Mehdi Səlimzadə
ədliyyə Nazirliyi, Bələdiyyələrlə iş mərkəzinin rəisi
XX əsrin ikinci yarısından başlayaraq dünyada baş verən qloballaşma prosesi və informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı dövlətin roluna yenidən baxılmasına və yerli hakimiyyətlərin gücləndirilməsinə gətirib çıxarmışdır. Eyni zamanda, qloballaşma şəraitində iqtisadi rəqabət milli sərhədləri aşmış və sosial-siyasi məsələlərin həlli öz təbiəti etibarı ilə transmilli məsələyə çevrilmişdir. Belə fenomen dövlət hakimiyyətinin mövcud qaydalarında və siyasətdə əsaslı dəyişikliklərin olmasını tələb edir ki, bu da yerli özünüidarəetmənin rolunun güclənməsinə gətirib çıxarır. Hər bir halda, əksmərkəzləşdirmə prosesinin həyata keçirilməsinin praktik yolları müəyyən dərəcədə konkret ölkənin xüsusiyyətlərindən, zamandan və şəraitdən asılı olur.
Təməli ümummilli liderimiz Heydər əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasında dövlətin, cəmiyyətin demokratikləşməsi, yerli özünüidarəetmə sisteminin formalaşdırılması yolu ilə hakimiyyətin xalqa yaxınlaşdırılması, regionlarının sosial-iqtisadi inkişafının təmin olunması istiqamətində həyata keçirilən əksmərkəzləşdirmə siyasəti bu gün də möhtərəm Prezidentimiz cənab ilham əliyevin rəhbərliyi altında uğurla davam etməkdədir.
Azərbaycanda bu sahədə xeyli irəliləyişin olmasına baxmayaraq, hələ də əksmərkəzləşdirmənin lazımi səviyyəsini təmin etmək üçün kifayət qədər istifadə olunmamış imkanlar mövcuddur ki, bunlara da aşağıdakıları aid etmək olar:
- hüquqi sistemin daha da inkişaf etdirilməsi və yerli özünüidarəetmə sahəsində Avropa Xartiyasının müddəalarına tam əməl edilməsinə nail olnmaq;
- yerli özünüidarəetmə orqanlarına lazımi funksional səlahiyyətlərin verilməsi məsələsinin həll olunması;
- bələdiyyələrin sayının çox olması nəzərə alınaraq birləşmə prosesinin davam etdirilməsi;
- maliyyə resurslarının yerli büdcə problemini həll edə biləcək səviyyəyə qədər artırılması;
- büdcə əksmərkəzləşdirilməsi proseslərinin gücləndirilməsi, müxtəlif səviyyə büdcələri arasında transfertlərin şəffaflığının artırılması və s.
Bütün bunlar, o cümlədən, iqtisadiyyatın qloballaşması, dövlət idarəetmə sistemlərinin demokratikləşdirilməsi prosesləri respublikamızda əksmərkəzləşdirmə siyasətini bu proseslərin tələblərinə uyğunlaşdırmaqla təkmilləşdirilməsini tələb edir. Dünya təcrübəsindən məlumdur ki, əksmərkəzləşdirmə siyasətinin həyata keçirilməsi üçün aşağıdakı şərtlər tələb olunur:
• əksmərkəzləşdirmə dəqiq və daxili ziddiyyətlərdən azad hüquqi sistem çərçivəsində həyata keçirilməlidir;
• hakimiyyətin bütün səviyyələri üçün aydın olan islahat konsepsiyası işlənib hazırlanmalıdır;
• islahatlarda əsasən ətraflı işlənilmiş səlahiyyət bölgüsü sistemi formalaşmalıdır;
• səlahiyyətlərin ötürülməsi məcburi addım yox, idarəetmənin səmərəliliyinə nail olmağa yönəldilmiş könüllü və şüurlu hərəkət olmalıdır;
• səlahiyyətləri genişləndirilən orqan cavabdehliyin də artdığını dərk etməli və qəbul etməlidir;
• bütün hakimiyyət səviyyələri hazırlıqlı və peşəkar kadr ehtiyatlarına malik olmalıdır;
• hakimiyyət subyektləri arasında münaqişələri həll etmək mədəniyyəti və siyasi elitaların konsolidə olunmasının müəyyən dərəcəsi mövcud olmalıdır.
