerli əhalinin idarəetmədə iştirakını təmin etməklə onlarda demokratiya şüurunun aşılanmasına da təkan verirlər.
Son zamanlar ölkədə aparılan sosial-iqtisadi islahatlar çərçivəsində həyata keçirilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı” iqtisadiyyatın get-gedə əks-mərkəzləşdiyi və inkişafın yerli səviyyəyə yönəldildiyini büruzə verir. Bu baxımdan bələdiyyələrin mövcud olduğu ərazinin iqtisadi potensialının formalaşmasında iştirakı zəruridir. Xüsusilə sahibkarlığın inkişafına aid dövlət proqramları çərçivəsində bələdiyyələr öz ərazilərində kiçik sahibkarlıq üçün münbit şərait yaratmaqla öz təsərrüfat subyektlərini təşkil edərək şəxsi fəaliyyəti ilə region iqtisadiyyatının dinamik inkişafına təkan verə bilərlər.
Bələdiyyələrin səmərəli fəaliyyəti ölkədə baş verən demoqrafik proseslərə də öz təsirini göstərə bilər. Belə ki, səmərəli fəaliyyət göstərən kənd və rayon bələdiyyələri ərazilərində yaşayan əhali üçün məşğulluq sahələri, iş imkanları yaratmaqla onların axınının qarşısını ala bilərlər.
Azərbaycan iqtisadiyyatının inkişafının indiki mərhələsində bələdiyyələrin hüquqi, təşkilati və iqtisadi əsaslarının formalaşmasına baxmayaraq, regionların sosial-iqtisadi inkişafında onların rolu mühüm əhəmiyyət kəsb etmir. Bunun əsas səbəblərindən biri regionların sosial-iqtisadi inkişafında bələdiyyələrin təsiri və onların iştirakının konkret formaları, üsulları, mexanizmləri və xüsusən maliyyə mənbələri mücərrəd formadadır.
Eyni zamanda, bu sahədə bir sıra institusional və iqtisadi problemlər mövcuddur. Bütövlükdə, institusional amillərə bələdiyyələrin bir institut kimi formalaşmasına və fəaliyyətinə mane olan dövlətçiliyin kifayət qədər mərkəzləşdirilməsi və bələdiyyələrin səlahiyyətlərinin tam və müstəsna olmaması, onların iqtisadi problemlərinin həlli üçün real ehtiyaclarına uyğun gəlir mənbələrinin azlığı, yerli vergitutmanın və büdcələrarası münasibətlərin tənzimlənməsi sahəsində təkmil mexanizmlərinin olmaması və sair amillər daxildir.
Ümumiyyətlə, qüvvədə olan qanunvericilik – Vergi Məcəlləsi, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “əmlakın bələdiyyələrə verilməsi haqqında” və başqa normativ-hüquqi sənədlərə əsasən bələdiyyələr üçün kifayət qədər gəlir bazası formalaşdırılmalıdır. Bələdiyyə vergisinin formalaşması əsasən 4 sahədən: mədən vergisi, yəni qum, çınqıl, əhəngdaşından, əsas gəlir gətirən mişar daşı yoxdur, fiziki şəxslərin mülkiyyətində olan əmlak vergisi (istifadəsində olan əmlakı yoxdur), fiziki şəxslərin torpaq vergisi və 9 qeyri-vergi mənbələri müəyyənləşdirilib. Qüvvədə olan qanunvericiliyə görə, bələdiyyələr onların ərazisində əhaliyə kurort, sanatoriya, mehmanxana və turizm xidməti göstərən obyektlərə hər sutka üçün bir nəfər şərti maliyyə vahidinin bir mislindən (1,1 manat) çox olmamaqla ödəniş tətbiq etməlidir.
Bələdiyyələrin fəaliyyətini təmin etmək üçün nəzərdə tutulan mühüm gəlir mənbələrindən biri də dövlət büdcəsindən ayırmalardır. “Büdcə sistemi haqqında” Qanuna əsasən, dövlət büdcəsindən yerli büdcəyə büdcə kəsirini örtmək üçün transfertlər – dotasiyalar, məqsədli maliyyələşdirmə üçün subsidiya və subvensiya verilə bilər. Bunlardan əlavə, bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən gəlirlər, lotereyalardan daxil olan vəsait, fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları, yerli vergilər və ödənişlərə görə qanunvericilikdə müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalar aiddir. Lakin reallıqda bu göstəricilər bələdiyyələrin büdcə gəlirlərinin formalaşmasında tam öz əksini tapmır, illik büdcə gəlirlərinin yalnız 3-8 faizini göstərilən vergi ödəyicilərindən daxil olan gəlir təşkil edir.
ictimai və fərdi rifah bir-birilə qarşılıqlı əlaqə şəraitində inkişaf edir. ictimai rifahın artımı fərdi rifah meyarlarının yüksəlməsinə gətirməklə, bu meyarlara uyğun həyat tərzinin təmin edilməsi üçün müvafiq gəlirlərin əldə edilməsi zərurətini yaradır. Bu baxımdan, gəlirlərin bərabərsizliyi probleminin nəzəri əsaslarının təhlili və ümumiləşdirilməsi bələdiyyələrin sosial-iqtisadi inkişafının təmin edilməsinə yönəldilən tədbirlərin hazırlanması, sosial proqramların, büdcə gəlir və xərclərinin planlaşdırılması vergi siyasətindən asılıdır.
Bələdiyyə maliyyəsinin əsasını bələdiyyə büdcəsi təşkil edir. Bələdiyyə büdcəsinin formalaşması isə vergi mənbələrindən və vergi ödəyicilərindən asılıdır. Vergi ödəyicisi vergi sisteminin formalaşmasında onun kəmiyyət və keyfiyyət göstəricilərinin əsasının ilkin şərti məhz vergi ödəyicisinin müəyyən olunmasıdır. Eyni zamanda, büdcə gəlirlərinin formalaşmasında vergitutmanın ədalət prinsipi də nəzərə alınmalıdır.
Bələdiyyə büdcəsinin bilavasitə yerli gəlirlər hesabına formalaşması üçün qanunvericiliklə bələdiyyələrə həvalə olunmuş vergi və qeyri-vergi mənbələri üzrə potensial gəlirlərin maksimum dərəcədə bələdiyyə büdcəsinə cəlb olunması təmin edilməlidir.
Mövcud qanunlara əsasən, bələdiyyələrin vəzifə və səlahiyyətlərinə – ərazidə əhalinin sosial-iqtisadi və ekoloji problemlərinin həlli, dövlətin sosial-iqtisadi proqramlarında nəzərdə tutulmayan yerli əhəmiyyətli məsələlərin həlli, əhaliyə mədəni-məişət xidməti göstərmək, onlara təhsil, səhiyyə, rabitə, tikinti, yolların təmiri və abadlaşdırılması, su, elektrik, kommunikasiya işlərinin nizama salınması və sosial inkişaf proqramlarını həyata keçirərkən pensiya və müavinətlərin verilməsində iştirakı və başqa məsələlərin həlli aiddir.
(ardı var)
ibrahimxəlil ibrahimov,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının dosenti