"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə assosiasiyaları: uğurları və problemləri

--2018-06-08 / 06:22

Son vaxtlar ardıcıl olaraq bələdiyyə sisteminə həsr etdiyim yazı və təhllilləri oxucuların müzakirəsinə təqdim edirəm. Bu günlərdə sosial şəbəkədə milli bələdiyyə assosiasiyası ilə bağlı sualı müzakirəyə çıxarmağım mənə növbəti yazımın mövzusunu verdi. Bələdiyyə sistemiylə bağlı olan və olmayan onlarca şəxs suala maraqlı cavablar vermişdi. Odur ki, bu yazımı Azərbaycan milli bələdiyyə assosiasiyalarının faliyyətinə həsr etmək qərarına gəldim.

Bu gün Azərbaycanda üç milli bələdiyyə assosiasiyası - Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyası fəaliyyətdədir. 2007-ci ildən təsis edilən bu üç qurum ictimai təşkilat olaraq bir sıra layihələrin icrasını həyata keçirib. Bələdiyyələrin beynəlxalq əlaqələrinin, xüsusəndə Baltikyanı ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması, beynəlxalq tədbirlərdəki səviyyəli təmsilçilik, Türk Dünyası Bələdiyyələr Birliyi ilə əlaqələrin bərpası sözsüz ki, assosiasiya rəsmilərinin xidmətidir, desək yəqin ki yanılmarıq.

Bu da danılmaz faktdir ki, Prezident ilham əliyevin son illər bələdiyyə sisteminin inkişafına yönələn hüquqi sənədlərin imzalamasında QHT sektoruyla yanaşı, assosiasiyaların da böyük rolu olub. Hətta bir sıra sənəd və dövlət proqramlarında assosiasiyaların üzərinə məsuliyyət yükünün qoyulması bu quruma göstərilən diqqət kimi qəbul edilməlidir.

iş elə gətirib ki, bir neçə il ardıcıl olaraq assosiasiyaların illik toplantılarında, o cümlədən onların təşəbbüsü ilə keçirilən yığıncaqlarda QHT sədri olaraq dəvət alıram. Aktiv iştirak etməsəmdə, toplantılarda gedən prosesləri yaxından izləmişəm.

Etiraf edilməlidir ki, müəyyən işlər görülüb. Xüsusəndə son iki ildə həyata keçirilən BAMS proqramının tətbiqi deyərdim ki, assosiasiyanın bu gün həyata keçirdiyi və əsasən üzə çıxarıla biləcək uğurlu layihəsidir.

Qeyd edək ki, Prezident Adminstrasiyasının sektor müdiri Emin Eyvazovda BAMS-ın uğurlu bir layihə olduğunu çıxışlarında bir neçə dəfə təkrar edib, bələdiyyələri aktiv olmağa və fəaliyyətlərini ictimailəşdirməyə maraqlı olmalarını tövsiyə edib.

Beləliklə, assosiasiyaların fəaliyyətiylə bağlı apardığım müşahidələrdən belə qənaətə gələ bilərəm ki, bu qurumlar daha böyük layihələrə imza ata bilərdi - icra-bələdiyyə münasibətlərindəki boşluğun doldurulmasında, nazirlik və bələdiyyə müstəvisində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsində, qanunvericilik aktlarındakı boşluqların aradan qaldırılmasında ciddi təkliflər paketiylə çıxış edə bilərdi. Bununla yanaşı digər QHT-lərlə əməkdaşlıq edərək birgə layihələrin icrası nəticə etibariylə ümumi problemlərin həllini sürətləndirərdi.

Amma təəssüf ki, bu layihələr icra olunmamış qaldı.

Bu gün bələdiyyələrin illik büdcə gəlirləri 36 milyon manata yaxınlaşdığını nəzərə alsaq belə düşünmək olar ki, bələdiyyələrin 2007-ci ildə əldə etdiyi 50 milyon manatlıq rekordunu təkrar etmək üçün hələ çox illər lazım olacaqdır. Sözsüz ki, BAMS proqramının tətbiqi nəticə etibariylə büdcə gəlirlərinə müsbət təsir edib. Ancaq gedişat göstərir ki, assosiasiyalar bu layihə ilə kifayətlənməməlidirlər.