Qeyd edək ki, Azərbaycanda yerli özünüidarəetmə sisteminin formalaşdırılmasına başlanılan dövrdə bu şərtlərin icrasında ləngimələr mövcud idi.
Azərbaycan Respublikasında yerli özünüidarəetmə orqanlarının qarşısına çıxan və yerli özünüidarəetmə institutunun inkişafında müəyyən problemlər mövcuddur. Ona görə də ölkədə yerli özünüidarəetmənin inkişafını təmin etmək üçün strateji məqsədlər müəyyənləşdirilməli, yerli özünüidarəetmənin gələcək inkişafının başlıca məqsədləri insan potensialının artırılmasına və hər bir bələdiyyə qurumunda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilməlidir. Hesab edirik ki, dünyada mövcud olan müxtəlif əksmərkəzləşdirmə modellərini, həmçinin yerli reallıqları və dövlət idarəetmə ənənələrini nəzərə almaqla Azərbaycanın özünəməxsus əksmərkəzləşdirmə strategiyası işlənib hazırlanmalıdır. Belə ki, respublikamızda hakimiyyətin müxtəlif səviyyələrinin qarşılıqlı fəaliyyəti dəqiq məqsədlərə və vəzifələrə malik ümumdövlət strategiyasına əsaslanmalıdır. Belə aydın və rasional münasibətlərin olmaması ölkənin inkişafının uzunmüddətli məqsədlərinin reallaşdırılmasına mənfi təsir göstərə bilər, müxtəlif mənfi nəticələrin meydana gəlməsinə səbəb ola bilər. Strategiyanın məqsədi - dövlət idarə etməsinin əksmərkəzləşdirilməsinin əsas istiqamətlərini, yollarını və üsullarını müəyyənləşdirmək və səmərəli yerli özünüidarəetmə sistemini inkişaf etdirməkdən ibarət olmalıdır ki, bu da Azərbaycanda hüquqi demokratik dövlət quruculuğunun zəruri şərtlərindən biridir.
Yerli və xarici təcrübəni nəzərə almaqla işlənib hazırlanacaq strategiyanın məqsəd və vəzifələrinin reallaşdırılması səlahiyyətlərin dövlət idarəetmə və yerli özünüidarəetmə orqanları arasında rasional bölüşdürülməsi, hakimiyyətin müxtəlif səviyyələri arasında səmərəli qarşılıqlı fəaliyyətin və əməkdaşlığın təşkil olunması, qərar qəbulu proseslərinin bilavasitə vətəndaşlara maksimum yaxınlaşdırılması əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmağa və bütövlükdə dövlətin və cəmiyyətin idarə olunmasındakı mövcud problemləri sistemli şəkildə həll etməyə imkan verəcəkdir.
Bu strategiyanın məqsəd və vəzifələrinin reallaşdırılması dövlət idarəetmə sistemində yerli özünüidarəetmənin dayanıqlı mövqelərinin təmin olunmasına, yerli özünüidarəetməyə Konstitusiya zəmanətlərini təmin edəcək şəraitin yaradılmasına və yerli özünüidarəetmə sisteminin real müstəqilliyinə gətirib çıxarmalıdır ki, bunun üçün aşağıdakı məsələlərin səmərəli həlli tələb olunur:
a) yerli özünüidarəetməyə münasibətin dəyişdirilməsi və onun dövlət quruculuğunun əsası kimi etiraf olunması;
b) yerli özünüidarəetmə orqanlarının və dövlət hakimiyyət orqanlarının səmərəli qarşılıqlı fəaliyyət sisteminin yaradılması.
