2014-cü ilin dekabrında ölkəmizdə sayca 4-cü bələdiyyə seçkiləri keçirildi. Seçkilərdə, ümumilikdə daha çox qadınlar və gənclər mandat aldılar.
Sevindirici haldır ki, Binəqədi rayon bələdiyyəsinə seçilənlərin də 41,2%-ni gənclər təşkil etdi. 17 nəfərdən 7-si. Qadınların təmsilçiliyi isə daha yüksək oldu: 47%, yaxud 8 nəfər.
Qeyd edək ki, Binəqədi Bələdiyyəsi 6, 7, 8, 9, 9a mkr-lar, Naxçıvani və Dərnəgül yaşayış massivləri, eləcə də Novxanı, Fatmayi və Goradil bağ massivlərini əhatə edir. əhalinin sayı 90 000 nəfərdən çoxdur. Bələdiyyəmiz 17 nəfərdən ibarət yeni tərkibdə öz səlahiyyətlərinin icrasına 26.01.2015-ci il tarixdən başladı. ilkin olaraq isə fəaliyyətə ədliyyə Nazirliyindən yeni Nizamnamənin qeydiyyatdan keçirilməsi ilə başladı.
Bu gün ötən altı aydakı fəaliyyətimizi uğurlu hesab etmək olar. Öncə qeyd edək ki, bələdiyyə idarəçiliyindəki səmərəlilik getdikcə artır. Ölkəmizin sürətli inkişafı, idarəetmənin ən müasir tələblər səviyyəsində qurulması əhali arasında müasir ödəniş mədəniyyətini formalaşdırır. şəffaflığı təmin etməyin əsas vasitələrindən biri isə bütün əməliyyatların nağdsız ödəniş yolu ilə həyata keçirilməsidir. Bələdiyyələr də bu prosesdən kənarda qala bilməzdi.
“Yerli vergilər və ödənişlər haqqında” Qanuna edilən dəyişiklikdən sonra ödənişlər banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. 2015-ci ilin yanvarın 1-dən əmlak və torpaq vergiləri yeni qaydada hesablanır. inanırıq ki, fiziki şəxlərin əmlak və torpaq vergiləri ilə bağlı edilən bu dəyişikliklər bələdiyyələrin vergi yığımında üzləşdikləri problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq.
Bələdiyyələr tərəfindən verginin hesablanması və toplanmasında mövcud çətinliklərin aradan qaldırılması üçün Bələdiyyə Vergi informasiya Sisteminin (BViS) yaradılması da artıq zərurətə çevrilib. Elə bu səbəbdən də Binəqədi rayonunun 5 bələdiyyəsində olduğu kimi, bələdiyyəmizdə də BViS pilot layihəsinin tətbiqinə başlanılıb. Bu layihə çətinliklərin aradan qaldırılmasına, bələdiyyə büdcəsinin formalaşmasına əlverişli şərait yaradıb. Bələdiyyəmizdə yığımın ötən ilin anoloji dövrü ilə müqayisədə iki dəfəyədək artması, düşünürəm ki, bu layihənin müsbət nəticəsidir. Bu isə imkan verəcək ki, büdcəmizin gəlirləri hesabına əhalinin problemlərinin həllinə daha yaxından kömək edə bilək.
Qarşıda duran digər bir vəzifə vergi yığımında şəffaflığın təmin edilməsidir. Sözsüz ki, verginin düzgün yığılması üçün tam və dəqiq uçot sistemi olmalıdır. Məhz elə bu məqsədlə də bələdiyyə ərazisində olan ev təsərrüfatları və təsərrüfat subyektlərinin pasportlaşması (invertarizasiya) işini həyata keçirir. Pasportlaşmanın üstün cəhətləri fiziki şəxslərin torpaq və əmlak vergisinin vergitutma bazasının müəyyən edilməsi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisinin hesablanmasında şəffaflığı təmin olunmasıdır. Pasportlaşma işində isə əsas önəm uzun zamandır vergi yığımında diqqətdən kənarda qalmış çoxmərtəbəli, çoxmənzilli binlara verilir. Diqqətinizə çatdırım ki, bu günə ərazimizdə mövcud binaların və təsərrüfat subyektlərin artıq 60 %-də pasportlaşma işini yekunlaşdırmışıq.
Daha bir fakta diqqətinizi çəkmək istərdim. Bu gün Binəqədi Rayon icra Hakimiyyəti də bələdiyyəmizə xüsusi diqqət göstərir. Rayonumuzun 5 bələdiyyəsi icra Hakimiyyəti ilə birlikdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi və yaxşılaşdırılması məqsədilə təkliflər paketi hazırlayıb. Təkliflər paketində bələdiyyələri maraqlandıran, eləcə də sakinləri narahat edən bir çox məsələlər öz əksini tapıb. Təkliflər sırasında bələdiyyələrin mülkiyyətinin idarə olunmasının yaxşılaşdırılması, bələdiyyə ərazilərində qəsəbə təsərrüfatının inkişaf etdirilməsi, bələdiyyələrin büdcəsinin tərtibi, vergi və rüsumların yığılması sahəsində, o cümlədən kargüzarlığın təşkili, insan resurslarının idarə edilməsi, sosial yönümlü layihələrin həyata keçirilməsi və digər mövzularda tövsiyyələr yer alıb. Bu gün bələdiyyənin yerlərdə sakinlərlə səyyar görüşlərini təşkil edirik. Məhəllə komitələri vasitəsilə sakinlərimizə daha yaxın olur, onların problemlərini daha az vaxt sərf etməklə öyrənə bilirik. Sosial şəbəkələrdə yaradılmış səhifələrimiz də sakinlərimizə xidmət edirik. Sakinlər bu səhifələrdə görülən işləri birbaşa izləyə, eyni zamanda təklif və şikayətlərini bələdiyyəyə gəlmədən ünvanlaya bilirlər.
Sonda bir məqamı da vurğulayım ki, yeni seçilən bələdiyyələr sakinlər arasında nüfuzunu qaldırmaq üçün çox iş görməlidir. Bu gün çiynimizdə həqiqətən ağır, şərəfli və çox məsuliyyətli bir yük var: bələdiyyələrə inamın geri qaytarılması, bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi.
Sitarə Cabbarlı
Binəqədi bələdiyyəsinin sədri