"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

BAMS-ın fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri barədə

--2017-04-28 / 19:52

əvvəlki çıxışlarda qeyd olunduğu kimi 2016-cı ildə dünyada baş verən siyasi-iqtisadi proseslərin mənfi təsirləri, cənab Prezident ilham əliyevin dövlət idarəçiliyi sistemində  apardığı çevik və məqsədyönlü islahatlar nəticəsində minimal təsirlərlə yadda qaldı.      

Yeni iqtisadi şəraitə uyğun təxirəsalınmaz tədbirlər görüldü, ölkə iqtisadiyyatının uğurlu inkişafı və  iqtisadi təhlükəsizliyimiz təmin olundu.

Obyektiv və subyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə bələdiyyələrimiz də fəaliyyətini  mövcud şəraitə uyğun qura bilmiş, əvvəlki illə müqayisədə gəlir və xərclərimizin artması bələdiyyə ərazilərində yerli əhəmiyyətli sosial, iqtisadi və ekoloji proqramların həyata keçirilməsinə müsbət təsir göstərmişdir.

 Mingəçevir bələdiyyəsi olaraq işimizi bələdiyyə ərazilərinin sosial-iqtisadi inkişafı və  vətəndaşların müraciətləri istiqamətində  qurmuşuq.

Hesabat ilində bələdiyyəyə vətəndaşlardan 1190 ədəd ərizə və məktub daxil olub. 210 nəfər maddi yardımla, 108 nəfər sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi ayrılması ilə, 152 nəfər fərdi mənzil tikinitisi üçün torpaq sahəsi almaqla, 11 nəfər tikinti və təmir işləri ilə bağlı müraciət edib. 709 müraciət arayış və məlumatlarla əlaqədar olub. Müraciət edən şəxslərdən 18-i şəhid ailəsi, 14-ü Qarabağ maharibəsi əlili, 6-sı köçkün, 8-i əlil, 4-ü ehtiyatda olan zabit, 10-u tənha qocadır.

Maddi yardımla bağlı müraciətlərin əksəriyyəti müsbət həll olunub. Belə ki, 50 nəfərə pul və material yardımı, digərlərinə isə ərzaq yardımı verilib. Sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərdən 63-nə mövsümi ictimai-iaşə ilə məşğul olmağa icazə verilib.

106 nəfərə fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılıb. Digər müraciətlərə qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış cavablar göndərilib. Sorğu, məlumat, arayış xarakterli müraciətlər araşdırılaraq, vətəndaşlara yazılı cavablar verilib.

Bununla yanaşı bələdiyyə nəzdində təşkil edilən «Dəfn mərasimi xidmətləri», «Peşəyönümlü Maraq Kursları» və «Məişət xidməti» sahələri əhaliyə bələdiyyə xidmətləri göstərmişdir.

Ümumən götürdükdə keçən il gəlirlərimiz hesabına 16 yerli əhəmiyyətli bələdiyyə layihələrinə 208681 manat sərf olunmuşdur ki, bu vəsaitin 68,8 %-i Mingəçevirin abadlıq və quruculuq işlərinə yönəlmişdir.

 Hesabat ilində bələdiyyəmizin  fəaliyyətində şəffaflıq və hesabatlılıq təmin olunması sakinlərin bələdiyyəyə olan inamını xeyli artırmışdır. Sakinlərimiz istədikləri vaxt (www.mingechevir-belediyye.az) internet saytı vasitəsilə  dolğun məlumat ala bilir həmçinin elektron qaydada müraciət də edə bilirlər.

Qeyd olunduğu kimi gördüyümüz işlər yerli büdcəmizin formalaşmasından çox  asılıdır. Müsbət  haldır ki, Assosiasiyaya üzv şəhər  bələdiyyələrin gəlir və xərcləri 2015-ci illə müqayisədə 24,5 %-ə qədər yüksəlmişdir.

