“Lahıc bələdiyyəsi ərazisində yerləşən 250 tonluq mərkəzi su anbarına gələn əsas su xətti yenilənib”. Bu fikirləri Belediyye.info saytına ismayıllı rayonu Lahıc bələdiyyəsinin sədri Rövşən əliyev deyib. Onun sözlərinə görə, bir müddət əvvəl bələdiyyə tərəfindən inşasına başlanılmış avtomobil dayanacağının tikintisi davam edir: “O cümlədən xeyirxah insanların tərəfindən ayrılan maliyyə vəsaiti hesabına Lahıc bələdiyyəsi ərazisində yerləşən "Bədöyun" qəbristanlığının qarşısında abadlıq işləri və “xeyir-şər evi” tikilir. Onu da qeyd edim ki, burada daş muzey də inşa edirik. Bu muzeydə ərazidə tapılan qədim daş nümunələri sərgilənəcək.”
2014-ci ildə Azərbaycan Kənd investisiya Layihəsində (AzKiL) iştirak edərək icma rəhbəri olduğunu qeyd edən Rövşən əliyev deyib ki, Lahıc qəsəbəsi ilə ərəgit kəndində əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması sahəsində təklif etdikləri “icma Bazarı” layihəsi müsabiqənin qalibi olub: “Hazırda Lahıc bələdiyyəsi ərazisində layihənin tikintisinin icrasını davam etdirirəm. Bu layihə Dünya Bankının maliyyə vəsaiti hesabına həyata keçirilir.
Bundan başqa Lahıc bələdiyyəsi ərazisində yaşıllaşdırma işləri daima davam etdirilir. Cari ilin birinci yarısında bələdiyyənin təşəbbüsü və təşkilatçılığı ilə 10.000-ə yaxın müxtəlif növ ağac əkilib”.
Bəxtiyar Məmmədli