Bir çox dövlətlərdə yerli məsələlərin həlli ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə formalaşan yerli özünü idarəetmə orqanları tərəfindən həyata keçirilir. Yerli özünüidarəetmə müvafiq inzibati ərazi vahidində yaşayan əhalini bilavasitə təmsil edən xüsusi seçkili orqanlar tərəfindən yerli əhəmiyyətli məsələlərin idarə olunmasıdır.
“Yerli özünüidarə haqqında” Avropa Xartiyasına görə yerli özünüidarə dedikdə, yerli özünüidarə orqanlarının dövlət işlərinin xeyli hissəsini reqlamentləşdirmək və qanun çərçivəsində fəaliyyət göstərərək, məsuliyyəti öz üzərinə götürməklə onu yerli əhalinin maraqlarına uyğun idarə etmək hüququ və real qabiliyyəti başa düşülür.
Ulu öndər Heydər əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra həyata keçirilən demokratik islahatların davamı olaraq Azərbaycan Respublikasında yerli özünü- idarəetmə institutu- bələdiyyələr yaradıldı və 1999-cu ilin dekabr ayında bələdiyyələrə ilk seçkilər keçirildi. Qısa müddət ərzində bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik bazası yaradılaraq bələdiyyələrə geniş səlahiyyətlər verildi.
Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinə müvafiq olaraq Azərbaycanda yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə uyğun olaraq, bələdiyyə- qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyə orqanları dedikdə isə, bələdiyyə tərəfindən yaradılan, yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyəti verilən və dövlət orqanları sisteminə daxil olmayan orqanlar başa düşülür.
Bələdiyyələr bir qayda olaraq bələdiyyə iclasından, daimi və başqa komissiyalardan və icra orqanından ibarətdir. Bələdiyyənin hər bir orqanının fəaliyyət qaydası “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Bələdiyyələr nümayəndəli orqan kimi seçkilər əsasında yaradılır. Bələdiyyələrə seçkilərin keçirilməsi qaydası 2003-cü il 27 may tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilir. Seçki Məcəlləsinin VII bölməsi (210-246-cı maddələr) bələdiyyə seçkilərinə həsr olunmuşdur.
Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələri ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə seçirlər.
Seçkilər günü 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının bələdiyyələrə üzv seçmək hüququ-aktiv seçki hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və Seçki Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, aktiv seçki hüququna malik olan hər bir vətəndaşın konstitusiya ilə müəyyən edilmiş bələdiyyə üzvlüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə bələdiyyə üzvü seçilmək hüququ- passiv seçki hüququ vardır.
Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslərin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslərin, ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşlarının (ikili vətəndaşlığı qalanadək), xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşlarının (həmin öhdəliklərə xitam verilənədək) bələdiyyə üzvü seçilmək hüququ-passiv seçki hüququ yoxdur.
Hərbi qulluqçular (hərbi qulluqda olduqları müddətdə), hakimlər (hakim olduqları müddətdə), dövlət qulluqçuları (dövlət qulluğundqa olduqları müddətdə), din xadimləri (peşəkar din fəliyyəti ilə məşğul olduğları müddətdə) bələdiyyə üzvü ola bilməzlər.
irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır.
Bələdiyyə üzvlərini seçicilər bilavasitə seçirlər. Seçicilər şəxsən və gizli səs verirlər. Seçkilərdə seçicilərin öz iradəsini ifadə etməsi üzərində nəzarətə yol verilmir.
Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.
Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər. Seçki əraziləri üzrə aşağıdakı sayda bələdiyyə üzvləri seçilirlər:
1) əhalisi 500-dən az olan ərazilərdə- 5 bələdiyyə üzvü;
2) əhalisi 500-dən 999-dək olan ərazilərdə-7 bələdiyyə üzvü;
3) əhalisi 1000-dən 4.999-dək olan ərazilərdə-9 bələdiyyə üzvü;
4) əhalisi 5000-dən 9.999-dək olan ərazilərdə-11 bələdiyyə üzvü;
5) əhalisi 10.000-dən 19.999-dək olan ərazilərdə-13 bələdiyyə üzvü;
6) əhalisi 20.000-dən 49.999-dək olan ərazilərdə-15 bələdiyyə üzvü;
7) əhalisi 50.000-dən 99.999-dək olan ərazilərdə-17 bələdiyyə üzvü;
8) əhalisi 100.000-dən 299.999-dək olan ərazilərdə-19 bələdiyyə üzvü.
Müvafiq seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş:
əhalisi 99.999-dan çox olan ərazidə - 150;
əhalisi 49.999-dan çox olan ərazidə - 100;
əhalisi 19.999-dan çox olan ərazidə - 75;
əhalisi 9.999-dan çox olan ərazidə - 50;
əhalisi 4.999-dan çox olan ərazidə - 30;
əhalisi 4.999-dan az olan ərazidə - 15 seçici imzası toplamalıdır.
Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədin 3-ə qədər vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Göstərilən şəxslər dairə seçki komissiyası tərəfindən qeydə alınır.
Yuxarıda qeyd edilənlər bir daha öz fəaliyyətində bələdiyyələrin müstəqilliyinə təminat verir. Dövlət hakimiyyəti sisteminə daxil olmayan və həmin orqanlardan ayrıca mövcud olan bu orqanlar yerlərdə demokratiyanın real daşıyıcısı, xalq hakimiyyətinin ən perspektivli və səmərəli formasıdır.
Çingiz Cavadov
Lənkəran Regional ədliyyə idarəsinin
baş məsləhətçisi, kiçik ədliyyə müşaviri