Digər bir məqam.

Bu gün Ekologoiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələri az qala ucdan tutma bələdiyyələrə cərimə kəsir. Son bir ayda dörd bələdiyyə sədrinə üst-üstə13 min manat cərimə kəsilib. Belə olan halda assosiasiya rəsmiləri nədən bu prosesin qarşısının alınması üçün addımlar atmır. Sanki müşahidə mövqeyindədirlər. əgər addım atılırsa, onda niyə ictimailəşdirilmir?  

Qısa şəkildə olsa da bizi narahat edən bəzi məqamlara toxunduq. Beləliklə, yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar:

1.Bu gün üç bələdiyyə assosiasiyasının fəaliyyətinin aktivləşdirlməsi və mövcud problemlərinin həllinin sürətləndirilməsi üçün bu qurumların birləşdirilməsinə zərurət var. Qeyd edək ki, bu həm üzvlük haqqlarından daxil olan maliyyə vəsaitinin mərkəzləşdirilməsinə səbəb olacaq, həmdə israfçılığın qarşısını almış olacaqdır. əlavə edim ki, bu günkü strukturu saxlamaqla həmsədrlik institutunu tətbiq etmək olar.

Hazırda assosiasiyalara daxil olan maliyyə vəsaitinin həcmi də elə də böyük deyil və bugün nəzərdə tutulan vəsaitin yalnız 70 faizədək hissəsi yığıla bilir. əgər assosiasiyalar canı dildən bələdiyyərin qarşısına qoyulan məqsədlərə çatmaq üçün addımlar atarsa, yəqin ki, həm bələdiyyələrin, həmdə assosiasiyaların maliyyə problemləri öz həllini tapmış olacaqdır.

2. Bu gün assosiasiyalar həm də beynəlxalq təşkilatlarla əməkdaşalığa can atmalı və maliyyə vəziyyəti imkan verdiyi halda bələdiyyə üzvlərinin və qulluqçuların maarifləndirlməsi istiqamətində konkret addım atmalıdırlar. Təcrübə göstərir ki, bu gün bələdiyyələrdə baş verən neqativ halların bir qsimi qanunları bilməməkdən irəli gəlir. Odur ki, assosiasiyanın ekspertləri mütəmadi olaraq təsdiq edilmiş proqrama uyğun regionlarda ezamiyyətə getməli və seminarlar keçirməlidirlər. Bununla yanaşı keçirilən görüşlərdə   bələdiyyə sahəsində qabaqcıl təcrübənin yayılması və qəbul edilən son   yeniliklər izah edilməlidir.

3. Assosiasiyanın media ilə əlaqələri zəifdir və demək olar ki, yox səviyyəsindədir. Assosiasiyanın media üzrə əlaqələndiricisinin olmaması assosiasiyanın fəaliyyətinin sistemli şəkildə təbliğinə maneə yaradır. Habelə yaranan sualların cavablandırılması, bələdiyyələrlə qarşılıqlı informasiya mübadiləsinin həyata keçirilməsi nəticə etibariylə sistemin inkişafına səbəb ola bilər. əvvəlki yazılarımda qeyd etdiyim kimi   assosiasiyaların, həm özlərinin saytları canlı şəkildə fəaliyyətdə olmalı, həmdə sosial şəbəkələrin verdiyi   pulsuz imkandan da yararlanmaq lazımdır. Bu həm də bələdiyyələrin fəaliyyətinin təbliği deməkdir.  

Bu yazı əslində assosiasiyaların daha yüksək inkişafı üçün mövcud problemlərin aradan qaldırılmasında vətəndaş cəmiyyətinin bir təmsilçisi olaraq yazılıb.

inanıram ki, qurum rəsmiləri irəli sürülən təklif və iradlarla bağlı diqqət göstərib fikirlərini bildirməyi unutmayacaqlar.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri

ŞƏRHLƏR