Bələdiyyələrin fəaliyyətində diqqətçəkən məqamlardan biri də “üst-üstə qalaqlanmış” borclara görə kimin məsuliyyət daşımasıdır. Keçmiş bələdiyyə sədrləri və ya bələdiyyə orqanı bütovlükdə?
Bu məqsədlə Belediyye.info saytı millət vəkilləri, ekspert və hətta bələdiyyə sədrlərindən münasibət öyrənib.
***
Azər Badamov: "Yeni seçilmiş bələdiyyələrin qarşısında köhnə borclarla əlaqədar böyük çətinliklər yaradır"
Millət vəkili Azər Badamov məsələyə münasibət bildirərkən deyib ki, bələdiyyə özünüidarəetmə orqanı olaraq, sərbəst şəkildə fəaliyyət göstərir. Onun sözlərinə görə, bu qurumun fəaliyyəti bələdiyyə iclaslarında müzakirə olunur: “Borclar, ödənişlər və fəaliyyəti haqqında müzakirələr aparılır və bu iclaslarda qərarlar qəbul olunur. Bir bələdiyyə öz fəaliyyətini 5 il ərzində başa vurursa və əgər bunu düzgün qurmursa, özündən sonra gələn bələdiyyə üçün problem yaratmış olur. Çox təəssüflər olsun ki, belə bələdiyyələr mövcuddur və belə gözlənilməz nəticələr qalmaqdadır. Yeni seçilmiş bələdiyyələrin qarşısında köhnə borclarla əlaqədar böyük çətinliklər yaradır. Buna konkret təsir mexanizmi olmadığına görə, bu məsələ bələdiyyə iclaslarında müzakirə olunduğuna görə, yeni bələdiyyənin üzərinə yük düşür. Yeni bələdiyyə də bu yükü daşımaq məcburiyyətindədir”.
A.Badamov deyib ki, əgər qanunvericilik çərçivəsində hər hansı pozuntu, özbaşınalıq olubsa, yeni seçilmiş bələdiyyə özündən əvvəlki bələdiyyəni məhkəməyə vermək imkanına malikdir: “Halbuki köhnə bələdiyyələrdən qalmış borclar borc şəklində qalsa, yeni bələdiyyə yəqin ki, bu istiqamətdə işləri görməlidir”.
***
"Yeni bələdiyyə sədrləri özündən əvvəlki bələdiyyə sədrinin məsuliyyətini daşımamalıdır”
Millət vəkili Tahir Rzayev isə qeyd edib ki, köhnə bələdiyyədən qalmış borclarla bağlı məsuliyyəti elə onlar daşıyır. Onun sözlərinə görə, yeni bələdiyyə sədrləri özündən əvvəlki bələdiyyə sədrinin məsuliyyətini daşımamalıdır”.
***
"Bələdiyyələrə öz statusunu həyata keçirməyə imkan yaratmaq lazımdır”.
Millət vəkili Fazil Mustafa deyib ki, əslində yaranan borc bələdiyyələrin tam məsuliyyətsiz və yararsız quruma çevrilməsinə rəvac verir: “Borca görə əlbəttə məsuliyyəti bələdiyyə daşıyır. Ancaq bu heç bir hüququ qalmayan və leqal vəsait əldə etmə imkanı olmayan bir qurumdan necə alınacaq, artıq nonsensdir”.
F.Mustafanın sözlərinə görə, qanunvericilikdən çox bələdiyyə ilə bağlı sağlam siyasi qərar qəbul edilməlidir ki, onlar real özünüidarə qurumuna çevrilsin: “Bu şərtlərdə çıxış yolu görmürəm. Çünki giriş yolu yoxdur ki, çıxış yolu barədə də düşünəsən. Bələdiyyələrə öz statusunu həyata keçirməyə imkan yaratmaq lazımdır”.
***
"Bu təşkilatlarda varislik prinsipi var"
Ekspert Abil Bayramovun fikrincə, bu təşkilatlarda varislik prinsipi var. O qeyd edib ki, borcun nə vaxt yaranmasından asılı olmayaraq, konkret bələdiyyənin özü məsuliyyət daşıyır: “Yəni, baxmayaraq ki, hansısa bələdiyyə sədrinin dövründə borc yaranıb və sonradan dəyişiklik olub, yeni sədr təyin olunub, bu o demək deyil ki, borc silinir. Borc yerində qalır və qurum məsuliyyət daşıyır”.
A.Bayramov bu məsələdə situasiyadan asılı olaraq qiymətləndirmə aparmaq lazım olduğunu diqqətə çatdırıb: “Ola bilər ki, bələdiyyə sədrinin hərəkətləri nəticəsində hansısa qanunsuzluq yaranıb və konkret o qanunsuzluğa yol vermiş vəzifəli şəxs məsuliyyət daşıyır.
Digər tərəfdən isə qurumun özünün, məsələn, hansısa bələdiyyə sədrinin dövründə Dövlət Sosial Müdafiə Fonduna, yaxud da başqa bir vergi borc yaranıb. Həmin borca görə, artıq bələdiyyənin özü məsuliyyət daşıyır”.
***
“Yeni sədr özündən əvvəlki sədrin niyə məsuliyyətini daşımalıdır?
Qaraçuxur bələdiyyəsinin sədri ixtiyar Nəcəfov isə qeyd edib ki, bələdiyyəni borclu vəziyyətinə salan şəxs özü məsuliyyət daşımalıdır: “Yeni sədr özündən əvvəlki sədrin niyə məsuliyyətini daşımalıdır? Düzdür yeni sədr yaranmış çatışmazlıqları aradan qaldırmalıdır”.
Bələdiyyə sədri olaraq, belə bir halla qarşılaşmadığını diqqətə çatdıran i.Nəcəfov deyib ki, Qaraçuxur bələdiyyəsinin borcları olsa da, bu məsələ artıq öz həllinin tapıb: “Çalışırıq bu kimi məsələləri həll edək. Hər zaman borclu olmaq doğru deyil”.
Bəxtiyar Məmmədli