"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə həmkarlar təşkilatı maraqlı təkliflərlə çıxış edib-CiDDi

--2016-10-13 / 10:57

Azərbaycan Bələdiyyə işçilərinin  Həmkarlar ittifaqının sədri Məhərrəm Xəlilovun imzasıyla Milli Məclisə müraciət ünvanlanıb.

Bu barədə məlumatı Belediyye.infoya təşkilatın əmək hüquqları üzrə müfəttişi Məhəmməd Kərimov bildirib. Onun sözlərinə görə, müraciətin göndərilməsində məqsəd bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə həmkarlar təşkialtı olaraq öz töhvəmizi verməkdir.

 

Müraciətdə bildirilir:

"Azərbaycan Bələdiyyə işçilərinin  Həmkarlar ittifaqı respublikanın bələdiyyələrində olan vəziyyəti təftiş edərək işçilərin əmək münasibətlərindən yaranan iqtisadi və sosial vəziyyətlə əlaqədar monitorinqlər aparmışdır. Monitorinq zamanı məlum olmuşdur ki, 2015-ci ildə vergi müfəttişlərinin öz ərizələrinə əsasən işdən çıxma halları çoxalmışdır. Buna səbəb qanunvericiliyə edilən son dəyişiklikdən sonra bələdiyyə büdcəsinə daxil olan əmlak və torpaq vergisinin  azalmasıdır.

Nəzərə alsaq ki, bələdiyyə qulluqçularının əmək haqqı bələdiyyənin büdcəsi hesabına, büdcənin xərc istiqamətləri müəyyən edilərkən əmək haqqına ayırmalar ümumi büdcənin əlli faizindən çox olmamaqla, onun maliyyə imkanlarına uyğun olaraq təsdiq edilmiş “ştat cədvəli” əsasında müəyyən edilir.

20 iyun 2014-cü il tarixdən “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna   edilən  dəyişiklik, 01 yanvar 2015-ci ildən qüvvəyə mindikdən sonra yerli vergilər və ödənişlər banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitəsi ilə həyata keçirilir.

Bu dəyişiklik gəlirlərin şəffaflığına, korrupsiyanın qarşısının alınmasına, vətəndaşın vergi ödəmə mədəniyyətinin formalaşmasına yönəlib.

Qanuna edilən dəyişiklikdən sonra vergi müfəttişləri tədiyyə bildirişini vergi ödəyicisinin ünvanına çatdırsalar da vergi ödəyiciləri könüllü surətdə vergini ödəmək istəmirlər. Aparılan araşdırmamızın nəticəsi olaraq deyə bilərik ki, vergi ödəyicilərinin çoxunun  əmlak və torpaq  vergisini ödəmək fikri də yoxdur.

Nəzərə alsaq ki, dövlət büdcəsinə ödənilən verginin vaxtında ödənilməməsinə görə Vergi Məcəlləsinin 89.1 maddəsində təsbit olunmuşdur ki, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.

Bələdiyyə vergisini ödəməyən vergi ödəyicisinə qanunla hiss olunacq dərəcədə elə bir tutarlı maliyyə sanksiyasının tətbiq olunması nəzərdə tutulmamışdır.

“Vergini ödə, rahat yat” prinsipinin işləməsi üçün bələdiyyə vergilərini ödəməyən vergi ödəyicilərinə qarşı vergi qanunvericiliyində konkret məsuliyyət yaradan normalar demək olar ki yoxdur. Qanunda sərt maliyyə sanksiyaları nəzərdə tutulmalıdır.

Yerli büdcəyə vergi ödəmələrinin mütəmadi olaraq daxil olması üçün  təklif edirik ki, ilin sonuna əmlak və torpaq vergisini ödəməyən vətəndaşlar haqqında məlumatlar sonuncu xəbərdarlıq üçün sahə müvəkkillərinə göndərilsin. Sonuncu xəbərdarlığından sonra vergidən yayınan vergi ödəyiciləri  məhkəməyə verilsin.