Birinci məsələnin həllinin əsas istiqamətləri aşağıdakılarla əlaqədardır:
- yerli özünüidarəetmə ideyasının, prinsiplərinin və vəzifələrinin populyarlaşdırılmasına, vətəndaşların hüququ marifləndirilməsinə imkanların müəyyənləşdirilməsi;
- bələdiyyələrin yerli əhəmiyyətli məsələləri öz gücünə və vəsaitləri hesabına həllini təmin etməyə imkan verən optimal strukturun seçilməsi;
- dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və onların vəzifəli şəxslərinin yerli özünüidarəetməyə zəmanətlərinin təmin olunmasında məsuliyyətin artırılması;
ikinci məsələ – dövlət hakimiyyət orqanlarının və yerli özünüidarəetmə orqanlarının səmərəli qarşılıqlı fəaliyyət sisteminin yaradılması məsələsi aşağıdakıların vasitəsilə daha səmərəli həll oluna bilər:
- yerli özünüidarəetmənin öz səlahiyyətlərinin formalaşdırılması;
- dövlət hakimiyyət orqanlarının strukturunun təkmilləşdirilməsi və yerli özünüidarəetməyə səmərəli yardım sisteminin yaradılması;
- dövlət və bələdiyyə idarəetməsinin peşəkarlaşdırılması, bələdiyyələrə hüquq, idarəetmə, iqtisadiyyat sahələrində yeni idarəçilik və təsərrüfatçılıq şəraitini nəzərə almaqla hazırlanmış mütəxəssislərin cəlb olunması;
- yerli özünüidarəetmənin real inkişafını təmin edəcək sabit maliyyə-iqtisadi əsaslarının formalaşdırılması və möhkəmləndirilməsi;
- bələdiyyə qurumlarının ərazilərinin optimallaşdırılması, yerli özünüidarəetmənin modellərinin və strukturunun təkmilləşdirilməsi;
- dövlət hakimiyyət orqanları ilə yerli özünüidarəetmə orqanları arasında səlahiyyət hədlərinin müəyyənləşdirilməsi;
- bəzi dövlət səlahiyyətlərinin bələdiyyələrə həvalə olunması;
- dövlət səlahiyyətlərinin reallaşdırılmasına zəmanətlərin təmin olunması;
- ərazilərin iqtisadi və sosial inkişafı sahəsində bərabər başlanğıc şəraitin və bələdiyyə iqtisadiyyatını stimullaşdırmaq üçün bərabər imkanların yaradılması;
- bələdiyyə qurumlarının iqtisadi potensialının artırılması;
- əhalinin həyat səviyyəsinin və gəlirlərinin real artımının təmin edilməsi.
Məlum olduğu kimi, respublikamızda həyata keçirilən əksmərkəzləşdirmə siyasətinin əsas vəzifələri hakimiyyətin müxtəlif səviyyələri arasında funksiyaların, cavabdehliyin və fəaliyyət sferası sərhədlərinin müəyyənləşdirilməsindən, yerli dövlət idarəetməsinin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasından, demokratik dövlətin əsaslarından biri kimi yerli özünüidarəetmənin geniş tətbiq edilməsindən ibarətdir. Bu vəzifələri yerinə yetirmək üçün məqsədyönlü şəkildə aşağıdakı kimi konkret tədbirlərin həyata keçirilməsi tələb olunur:
- əksmərkəzləşdirmə planını işləyib hazırlamaq və onun icrasına nəzarəti həyata keçirmək, o cümlədən dövlət funksiyalarının əksmərkəzləşdirilməsi məsələləri üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini həyata keçirmək səlahiyyətlərinə malik olan orqanın müəyyənləşdirilməsi;
- əksmərkəzləşdirmənin mərhələlərini, funksiya və səlahiyyətlərin ötürülməsi prosesinin istiqamətlərini, dövlət idarə etməsinin hər bir səviyyəsinin rolu və vəzifələrini, onların qarşılıqlı fəaliyyət sistemini, həmçinin yerli özünüidarəetmə orqanlarına və qeyri-hökumət təşkilatlarına ötürülməli olan funksiyaları müəyyənləşdirəcək milli fəaliyyət planının işlənib hazırlanması;
- idarəetmənin hər bir səviyyəsində funksiyaların yerinə yeitirilməsində irəli sürülən tələblərin ətraflı şəkildə işlənib hazırlanması.
