"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycanın Quba rayonu ilə Qırğızıstanın Kant şəhəri arasında qardaşlaşma memorandumu imzalanıb

--2016-12-22 / 15:27

 

Azərbaycanın Quba rayonunun icra hakimiyyətinin başçısı Yaşar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qırğızıstana səfəri çərçivəsində bu ölkənin Kant şəhəri ilə qardaşlaşma memorandumu imzalanıb.

Nümayəndə heyətinə Quba bələdiyyəsinin sədri Zakir Müslimov, rayondakı 5 nömrəli Yol istismar MMC-nin direktoru Aydəmir Manafov, Qubada fəaliyyət göstərən "investgroup" MMC-nin direktoru Nüsrət isaqov daxil olub.

Kant şəhərinin bələdiyyəsində Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun iştirakı ilə memorandumun imzalanma mərasimi keçirilib.

şəhərin meri Erkinbek Abdıraxmanov qonaqları salamlayaraq, bu il oktyabrın 5-dən 9-dək Qubaya səfəri barədə məlumat verib, qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycanın regionlarının, o cümlədən də Qubanın inkişafından söz açıb. Mer Quba ilə Kant arasında əlaqələrin yaranmasında səfir Hidayət Orucovun rolunu da vurğulayıb.

Sonra çıxış edən Yaşar Məmmədov Qubanın turizm imkanlarından söz açıb, təmsil etdiyi rayonun çoxmillətli olduğunu, burada hər kəsin sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşadığını bildirib. Yaşar Məmmədov Prezident ilham əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini, Azərbaycanda yaşayan milli və dini azadlıqlara böyük qayğı göstərildiyini diqqətə çatdırıb.

Hidayət Orucov Qubanın Kant ilə əməkdaşlığa başlamasına görə şad olduğunu, həmyerlilərimizin bu şəhərdə yığcam yaşadığını, Kantın sənaye şəhəri olması ilə yanaşı, burada kənd təsərrüfatının da yaxşı inkişaf etdiyini deyib. Səfir belə əməkdaşlıqların xalqlarımız arasındakı əlaqələrə töhfə verdiyini bildirib. Digər şəhərlərimizin əməkdaşlıq etməsi üçün bundan sonra da işini davam etdirəcəyini vurğulayan səfir, bu xəttin dövlət başçılarımızın siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edib.

imzalanma mərasimindən sonra Quba rayonunun nümayəndə heyəti Kant şəhərində ulu öndər Heydər əliyevin adını daşıyan küçəyə gedib, sakinlərlə söhbət ediblər.

Burada azərbaycanlılarla birlikdə qırğızlar, ruslar, axıska türkləri və digər xalqların nümayəndələri yaşayır. Görüşdə çıxış edən Erkinbek Abdıraxmanov dünya şöhrətli siyasətçi Heydər əliyevin iki qardaş xalq arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində misilsiz xidmətləri olduğunu bildirib. Qeyd edib ki, sakinlərin müraciəti nəzərə alınaraq, 2014-cü ilin may ayının 16-da Kant şəhər Keneşinin (Məclisinin) 15-ci növbədənkənar sessiyasının qərarı ilə şəhərdəki Miçurin küçəsinə Heydər əliyevin adı verilib.

Sakinlər Heydər əliyevin adını daşıyan küçədə yaşadıqlarından məmnunluqlarını ifadə ediblər.

 Qulu Kəngərli

AZəRTAC-ın xüsusi müxbiri

Bişke

ŞƏRHLƏR