Bundan əlavə “Vergi Məcəlləsi”nin 198.1.1-ci maddəsində fiziki şəxslərin xüsusi mülkiyyətdə olan yaşayış və qeyri-yaşayış sahələri üçün vergi dərəcələri təsbit olunmuşdur. Qeyri-qanuni yəni özbaşına tikililər üçün Vergi Məcəlləsində vergi dərəcələri, vergi ödəmələri haqqında heç bir məlumat yoxdur. Hesablamalara görə respublikamızda 500.000 qeyri- qanuni tikili var, amma qanuni olaraq vergiyə cəlb etmək mümkün deyil.

Təklif edirik ki, yerli özünüidarəetmə orqanları hər il qeyri-qanuni tikilinin istifadəçisinin istifadə hüququnu müvəqqəti də olsa tanısın və özbaşına tikililər və zəbt olunmuş torpaqlar üçün Vergi Məcəlləsində təsbit olunan  vergi dərəcələrinin 2 qat misli  tətbiq olunsun.

Vergi Məcəlləsin 102.2-ci maddəsində sadalanan fiziki şəxslərə 30 manat əmlak vergisi güzəştləri saxlanılmaqla, gələcəkdə baş verə biləcək neqativ halların baş verməməsi üçün  həmin qanunun 199.3-cü maddəsində təsbit olunan şəxslərə vergi güzəştləri ləğv edilsin. Vergi Məcəlləsinin 199.3-cü maddəsində olan güzəştlər ləğv edilməsə kənd və qəsəbələrdə bələdiyyə büdcəsinə əmlak vergisi daxil  olmayacaq. Ona görə ki, kənd və qəsəbələrdə evlər evin böyüyünün  daha doğrusu pensiyaçının mülkiyətində olur və onlara 30(otuz) manat vergi güzəşti verilir.  Bu da əmlak vergisinin cəmindən iki dəfə çoxdur. 

Su və hava nəqliyyatı üçün vergi nəzərdə tutulsa da, bələdiyyə torpağından istifadəyə (avtodayanacaq olmayan yerdə parklanma) görə şəxsi mülkiyyətdə olan avtomobillər  üçün vergi dərəcələri müəyyən edilməmişdir. şəxsi mülkiyyətdə olan avtomobillər də əmlakın bir növüdür. Nəzərə alsaq ki, ölkə ərazisində 1 milyona yaxın şəxsi avtomobil var, 5 qəpikdən vergi yığılsa gündəlik 50 min manat respublika bələdiyyələrinin büdcələrinə maliyyə vəsaiti daxil olar.

Təklif edirik ki, şəxsi mülkiyyətdə olan avtomobillər üçün bələdiyyə büdcəsinə ödəniləcək vergi dərəcəsi  gündəlik 5-10 qəpik həddində müəyyən  edilsin. Nəticədə yayda kənd bələdiyyələri də müəyyən miqdarda maliyyə vəsaiti qazana bilərlər.

Bələdiyyənin ərazisində, yol qıraqlarında, daxili yollarda parkomatların olmadığı yerlərdə fəaliyyət növündən asılı olmayaraq gündəlik bələdiyyə torpağında iş üçün dayanan (taksi fəaliyyəti, yük daşıma) maşınları bələdiyyə torpağından istifadəyə görə torpaq vergisinə cəlb edilsin. Bələdiyyə torpağından istifadəyə  görə vergi dərəcəsi gündəlik 10-20 qəpik həddində müəyyən  olunsun.

Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı olaraq bələdiyyə üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etmək məqsədi ilə ilk növbədə büdcəsinə əlavə maliyyə vəsaitinin daxil olmasına çalışmalıyıq. Bunun üçün ölkə iqtisadiyyatının  ən ciddi problemlərindən biri olan gizli məşğulluğa qarşı mübarizəyə, əlavə səlahiyyət verməklə bələdiyyələrin də cəlb edilməsini təklif edirik.