Bu gün əksmərkəzləşdirmə siyasətinin istiqamətlərinin və mərhələlərinin müəyyənləşdirilməsində, onun məqsədlərinin reallaşdırılması üçün praktiki mexanizmlərin və alətlərin işlənib hazırlanmasında dövlətlə yanaşı cəmiyyət də iştirak etməlidir. Yerli özünüidarəetmə orqanlarının, qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin digər institutlarının rolunun artırılması əhalinin qərarların qəbulunda daha geniş iştirakına şərait yaradar, aparılan siyasətin şəffaflığını gücləndirərdi. Belə bir siyasətin reallaşdırılması nəticəsində ölkədə aşağıdakıları təmin edəcək idarəetmə sistemi formalaşdıra bilər:
- sosial sferada - insanın potensial imkanlarının açılmasına, cəmiyyətdə sosial gərginliyin aradan qaldırılmasına, qabaqlayıcı sosial inkişafa imkan yaratmaq;
- iqtisadi sahədə - bələdiyyə təsərrüfatı da daxil olmaqla özünü inkişaf etdirən təsərrüfat komplekslərinin ierarxik sistemini yaratmaq, yerli və strateji resurslardan optimal şəkildə istifadə etmək;
- siyasi sahədə - ölkədə inkişafın stimullaşdırılmasına, dövlətin ərazi bütövlüyünün təmin olunmasına, onun dayanıqlı inkişafına, ölkənin geosiyasi potensialının genişlənməsinə əsaslanan, keyfiyyətcə yeni "mərkəzləşdirmə" mexanizmlərini işləyib hazırlamaq.
əksmərkəzləşdirmə siyasətinin uğur qazanması üçün mərkəzi dövlət orqanlarının siyasi iradəsi və aktiv qanunvericilik fəaliyyəti tələb olunur. Bu baxımdan, yerli dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının hüquq və səlahiyyətlərinin qanunvericilik yolu ilə müəyyənləşdirilməsi ən vacib məsələdir.
Bu gün bütün dünyada etiraf olunur ki, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi dövlət idarəetmə funksiyalarının əksmərkəzləşdirilməsi ilə sıx bağlıdır. Buna görə də bələdiyyələrin müstəsna funksiyaları qanunvericiliklə müəyyənləşdirilməli və funksiyaların yerinə yetirilməsi üçün dövlət onları tələb olunan büdcə vəsaitləri və mülkiyyətlə təmin etməlidir.
Funksiyaların ötürülməsi konsepsiyasının Azərbaycanın idarəetmə sisteminin inkişafı üçün fundamental əhəmiyyətə malik olması baxımından, bu məsələyə xüsusi diqqət yetirilməli, həmçinin Azərbaycanın gələcək kompeks inkişafı üçün xüsusi əhəmiyyətini nəzərə alaraq onun hazırlanmasına fərqli yanaşılmalıdır. Fikrimizcə, bunun üçün xüsusi komissiya yaradılmalı, bu komissiyanın işinə elmi əməkdaşlar cəlb olunmalı və onların fəaliyyətinə yerli özünüidarəetmə və dövlət idarə etməsi sistemi ilə yaxşı tanış olan mütəxəssislərdən ibarət xüsusi işçi qrup rəhbərlik etməlidir.
