"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycanda qəbiristanlıqlar niyə qaranlığa qərq olub? - AçIQLAMA

--2023-03-09 / 14:55

 

Ölkə ərazisindəki qəbiristanlıqlarda xidmət səviyyəsinin aşağı olması, xüsusən məzarlıqların gecələr qaranlıq olması, işıqlandırılmaması narazılıq yaradıb. əslində, Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixili qərarı ilə təsdiq edilən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na əsasən, qəbiristanlıqlar müvafiq bələdiyyələrə verilib. Lakin bildirilir ki, Azərbaycanda hələ də bu məsələ həllini tapmayıb. Öz yaxınlarının məzarlarını gecə saatlarında ziyarət etmək istəyənlər qaranlıq olduğu üçün qəbiristanlığa yaxınlaşa bilmədiklərini deyirlər. Yəqin, bu səbəbdəndir ki, qəbiristanlıqlar illərdir, Azərbaycanda hər kəsin beyninə qorxulu məkan kimi həkk olunub.

 

 Bələdiyyə sahəsi üzrə ekspert Vüqar Tofiqli isə Pravda.az-a açıqlamasında deyib ki, artıq bir neçə ildir, qəbiristanlıqların bələdiyyələrə verilməsinə ardıcıl, davamlı şəkildə start verilib:

 

“Qəbiristanlıqlarda müəyyən xidmətlərin göstərilməsi, həmin ərazilərdə səliqə-səhmanın yaradılması, aslfalt salınması, yaxud dəfn xidmətlərinin göstərilməsi ilə bağlı artıq bələdiyyələrdə müəyyən təcrübə var. Məsələn, Gəncədəki Kəpəz və Nizami bələdiyyəsi, Bakıdakı Yasamal bələdiyyəsi və digər bələdiyyələr var ki, ərazilərindəki qəbiristanlıqlar onların balanslarına verilib. Buna görə də müəyyən mənada maliyyə imkanları var və həmin ərazilərdə xidmət göstərirlər. Az müddət ərzində artıq bu proses həyata keçirilir. Lakin prosesin bütün bələdiyyələrdə həyata keçirilməsi hələ ki, mümkün olmayıb. Çünki bu sahədə bir sıra problemlər mövcuddur. Yəni qəbiristanlıqlar tam şəkildə bələdiyyələrin balansına verilməyib. Qəbiristanlığın altındakı torpaq mülkiyyəti də bələdiyyələrə verilməyib. Bir çox mübahisə doğuran məsələlər var. Bu problemlərin kökündə birinci növbədə qəbristanlıq ərazisinin təhvil-təslim işlərinin tam həyata keçirilməməsi dayanır. Proses tam başa çatdırılmadığına görə bələdiyyədə müvafiq problemlər olur”.

 

 

 

Ekspert bildirib ki, qəbiristanlıqlarda yüksək səviyyədə xidmət, həmin ərazilərin işıqlandırılması istiqamətdə bələdiyyələr addım atır:

 

 

 

“Amma məsələ bundadır ki, bu gün bələdiyyələrin yüksək səviyyədə xidmət göstərməsi üçün maliyyə vəsaiti çatışmır. Ay ərzində orta hesabla beş min manat qazanc əldə etməyən bələdiyyədən hər hansı addım atmasını tələb etmək, məncə, müəyyən mənada haqsızlıq, ədalətsizlikdir. əgər bu sahədə ideal vəziyyət yaratmaq istəyiriksə, onda biz prosesi tam şəkildə həyata keçirib, qəbiristanlıqların bələdiyyələrin mülkiyyətinə verilməsi ilə bağlı məsələləri həll etməliyik. Qəbiristanlıqla bağlı mövcud problemin aradan qaldırılmasına, normativ hüquqi sənədlərin həyata keçirilməsinə şərait yaratmalıyıq. Yeni qəbiristanlıqların yaradılması, orada normativ hüquqi sənədlərin hazırlanması istiqamətində çatışmazlıqlar var. Bələdiyyə qəbiristanlıq ərazisində işıqlandırma və digər xidmətlərin həyata keçirilməsi üçün vasitəçi rolunu oynaya bilər. istənilən halda, maliyyə vəsaiti lazımdır. Bələdiyyənin bugünkü maliyyəsi ona yüksək səviyyədə xidmət göstərmək imkanı vermir. Bələdiyyə büdcəsinə əlavə vəsaitin daxil olması üçün də şərait yaratmalı, mövcud Qanunvericilikdə bununla bağlı boşluqların aradan qaldırılması ilə bağlı addımlar atmalıyıq. Bələdiyyəyə gələn hər bir manatın, maliyyə vəsaitinin nəticədə vətəndaşın özünə xərcləndiyini bilməliyik. Vətəndaş olaraq üzərimizə məsuliyyət düşür ki, bələdiyyəyə olan vergilərimizi vaxtlı-vaxtında ödəyək, prosesi həyata keçirək. Bələdiyyənin qarşılaşdığı problemləri aradan qaldırmış olsaq, xüsusən qəbiristanlıqların bələdiyyələrə tam təhvil verilməsi prosesini başa çatdırmış olsaq, Qanunvericilikdəki boşluqları aradan qaldırsaq, qəbiristanlıqların ərazisindəki torpağı bələdiyyənin mülkiyyətinə sənədlə, hüquqi qaydada versək, narazılıq da olmaz. Qəbiristanlıq ərazisini bələdiyyəyə veririk, amma təsəvvür edin, vaxtilə orada tikilmiş, istifadədə olan daş sexlərini, dini ziyarətgahları vermirik. Yaxud verilirsə, müəmmalı şəkildə verilir. Yəni bu sahədə mövcud problemləri aradan qaldırmaq lazımdır ki, nəticə etibarilə bələdiyyənin büdcəsinə müəyyən vəsaitlər daxil olsun. Güman edirəm, qaldırdığımız məsələ ilə bələdiyyənin qarşılaşdığı problemlərin həllinə nail olarıq. Yalnız belə olan təqdirdə hansısa yeniliklərdən, irəliləyişdən danışa bilərik”.

 

 Aytəkin Qardaşova

 

https://pravda.az/news/107422
ŞƏRHLƏR