2017-ci ilin 9 ayı ərzində müasir dünyamızda yenə də siyasi qalmaqallar, iqtisadi tənəzüllər, müharibələr, kütləvi insan köçləri və s. ilə yadda qaldı. Lakin Azərbaycan bu ciddi dəyişikliklər fonunda yenə də öz müstəqil siyasətini yürüdərək inkişafı və stabilliyi ilə bir çox ölkəyə nümunə oldu.
Günümüzdəki Azərbaycanın iqtisadi inkişafı, siyasi vəziyyəti analiz etdikdə görürük ki, əsası Ümummilli lider H.əliyev tərəfindən qoyulmuş siyasi kurs cənab Prezident ilham əliyev tərəfindən yüksək səviyyədə və layiqli şəkildə davam etdirilir. Hər birimizə məlumdur ki, Azərbaycan çoxmillətli, müxtəlif dinlərə mənsub əhalinin olduğu və hər kəsin dinc yanaşı yaşadığı ölkədir. Hər il dünya ölkələri üçün nümunə olan Beynəlxalq tədbirlərin keçirilməsi, ölkədə idman ilinin, Turizm ilinin, Multikulturalizm ilinin və s. kimi müxtəlif vacib məsələlərin diqqətdə saxlanması bir daha göstəriri ki, biz düzgün yoldayıq.illərin müqayisəsi göstərir ki, Azərbaycan hər il inkişaf edir.
Hər il noyabr ayında Azərbaycanda Yerli Demokratiya Həftəsi keçirilir. Bu həftənin keçirilməsində məqsəd Bələdiyyə-vətəndaş münasibətlərini daha da sıxlaşdırmaq, yerli məsələlərin həllində vətəndaşların təklif, irad və şikayətlərini dinləmək, yerli özünü idarəetmə prosseslərində əhalinin rolunu ,iştirakının və həmrəyliyinin artırılması, fikir mübadilələrinin aparılması və qarşılıqlı öhdəliklərin müəyyən olunması yolu ilə Bələdiyyə işinin təkmilləşdirilməsinə dəstəyini gücləndirməkdir .
Bələdiyyə hər zaman sizlərin fikirlərinizi dinləmək üçün qaynar xətt yaratmış, Bələdiyyə poçt qutusu quraşdırmış və kollektiv ilə birlikdə Sizi qəbul etməyə hazırdır.
Bələdiyyə tərəfindən bu ilin 9 ayı ərzində görülmüş işləri çatdırmaq istəyirəm.
Badamdar bələdiyyəsinin 9 iclası keçirilmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir. 9 ay ərzində Badamdar bələdiyyəsinə 77 məktub və 34 ərizə daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı bələdiyyə tərəfindən sosial-məişət, təsərrüfat quruculuğu ilə əlaqədar 142 vətəndaş qəbul edilmiş, onları maraqlandıran məsələlərə aydınlıq gətirilmiş, şikayətlərin həlli üçün tədbirlər görülmüşdür. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında “Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərin hər birinə vaxtında baxılmış, nəticəsi barədə onlara məlumat verilmişdir.Bu il də Badamdar bələdiyyəsi də qəsəbədə görülən işlərdən kənarda qalmamış,abadlıq-quruculuq işlərində fəal iştirak etmişdir.
9 ay ərzində bələdiyyə tərəfindən 144 nəfərə maddi yardım göstərilmişdir.
Həmçinin yeni il ərəfəsində Badamdar qəsəbəsində yerləşən Heydər əliyev adına parkda yolka quraşdırılmış, yeni il şənlikləri keçirilmişdir.
Müqəddəs Qurban bayramı münasibətilə qəsəbə sakinlərindən olan imkansız, tənha, şəhid ailələr və s. ailələrə 350 pay (700 kq) qurban əti paylanmışdır.
Cari ildə Badamdar qəsəbəsində yerləşən 236, 239, 329 və Laçın rayon tam orta məktəbin yüksək bal toplayan az təminatlı 6 şagirdə pul mükafatı və Fəxri Fərmanla təltif olunmuşdular.
Bələdiyyə üzvlərimiz rayonda keçirilən iməcliklərdə yaxından fəal iştirak etmişdirlər. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhaliyə ucuz kənd təsərrüfatı məhsullarının satışının təşkili məqsədi ilə Badamdar qəsəbəsində hər həftənin şənbə günü təşkil olunan açıq meyvə-tərəvəz yarmarkasının keçirilməsinin təşkilatı işlərində, xüsusi ilə də bayramlar ərəfəsində keçirilən yarmarkaların təşkilində yaxından iştirak etmişik.
Badamdar bələdiyyəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada yerli vergi ödəyicilərindən və dotasiyadan büdcənin gəlirləri 2017-cı ilin 9 ay ərzində 138081 manat təşkil etmişdir.
- fiziki şəxslərdən torpaq vergisi – 9226 manat
- fiziki şəxslərdən əmlak vergisi – 98473 manat
- Bələdiyyə əmlakının icarəsindən – 382 manat
- Dövlət tərəfindən dotasiya – 30.000 manat
2017-ci il 9 ayı ərzində xərclər isə - 130798 manat
O cümlədən
- bələdiyyə işçilərinin və qulluqçularının əmək haqqısının ödənilməsinə - 59476 manat
- bələdiyyə işçilərinin və qulluqçularının DSMF-yə ödənilən – 14311 manat
- abadlıq və təmir işlərinə xərclər ( dotasiya) – 51026 manat
- Sair xərclər -- 5985 manat
Görülmüş işlərlə yanaşı qəsəbədə hələdə öz həllini gözləyən bir sıra problemlər qalmaqdadır.
Qəsəbədə yeni xəstəxananın tikintisi yarımçıq qalmışdır, həmçinin qəsəbə daxili küçələrinin işıqlandırılması və asfaltlaşdırılmasına xüsusi ilə də 3-cü yaşayış massivində kommunikasiya xətlərinin qurulmasına ciddi ehtiyac vardır. Qəsəbədə su və kanalizasiya şəbəkəsinin yenilənməsindən sonra küçələrə asfalt örtüyünün mövcud tələblərə uyğun çəkilmədiyindən mövsümü yağışlar nəticəsində qəsəbənin demək olar ki, əksər küçə və səkilərində dərin çalalar əmələ gəlmiş və yerli əhalinin haqlı narazılığına səbəb olmuşdur.Bu məsələ ilə əlaqədar biz RiH-nə müraciət etdik və cənab başçı şəxsən özü bu məsələni diqqət mərkəzində saxladı və aidiyyatı qurumlara şikayətlərin aradan qaldırılması üçün göstəriş verdi.
Badamdar bələdiyyəsi öz fəaliyyətində qanunvericiliyə əməl etməklə, sosial problemlərin həll edilməsi üçün bütün imkanlarından istifadə edəcək və qarşıdakı müddət də işgüzarlığını saxlamaqla, əhali arasında çevik qurum kimi fəaliyyətini davam etdirmək əzmindədir. Bələdiyyəmiz Müstəqil Azərbaycan Respublikasının yerli özünüidarə qurumunun gələcəyinə ümidlə baxır və bu inkişafda öz payı olacağına da inanır.
Həbib əsədov
Səbail rayon Badamdar bələdiyyəsinin sədri
(Material bələdiyyə sədrinin Yerli Demokratiya Həftəsi çərçivəsində sakinlərlə keçirilən görüşdə ki mərzusəin əsasında hazırlanıb )