Funksiya və səlahiyyətlərin ötürülməsi daha çox strateji xarakter daşımalı və onun reallaşdırılması zamanı yaranan şəraitdən istifadə etməyə imkan verməlidir. Bu plan mərkəzlə regionlar arasındakı münasibətlərin dinamikasını nəzərə almaqla işlənib hazırlanmalıdır. idarəetmə orqanlarının funksiyaları dəqiq müəyyənləşdirilməli və beynəlxalq təcrübəni, respublikadakı mövcud şəraiti nəzərə almaqla qanunvericilik aktları vasitəsilə təsbit olunmalıdır. Bunun üçün, hakimiyyətin bütün səviyyələrində nümayəndələrinin iştirakı ilə funksional təhlillərin aparılması tələb olunur. Dövlət idarəetmə və yerli özünüidarəetmə orqanları arasında funksiya və səlahiyyətlər aşağıdakı prinsiplər əsasında bölüşdürülməlidir: subsidiarlıq; funksiya və səlahiyyətlərin yerinə yetirilməsi zamanı xidmətlərin keyfiyyəti baxımından səmərəliliyin və məqsədəuyğunluğun təmin edilməsi; ümummilli və yerli maraqların üzvi şəkildə əlaqələndirilməsinin təmin edilməsi; şəffaflıq və kollegiallıq.
Azərbaycanda həyata keçirilən əksmərkəzləşdirmə siyasəti bələdiyyələrdə hesabatlılığın, cavabdehliyin gücləndirilməsi idarəetmənin səmərəliliyinin artırılması və maliyyə müstəqilliyinin təmin edilməsinə şərait yaratmalıdır. Bu baxımdan əksmərkəzləşdirmə siyasəti yerli özünüidarəetmənin inkişafının maliyyə-iqtisadi, təşkilati və hüquqi aspektləri ilə bağlı bir sıra məsələləri əhatə etməlidir.
Məlum olduğu kimi, bələdiyyələrdə əhaliyə lazım olan həcmdə ictimai xidmətlərin göstərilməsini təmin edə biləcək bələdiyyələrdə zəruri maliyyə-iqtisadi bazasının olmaması yerli özünüidarəetmə orqanlarının ən kəskin problemlərindən biridir. Bu sahədə əsas çatışmazlıqlar aşağıdakılardan ibarətdir:
- bütün səviyyədə büdcələrin formalaşdırılması sisteminin qeyri-şəffaflığı;
- həvalə olunmuş səlahiyyətlərlə onların yerinə yetirilməsinə ayrılmış maliyyə vəsaitlərinin uyğunsuzluğu;
- yerli büdcələrin formalaşdırılmasında xərc prinsiplərindən istifadə olunması. Bu, büdcə prosesinin bütün iştirakçılarını büdcə vəsaitlərinə qənaət etməkdənsə, bu vəsaitləri daha çox xərcləməkdə maraqlı edir.
