Hazırda yeni tərkib bələdiyyələrdə ilk iclaslar keçirilir. Odur ki, bununla bağlı Belediyye.infoya edilən müraciətlərə aydınlıq gətirmək üçün tanınmış vəkil, uzun müddət ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzində çalışımış Bahadur Kərimova müraciət etdik.
Bahadur Kərimov ona ünvanlanan suallara qısa və lakonik cavab verdi.
- Bələdiyyələrin səlahiyyət müddəti nə zaman başlayır və bitir?
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 211-ci maddəsinin 1-ci və 2-ci hissəsinə görə bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır.
-Bələdiyyə sədrinin neçə müavini ola bilər?
Qanunvericilikdə bununla bağlı say məhdudiyyəti müəyyən edilməmişdir. “Bələdiyyələrin statusu haqqında” Qanunun 19-cu maddəsinin 2-ci hissəsində göstərilir ki, ehtiyac olduqda bələdiyyə bələdiyyə sədrinin müavinlərini seçir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvlərinin yarıdan çoxunun səsini topladıqda seçilmiş hesab olunur.
Həmin maddənin 5-ci hissəsinə görə bələdiyyə sədrinin müavini bələdiyyə sədrinin ona aid etdiyi məsələləri həll edir, bələdiyyə sədri olmadıqda onun səlahiyyətlərini həyata keçirir.
- Bələdiyyə sədri müavinlərdən birini birinci müavin olaraq təyin edə bilərmi?
Birinci müavin vəzifəsi bələdiyyələrin fəaliyyəti ilə bağlı qanunvericilikdə müəyyən olunmamışdır. “Bələdiyyələrin statusu haqqında” Qanunun 24-cü maddəsində qeyd olunur ki, bələdiyyənin nizamnaməsində digər orqanların yaradılması və müvafiq vəzifəli şəxslərin təyin olunması nəzərdə tutula bilər.
Qeyd etmək istəyirəm ki, əgər bələdiyyənin nizamnaməsində birinci müavini vəzifəsi nəzərdə tutulmamışdırsa, onda bələdiyyələr tərəfindən nizamnaməyə dəyişiklik etmək yolu ilə birinci müavin vəzifəsi yaradıla bilər.
Belediyye.info