Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyası və TODAiE (Türkiye ve Orta Doğu Amme idaresi Enstitüsü) arasında bağlanan qarşılıqlı əməkdaşlığa dair müqaviləyə əsasən, onların təşkilatçılığı, TiKA-nin (Türk işbirliği ve Koordinasyon Ajansı Başkanlığı) dəstəyi ilə Azərbaycanın bir neçə bələdiyyə sədrləri Ankarada səfərdə olub. 07-11 mart 2015-ci il tarixlərini əhatə edən səfərin məqsədi iki ölkənin bələdiyyələri arasında təcrübə mübadiləsi, bu sahədəki yeniliklər barədə məlumatlanma olub.
Bu barədə məlumat verən Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, Binəqədi rayonu M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib ki, səfər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyası və TODAiE-nın təşkilatçılığı ilə keçirilən “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqamətinin ixtisasartırma növü üzrə əlavə təhsil kursu çərçivəsində baş tutub. Səfər zamanı TODAiE-nin rektoru, professor Onur Ender Aslan rəhbərlik etdiyi institut barədə məlumat verib, digər dövlətlərlə qarşılıqlı əlaqələrindən, əməkdaşlıq prinsiplərindən danışıb. TODAiE-nin 1952-ci ildə yaradıldığını qeyd edən Onur Ender Aslan təcrübə və fikir mübadiləsi baxımından bu kimi layihələrin əhəmiyyətinə diqqət çəkib.
Sonra qonaqlar içişler Bakanlığı Mahalli idareler Genel Müdürlüyü ilə tanış olublar. Burada Mahalli idareler genel müdüri Ömər Doğanay yerli özünüidarəetmə istiqamətində görülən işlərdən bəhs edib, yeniliklər barədə məlumat verib.
TiKA-nı ziyarət zamanı təşkilatın rəhbəri Serdar Çam iştirakçılara Türk işbirliği ve Koordinasyon Ajansı Başkanlığının (TiKA) yaranma tarixi, fəaliyyəti barədə məlumat verib. TiKA-nın Azərbaycanla əlaqələrindən bəhs edərək bundan çox məmnun olduqlarını ifadə edib və əməkdaşlığın bundan sonra daha da sıx davam etdiriləcəyini bildirib.
Səfər çərçivəsində “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqamətinin ixtisasartırma növü üzrə əlavə təhsil kursu iştirakçıları Ankara Büyükşehir və Keçiören bələdiyyələrini ziyarət edərək onların fəaliyyətləri ilə yaxından tanış olublar. Onlara Ankara Büyükşehir və Keçiören bələdiyyələri ərazisini əhatə edən özütikililərin yerində yeni parkların, fəvvarələrin salınması, yaşayış binalarının ucaldılması, eləcə də bələdiyyələr tərəfindən həyata keçirilən məişət tullantılarının daşınaraq zərərsizləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verilib.
Kursun yekununda iştirakçılara Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyası və TODAiE adından Sertifikatlar təqdim edilib.
Səfərin sonunda iştirakçılar Keçiören bələdiyyəsi tərəfindən Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükütla anıblar.