Ona görə də yerli özünüidarəetmə əksmərkəzləşdirmə siyasətinin maliyyə-iqtisadi aspektləri aşağıdakıları əhatə etməlidir:
- bələdiyyələrin kifayət qədər maliyyə-iqtisadi və resurs bazasının, bələdiyyə mülkiyyətinin formalaşdırılması sahəsində tədbirlərin reallaşdırılmasını nəzərdə tutan maliyyə-iqtisadi əsasların yaradılması;
- yerli büdcələr, büdcədənkənar fondlar, yerli vergi və ödənişlər, kommunal ödəmələr, bələdiyyə müəssisələrinin maliyyəsi kimi yerli maliyyə institutlarına əsaslanan yerli maliyyələrin formalaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi;
- müstəqil yerli büdcələrin formalaşdırılması və onlara uyğun maliyyə mənbələrinin verilməsi;
- bütün yerli özünüidarəetmə orqanlarına minimal dövlət sosial standartları səviyyəsində ictimai xidmətlərin göstərilməsi üçün imkanların yaradılması. Minimal dövlət sosial standartları ölkənin bütün ərazisində əhalinin hər nəfərinə dövlət xidmətlərinin zəmanət verilən səviyyəsini əks etdirir ki, bu xidmətlər də hakimyyət orqanları tərəfindən və dövlət büdcəsi hesabına göstərilməlidir. Bu göstərici minimal yerli büdcələrin hesablanmasında istifadə olunur. Bu göstəricidən xarici ölkələrin büdcə planlaşdırılması təcrübəsində geniş istifadə olunur. Lakin Respublikamızda minimal dövlət sosial standartlarının müəyyənləşdirilməsi haqqında qanun hələlik qəbul olunmadığı üçün bu göstəricidən geniş istifadə olunmur. Ona görə də yaxın müddətdə həmin standartlar sistemi yaradılmalı və bütün ölkə ərazisində dövlət və ictimai xidmətlərin göstərilməsinin həcmi və keyfiyyətinin tədricən bərabərləşdirilməsi üçün tədbirlər həyata keçirilməlidir;
- yerli özünüidarəetməyə dövlətin maliyyə yardımı mexanizmlərinin yaradılması.
əksmərkəzləşdirmə siyasətinin hüquqi aspektlərinə gəldikdə deyə bilərik ki, hüquqi normaların dəqiq və mükəmməl olmaması yerli özünüidarəetmə orqanlarının rəhbərləri ilə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri arasındakı münasibətlərdə əlavə gərginliyin yaranmasına və onların işində çətinliklərin meydana gəlməsinə səbəb olur. Buna görə də qanunvericilikdə aşağıdakı xarakterli dəyişikliklərin edilməsinə ehtiyac yaranmışdır:
- yerli özünüidarəetmə orqanlarına verilən tam və müstəsna səlahiyyətlərin qanunvericiliklə dəqiq müəyyənləşdirilməsi;
- bələdiyyələrin yerli büdcə hesabına maliyyələşdirilən müstəsna səlahiyyətlərinin tam siyahısının dəqiq müəyyən edilməsi və Azərbaycan Respublikasının büdcə sistemi haqqında qanunu ilə uzlaşdırılması;
- yerli özünüidarəetməyə yardım və inkişaf sahəsində konsepsiya və proqramların işlənib hazırlanması, yerli özünüidarəetmə orqanlarının maliyyə müstəqilliyinin genişləndirilməsi üçün büdcə sistemində islahatların aparılması;
- qanunvericilikdə yerli özünüidarəetmə orqanlarına verilmiş səlahiyyətlərin yerinə yetirilməsini qiymətləndirmək üçün tələblər (standartlar) müəyyənləşdirilməlidir. Qanunda həmçinin bu səlahiyyətlərin yerinə yetirilməməsinə görə məsuliyyət və onun reallaşdırılması mexanizmləri də müəyyən edilməlidir. Bu məsələlərin həlli əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə - nəzarətə, səlahiyyətlərini yerinə yetirmədiyinə görə yerli özünüidarəetmə orqanlarının fərdi məsuliyyətinin müəyyənləşdirilməsinə imkan verərdi;
- hakimiyyət səlahiyyətlərinin qeyri-mərkəzləşdirilməsi prinsipindən çıxış edərək mərkəzi və yerli icra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları arasında yeni qarşılıqlı münasibətlər sistemi yaradılmalı, yerli icra hakimiyyəti orqanları ilə yerli özünüidarəetmə orqanlarının əməkdaşlığının institusional əsasları müəyyənləşdirilməlidir;
- icra hakimiyyəti orqanları ilə yerli özünüidarəetmə orqanları arasındakı qarşılıqlı münasibətlərdəki problemlər kompleksinin həllini təmin etmək üçün «Həvalə olunmuş səlahiyyətlər haqqında» Qanun qəbul olunmalı və bu qanunda səlahiyyətlərin həvalə olunması qaydaları və şərtləri, onların resurs təminatı məsələləri ətraflı şəkildə öz əksini tapmalıdır;
- dövlət idarəetmə sisteminin və yerli özünüidarəetmənin səmərəliliyini və şəffaflığını artırmaq üçün bu sahədə səmərəli planlaşdırma, hesabat və audit sistemi yaradılmalı, işin, idarəetmənin nəticələrinin planlaşdırılması tətbiq olunmalı və alınmış nəticələrin qiymətləndirilməsi üçün səmərəli nəzarət sistemi formalaşdırılmalıdır. Nəzarət isə sadəcə prosedurlara əməl olunmasına və proseslərin yerinə yetirilməsinə deyil, planlaşdırılmış və qiymətləndirilə bilən konkret nəticələrə nail olunub-olunmadığını müəyyənləşdirmək məqsədilə həyata keçirilməlidir.
