"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə ərazisindəki hansı torpaqlar xüsusi mülkiyyətə verilə bilməz? SORUşUN CAVAB VERəK

--2020-07-24 / 13:10

1. Bələdiyyə iclasları hansı qaydada çağrılır?

 “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən bələdiyyənin iclasları ayda bir dəfədən az olmamaqla bələdiyyənin sədri tərəfindən çağırılır.

Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər.

Bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir.

Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır.

Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

Bələdiyyənin iclasları bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıla bilər. Bələdiyyə ərazisində yaşayan səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyini onun çağırılması təşəbbüsünü irəli sürənlər müəyyənləşdirir. Bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyinin layihəsi onun çağırılması təşəbbüsünü irəli sürənlər tərəfindən təsdiq edilmək üçün bələdiyyə iclasının müzakirəsinə çıxarılır.

Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin II hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir.

   2.Bələdiyyə ərazisindəki hansı torpaqlar xüsusi mülkiyyətə verilə bilməz?

 “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

 Hazırladı:

Çingiz Cavadov

Lənkəran Regional ədliyyə idarəsinin

baş məsləhətçisi kiçik ədliyyə müşaviri

 

ŞƏRHLƏR