Ölkəmiz inkişaf edir, dövlət və qeyri-dövlət qurumlarının fəaliyyətində yeni texnologiyalar tətbiq olunur, idarəetmə ən müasir tələblər səviyyəsində qurulur, əhali arasında müasir ödəniş mədəniyyəti formalaşır.
şəffaflığı təmin etməyin əsas vasitələrindən biri kimi bütün əməliyyatların nağdsız yolla həyata keçirilməsi öz mühüm nəticələrini göstərməkdədir. Ona görə də bələdiyyələrin bu prosesdən kənarda qalması mümkün deyil. “Yerli vergilər və ödənişlər haqqında” Qanuna edilən dəyişiklikdən sonra yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Son dəyişikliklərlə əlaqədar 2015-ci ilin yanvar ayının 1-dən əmlak və torpaq vergiləri yeni qaydada hesablanır. Fiziki şəxlərin əmlak və torpaq vergiləri ilə bağlı edilən bu dəyişikliklər bələdiyyələrin vergi yığımında üzləşdikləri problemləri demək olar ki aradan qaldırmışdır.
Bələdiyyələr yarandığı tarixdən bu günə qədər torpaq və əmlak vergilərinin hesablanmasında və tam yığılmasında çətinliklərlə üzləşirdilər. Bunun da əsas səbəbi əmlakın qiymətinin müəyyənləşməsi ilə bağlı idi. Yəni vergi əmlakın inventar dəyəri əsasında tutulurdu. Bələdiyyə müraciət edəndə əmlak sahibi konkret qiymət göstərilməsini tələb edirdi və burada anlaşılmazlıq yaranırdı. Bəzi hallarda inventar dəyəri olmayan evlər bələdiyyələrin özləri tərəfindən təxmini qiymətləndirilir və onlara təxmini vergi məbləği tətbiq edilirdi ki, bu da Vergi Məcəlləsi ilə birbaşa ziddiyyət təşkil edirdi. Ancaq Vergi Məcəlləsinə edilmiş dəyişiklikdən sonra bu problem də öz həllini tapmışdır. Bələdiyyələr üçün artıq bu sahədən real vergi yığımına əsl baza yaranmışdır. Bələdiyyələrin işini asanlaşdırmaq, əmlak vergisinin tam və düzgün hesablanması məqsədilə binaların, yaşayış və qeyri-yaşayış sahələri ərazilərinin, sahəsinə görə vergisinin hesablanması üçün edilən dəyişikliklər bələdiyyələrin vergi gəlirlərinə əhəmiyyətli dərəcədə təsir etmişdir. Ümumiyyətlə, bu dəyişikliklər sayəsində bələdiyyələrin büdcə gəlirlərinin iki dəfəyədək artması gözlənilir.
Bələdiyyələr tərəfindən verginin hesablanmasında və toplanmasında mövcud çətinliklərin aradan qaldırılması üçün Bələdiyyə Avtomatlaşdırılmış Məlumat Sisteminin (BAMS) yaradılmasında Prezident Administrasiyası tərəfindən tövsiyə olunaraq Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalari həyata keçirdikləri pilot layihələr çətinliklərin aradan qaldırılmasına əlverişli şərait yaratmış və bələdiyyə büdcəsinin formalaşmasına müsbət təsirini göstərmişdir.
Bələdiyyə Avtomatlaşdırılmış Məlumat Sisteminin (BAMS) tətbiqi işində göstərilən dəstək bu prosesin uğurla davam etdrilməsini daha da asanlaşdırmış, bələdiyyələrin maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarmışdır. Bələdiyyə gəlirləri və yerli vergilər sahəsində həyata keçirilən daha bir tövsiyyənin nəticəsidir ki, sahə nəzarəti haqqında qaydaların tədbiqidir. Həmin qaydalara əsasən, sahə vergi müfəttişlərinin funksiyaları daha da genişləndirilmişdir. Yeni qaydalar Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsi əməkdaşlarının, sahə vergi müfəttişlərinin təhkim olunduqları ərazi üzrə fəaliyyət istiqamətlərini və vəzifələrini müəyyən edir, ərazi nəzarəti sahəsində yerli strukturlar arasında koordinasiya münasibətlərini tənzimləyir. Yerli vergilər və ödənişlərin, bələdiyyə xidmətlərinə görə haqqların nağdsız ödənişinə nəzarəti həyata keçirməklə yanaşı, vətəndaşlarla xidmət müqavilələrinin bağlanmasını təşkil edir, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarəti təmin edir, fərdi və kollektiv müraciətləri yerində araşdırır.
Bildirmək istəyirəm ki, yerli vergilərin ödəyiciləri olan şəxslərin ev təsərrüfatlarının, təsərrüfat obyektləri və subyektlərinin pasportlaşdırılması həm də tədiyyəçilərin uçot məlumatlarının dəqiqləşdirilməsi prosesini sürətləndirmişdir. Pasportlaşdırma işinin üstün cəhətləri ondan ibarətdir ki, fiziki şəxslərin torpaq və əmlak vergisinin vergitutma bazasının müəyyən edilməsi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisinin hesablanmasında şəffaflığı təmin edəcəkdir.
Bələdiyyə Avtomatlaşdırılmış Məlumat Sisteminin (BAMS) tədbiqindən sonra vergi ödəyicilərinin təkrar uçota alınması halları da tamamilə aradan qaldırılacaqdır. Digər önəmli məqam isə güzəşt hüququ olan vətəndaşlarla bağlıdır. Belə ki, müxtəlif bələdiyyəlrin ərazisində daşınmaz əmlakı olan vətəndaş güzəşt hüququnu təsdiq edən sənədi hər bələdiyyəyə təqdim etməklə güzəşt əldə etmiş olurdu. Vahid baza yaradıldıqdan sonra isə vətəndaşın güzəşt hüququnun hansı bələdiyyə ərazisində və hansı əmlakına tətbiq edildiyi barədə məlumatı əldə etmək mümkün olacaqdır. Bu proses bütün bələdiyyələr tərəfindən tam gücü ilə davam etdirilir.
Hümbət Hüseynov
Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsinin sədri,
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri