"Bələdiyyə mülkiyyətində hər hansı bir səhiyyə ocağının yaradılması üçün qanunvericilikdə məhdudiyyət qoyulmayıb"
Vüqar Tofiqli: "Bu gün bizim bələdiyyələrin imkanı o dərəcədə deyil ki, onlar xəstəxana yaratsın, ancaq Səhiyyə Nazirliyi bu məsələni irəli sürürsə, o zaman həmin qurum ilk addımı atmalıdır"
Azərbaycanda potensialı, imkanı olan bələdiyyələr tibb müəssisələri yarada bilər. Bunu Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan əzizov media nümayəndələrinə açıqlamasında deyib.
Bələdiyyə müəssisələrinin yaradılması imkanının Azərbaycan qanunvericiliyində nəzərdə tutulduğunu deyən E.əzizov qeyd edib ki, Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənən "Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi" əsasında bələdiyyələrə tibb müəssisəsi yaratmaq imkanı verilib: "Potensialı, infrastrukturu olan bələdiyyələr tibb müəssisələri yarada bilər. Bu gün onlar üçün bu məsələ ilə bağlı hər hansı maneə yoxdur. Nazirlər Kabineti tərəfindən "Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi" təsdiqlənib. Bələdiyyələr artıq həmin nizamnaməni əsas götürərək bələdiyyə tibb müəssisəsi yarada biləcək".
Məsələ barədə fikir bildirən bələdiyyə sahəsi üzrə ekspert Vüqar Tofiqli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, bələdiyyə mülkiyyətində hər hansı bir səhiyyə ocağının yaradılması üçün qanunvericilikdə məhdudiyyət qoyulmayıb: "Bildirilir ki, potensial imkanı olan bələdiyyələr tibb müəssisəsi yarada bilər. Bu gün bizim bələdiyyələrin imkanı o dərəcədə deyil ki, onlar xəstəxana yaratsın. Bu gün Azərbaycan bələdiyyəsinin imkanı o həddə çatmayıb ki, onların, Türkiyə, Fransa və digər ölkələrdə olduğu kimi, bələdiyyə xəstəxanası olsun. Ancaq bu istiqamətdə müəyyən addımlar atılır. Mən sizə deyim ki, bəzi bələdiyyələr layihələr həyata keçirir. Həmin bələdiyyələr kredit götürərək müəyyən işlər görür. O bələdiyyələrdən şəmkir, Bakıxanov, Bərdə və Abşeron bələdiyyəsi dövlətdən kredit götürməklə maliyyəsi yüksək olmayan müəyyən işlər görür. Bu kimi işlərin həyata keçirilməsinə əksər bələdiyyələrin imkanı yoxdur. Nəzərə almaq lazımdır ki, bu gün bələdiyyələrin illik büdcəsi 50 milyon manatı keçmir. Bu məbləğlə bələdiyyələrin hər hansı bir iş görməsi real deyil".
Həmsöhbətimiz hesab edir ki, bələdiyyə xəstəxanalarının yaradılması müsbət addım olar: "O xəstəxanalarda aztəminatlı ailələrə, müharibə veteranlarına və digər sosial durumu ağır olan şəxslərə xidmət göstərilə bilər. Ancaq Səhiyyə Nazirliyi bu məsələni irəli sürürsə, o zaman həmin qurum ilk addımı atmalıdır. Səhiyyə Nazirliyi pilot şəklində bu məsələni həyata keçirə bilər".
Günel CəLiLOVA