Burada Mingəçevir bələdiyyəsinin də öz yeri və payı vardır. Ötən il büdcə gəlirlərimiz 415853 manat  olmaqla əvvəlki illə  müqayisədə 19%, xərclərimiz isə  416475 manat olmaqla 7% faiz artmışdır.

Mənə verilmiş fürsətdən istifadə edərək yerli vergi və ödənişlərin toplanmasında ölkə bələdiyyələri üçün ümumi xarakter daşıyan problem və çətinliklər, eləcədə onların aradan qaldırılması yollarından danışmaq istəyirəm.   

keçən il Mingəçevir bələdiyyəsi təkliflə çıxış edərək Daşınmaz əmlakın Dövlət Reyestri xidmətindən bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnu təsdiq edən məlumatların verilməməsi eləcədə  hər bir məlumat üçün 10 manat  vəsaitin tələb olunması məsələsinin aradan qaldırılmasını xahiş etmişdir. Bu məsələyə diqqətlə yanaşıldığına və həmin müzakirəyə dəvət aldığıma görə  Milli Assosiasiyaların rəhbərliyinə, Prezident Aparatının bu işlə məşğul olan məsul şəxslərinə və hörmətli Arif müəllimə təşəkkürümü bildirirəm.

 şərti olaraq birinci onu qeyd edim ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə bələdiyyə mülkiyyətinə verilmiş dövlət əmlakının sənədlərinin (çıxarış) verilməsi hələki öz həllini tapmamışdır. Mingəçevir bələdiyyəsi olaraq buraya fəaliyyət göstərdiyimiz inzibati binanı, 2 park və fəvvarələri aid etmək olar. Hesab edirəm ki, həllini gözləyən belə problemlər digər bələdiyyələrdə də vardır.

 ikinci: Bələdiyyyə torpaqlarına dair mülkiyyət hüququnu təsdiq edən Dövlət Aktı və xəritənin verilməməsi eləcədə bələdiyyə ərazilərində mülkiyyəti hüququnu təsdiq edən sənədlər (çıxarış) olmaması əmlak və torpaq vergilərinin yığılmasında işimizi xeyli çətinləşdirir.

 ən ağrılı məsələlərdən biri DəDRX-nə mülkiyyəti təsdiq edən  bir sənəd üçün 250 manata yaxın bələdiyyə vəsaitinin köçürülməsi ilə  həmin torpağın icarəyə verilməsindən əldə olunan gəlirlər arasında çox ciddi uyğunsuzluğun olmasıdır.

 Reklam lövhələrinin hansı torpaqlarda yerləşməsi, Torpaq zonalarının müəyyənləşməsi, Mədən vergisi, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən fiziki və hüquqi şəxslərin ödənişlərinin müəyyən edilməsi üçün aylıq və rüblük bəyannamələrin məcburililiyi, həmçinin bəyannamələrin düzgünlüyünün yoxlanılması mexanizminin olmaması, Bələdiyyələrin vergi xidməti orqanlarının səlahiyyətlərinin artırılmaması problem olaraq qalır. Bu qəbildən olan məsələlərin həlli ölkə bələdiyyələrinin dayanıqlı gəlir mənbələrini möhkəmləndirə, iqtisadi potensialımızı xeyli artıra bilər.

Cari işlərimizlə bağlı açıq demək lazımdır ki, bələdiyyələrimiz hələ də  BAMS-ni  tam və düzgün mənimsəməmişlər. Bununla bağlı Milli Assosiasiyalar yerlərdə təcili  təlim kursları təşkil etməlidirlər. Assosiasiyaların “abma.az” informasiya portalının imkanları da hərəkətə gətirilməlidir. Portalda “ən çox verilən suallar” pəncərəsi açılmalı, bələdiyyələrin innovativ  yolla maariflənməsi təşkil edilməlidir.

 Coşqun Abdullayev

Mingəçevir bələdiyyəsinin sədri

ŞƏRHLƏR