Dövlət siyasəti çərçivəsində zəruri təşkilati tədbirlərin reallaşdırılması ilə bağlı monitorinqlərin keçirilməsi tələb olunur. Bununla əlaqədar, əksmərkəzləşdirmə proqramının gələcəkdə reallaşdırılmasına və yerli özünüidarəetmənin inkişafı üçün məsuliyyət daşıyan mərkəzi orqanın yaradılması məqsədəuyğun olardı. Belə bir orqana əksmərkəzləşdirmə və yerli özünüidarəetmə üzrə zəruri qanunvericilik və normativ aktların, yerli büdcələrin, regional inkişaf planlarının, ixtisaslı kadrların hazırlanmasında zəruri hüquqi, məsləhət və texniki yardım göstərməyə, yerli idarəetmə orqanlarının maraqlarını müdafiə etməyə imkan verən səlahiyyətlərin verilməsi məqsədəuyğun olardı. Bu baxımdan, belə bir orqanın regionların və bütövlükdə dövlətin sosial-iqtisadi inkişafı üçün strateji əhəmiyyət daşıdığını qeyd etmək lazımdır. Bu orqana yerli özünüidarəetmənin səlahiyyətlərinə aid aşağıdakı məsələlər verilə bilər:
- dövlət mülkiyyətinin bələdiyyə mülkiyyətinə verilməsi qaydalarını tənzimləmək;
- büdcələrarası münasibətləri tənzimləmək və minimal büdcə təminatı normativləri əsasında yerli büdcələri balanslaşdırmağı təmin etmək;
- yerli özünüidarəetmə orqanlarına ayrı-ayrı dövlət səlahiyyətlərini vermək, onları həyata keçirmək üçün lazım olan maddi-maliyyə resursları ilə təmin etmək və reallaşdırılmasına diqqət yetirmək;
- dövlət hakimiyyət orqanları tərəfindən qəbul olunmuş qərarlar nəticəsində yerli özünüidarəetmə orqanlarının əlavə xərclərini ödəmək;
- inzibati nəzarəti həyata keçirmək, yerli özünüidarəetmənin və bələdiyyə qurumlarının inkişafının regional proqramlarını qəbul etmək;
- vətəndaşların yerli özünüidarəetməni həyata keçirmək hüquqlarını müdafiə etmək;
əksmərkəzləşdirmə siyasətinin hüquqi aspektlərinə gəldikdə deyə bilərik ki, hüquqi normaların dəqiq və mükəmməl olmaması yerli özünüidarəetmə orqanlarının rəhbərləri ilə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri arasındakı münasibətlərdə əlavə gərginliyin yaranmasına və onların işində çətinliklərin meydana gəlməsinə səbəb olur.
