“Yerli icra hakimiyyətləri haqqında” əsasnaməyə görə Bakı şəhər icra Hakimiyyəti başçısının dörd, rayon icra hakimiyyətləri başçılarının isə üç müavin vəzifəsi müəyyən edilib. Bu günlərdə Bakı rayonları icra hakimiyyətlərinin internet resurslarına göz gəzdirərkən Bakı şiH-i başçısının dörd, Bakı rayonlarından isə Binəqədi RiH-də iki, Xətai və Pirallahı rayonlarında isə bir müavin vəzifəsinə hələ ki təyinat olmadığını gördük. Üstəlik, Nizami rayon icra hakimiyyətinin başçısı vəzifəsi də vakantdır.
Beləliklə, Bakının şəhər və rayonlarına 40 müavin vəzifəsi, 13 (bir şəhər və 12 rayon) başçı-siyasi rəhbər müəyyən edilib. internet resurslarını vərəqləyərkən qarşılaşdığım bir maraqlı məqamı da diqqətə çatdırmaq istərdim.
Demək, hazırda Nizami RiH başçısı səlahiyyətlərini icra edən, Nizami RiH başçısının birinci müavini Qərib Məmmədov və Sabunçu RiH başçısının müavini Avtandil Hüseynzadə müavin vəzifəsinə 1993-cü ildən təyin ediliblər. Yəni hər ikisi artıq 29 ildir ki bu vəzifədə çalışırlar. Bəlkə də bu rekord sayıla bilər. Onu da əlavə edim ki, hər iki şəxs haqqında cəmiyyətdə müəyyən mənada müsbət fikirlər səslənməkdədir.
Vakant müavin vəzifəsinə gəldikdə isə deməliyik ki, bir ildən artıqdır yuxarıda sadalanan vəzifələr boşdur. Bakı şiH-də isə iki ildən artıqdır üç müavin və bir birinci müavin vəzifələrinə təyinat olmayıb. Bu günədək Bakı şiH-ə müavin vəzifəsinə təyinatın olmaması isə əslində digər vəzifələrin üzərinə düşən məsuliyyət yükünü bir xeyli artırıb. əlavə edim ki, RiH başçılarının müavinlərinin təyinatı rayon icra hakimiyyəti başçıları tərəfindən, Bakı şiH başçısının müavinlərinin təyinatı isə ölkə başçısının sərəncamıyla həyata keçirilir.
Nəticə etibariylə belə qənaətə gələ bilərik ki, təyinatın olmaması dövlət büdcəsinə kifayət qədər maliyyə vəsaitinin qənaətinə imkan verib. Yəni orta rəqəmlə müavin vəzifəsini götürsək, əlavələri nəzərə almasaq ortalama 800 manatla hesablasaq il ərzində 8 müavin və bir icra başçısının vəzifəsinə təyinat olmadığından dövlət büdcəsinə 100 min manatdan artıq maliyyə vəsaitinə qənaət edilib.
Ancaq onu da əlavə edək ki, 12 rayondakı icra strukturunun ləğv edilməsi isə bütovlükdə dövlət büdcəsinə kifayət qədər vəsaitin qənaətinə imkan verə bilər.
Hazırda paytaxt rayon icra hakimiyyətlərinin elə də ciddi bir səlahiyyət sahibi olmamaları göz qabağındadır. ilbəil bu qurumlardan müəyyən səlahiyyətlərin ardıcıl olaraq alınması perspektivdə bu strukturların ləğvinə gətirib çıxara bilər. Odur ki, regional idarəetməyə keçidə artıq zəruriət yaranmaqdadır.
Belə düşünmək olar ki, regional idarəetməyə keçid edildiyi bir vaxtda yerli hakimiyyətində bələdiyyələrə verilmə ehtimalı artır.
Odur ki, gözləməyə və düşünməyə dəyər.
Vüqar Tofiqli