ərazilərin iqtisadi inkişafındakı disproporsiyaların aradan qaldırılması respublikamızın gələcəyinin asılı olduğu strateji məsələlərdən biridir. Yerli özünüidarəetmə sistemi və yerli icmaların təşəbüskarlığı olmadan bu məsələnin həlli mümkün deyildir. Azərbaycanda elə dövlət hakimiyyəti və yerli özünüidarəetmə sistemi formalaşdırmaq tələb olunur ki, onların birgə səyi ilə reqionların iqtisadi tarazlığını təmin etmək və harada yaşamağından asılı olmayaraq hər bir vətəndaşa bərabər imkanlar yaratmaq mümkün olsun. Bu baxımdan Avropa Birliyi ölkələrinin, Mərkəzi və şərqi Avropa ölkələrinin, MDB ölkələrinin həyata keçirdiyi əksmərkəzləşdirmə təcrübəsinin öyrənilməsi, bu ölkələrdə hakimiyyət orqanlarının fəaliyyət sisteminin təhlili də faydalı olardı.
Azərbaycanda yerli özünüidarəetmənin gələcək inkişafı baxımından mövcud problemlərin böyük bir hissəsi yalnız əksmərkəzləşdirmə siyasətinin tərkib hissəsi kimi yerli özünüidarəetmənin inkişafı sahəsində dövlət siyasəti çərçivəsində həll oluna bilər. Bu siyasətinin formalaşdırılmasının və reallaşdırılmasının prinsiplərindən biri kimi mərkəzi hakimiyyət orqanları və yerli özünüdarəetmə orqanlarının qarşılıqlı fəaliyyəti və əməkdaşlığı qəbul olunmalıdır. Bu orqanlar arasındakı münasibətlər keyfiyyətcə yeni əsaslarla qurulmalı və inzibati diktata deyil, daha çox əməkdaşlıq prinsiplərinə və qanuna əsaslanmalıdır. Fikrimizcə, yerli özünüidarəetmənin inkişafı sahəsində dövlət siyasəti aşağıdakı istiqamətlərdə formalaşdırılmalıdır:
- vətəndaşların yerli özünüidarəetməni həyata keçirmək sahəsindəki konstitusiya hüquqlarının reallaşdırılmasının təmin edilməsi;
- yerli özünüidarəetmə orqanlarının konstitusiya səlahiyyətlərinin reallaşdırılması üçün şəraitin təmin olunması;
- yerli özünüidarəetməyə dövlət zəmanətinin reallaşdırılmasının təmin edilməsi.
Yaranmış problemləri həll etmək üçün ölkə miqyasında maarifləndirmə,təbliğat, izahat işləri aparılmalı, yerli özünüidarəetmə sisteminin mahiyyəti, xüsusiyyəti və funksiyaları haqqında vətəndaşlarda geniş təsəvvür yaradılmalıdır.
Azərbaycanda bələdiyyələrin gələcək inkişafı baxımından əksmərkəzləşdirmə siyasəti çərçivəsində xüsusi dövlət yardımı proqramları işlənib hazırlanmalıdır.
Azərbaycan şəraitində əksmərkəzləşdirmə məsələləri sahəsində, o cümlədən əksmərkəzləşdirmənin siyasi, maliyyə, idarəetmə aspektləri üzrə elmi tədqiqat işlərinin aparılması tələb olunur. əksmərkəzləşdirmə problemlərinin araşdırılması sahəsində xüsusi bir mərkəzin yaradılmasına da xüsusi ehtiyac duyulur.
Beləliklə, hesab edirik ki, respublikamızda yuxarıda deyilənləri nəzərə almaqla işlənib hazırlanan və həyata keçirilən əksmərkəzləşdirmə siyasəti son nəticədə əhalinin, yerli özünüidarəetmənin və dövlət hakimiyyətinin qarşılıqlı fəaliyyətinin nizamlı sisteminin yaradılmasına gətirib çıxarmalıdır. Bu sistemin səmərəli fəaliyyəti bələdiyyə qurumlarının əhalinin mənafeləri naminə dayanıqlı inkişafını təmin etməyə imkan verəcəkdir.