Nəzərə alsaq ki,  Azərbaycanda 9 milyon əhali var, yaş həddinə görə əhalinin sayını 4 yerə (20,  40-60 və 60-dan yuxarı)  bölsək  20-60 yaşda olan məşğul əhalinin sayı 4,5 milyon olar.

Bu gün statistikaya görə  qeydiyyata düşmüş cəmi 1,5 milyon məşğul əhali var. 3 milyon əhali qeyri-leqal çalışır. Dövlət əmək Müfəttişliyinin əməkdaşı istəsə də qeyri-leqal  işçiləri aşkara çıxara bilməz. Aşkara çıxarmaq üçün həmin əməkdaş gərək bütün günü həmin ərazidə ola, bu da mümkün deyil.

     Qeyri-leqal (gizli) məşğulluğun qarşısının alınması üçün bələdiyyələrə əlavə səlahiyyət verməklə bələdiyyə ərazisində çalışan qeyri-leqal işçilərin leqallaşdırılması  daha asan  olar, respublikada əmək bazarına nəzarət güclənər. Bir şərtlə ki, hər leqallaşan işçidən bələdiyyə büdcəsinə müəyyən vəsaitlər daxil olsun. Bələdiyyələr üçün bələdiyyə ərazisində çalışan qeyri-leqal  işçiləri müəyyən etmək çox asandır. Nəzərə alsaq ki, bələdiyyə büdcəsinə vergi daxilolmaları ilə  vergi müfəttişləri məşğul olurlar. Vergi Məcəlləsinə edilən son  dəyişiklikdən sonra vergi müfəttişlərinin işi azalıb. Qeyri-leqal (gizli) məşğulluğun qarşısının alınmasını da onlara həvalə etmək olar. əlavə işçi qüvvəsinə ehtiyac yoxdur. Demək olar ki, eyni ərazidən eyni vergi müfəttişi gündə 1-2 dəfə keçir, ərazini beş barmağı kimi tanıyır. Vergi müfəttişinə gizli məşğulluqla   mübarizə ilə bağlı əlavə səlahiyyət verilərsə həmin müfəttiş məşğulluğun leqal və ya qeyri-leqal olmasını müəyyən etmək üçün çətinlik çəkməz, qeyri-leqal iş aşkar edilərsə əmək münasibətlərinin rəsmləşdirilməsini, əks halda işin dayandırılmasını tələb etməklə qeydiyyat aparar.

      Hər leqallaşan işçiyə görə müəyyən məbləğ ödəməklə, aşağıda göstərilən iş yerlərində çalışan qeyri-leqal işçilərin leqallaşmasını bələdiyyələrə həvalə etmək olar.

     3-5 nəfərə qədər işçisi olan kiçik ticarət və xidmət obyektləri (vergi müfəttişi hər gün həmin obyektlərin yerləşdiyi ərazidə olur və  dəqiq bilir ki, bu obyektlərdə kimlər işləyir)

bələdiyyə ərazisində xüsusi evlərdə təmir işləri aparan fəhlə, bənna, dəmirçi, suvaqçı,  elektrik, santexnik, malyar, dam ustası, rəngsaz, döşəmə ustası, qaynaqçı, aşpaz, xadimə, ev qulluqçusu, bağban, cangüdən, sürücü, başqasının  itini  gəzdirən, dayələr (həm uşaqlar həm də böyüklər üçün) və s. işçilər.

Vergi müfəttişləri hər gün həmin evlərin, mənzillərin yerləşdiyi ərazidə olurlar və  dəqiq bilirlər  ki, bu mənzildə kimlər yaşayır və kənar şəxslər kimlər işləyir. Bələdiyyələrin vergi müfəttişlərini  gizli məşğulluğa qarşı mübarizəyə cəlb etməklə  aşağıda göstərilən bəzi problemləri həll etmiş olarıq:

a)      nəticədə bələdiyyə büdcəsinə daxil olan vəsaitlər artar.

b)      peşəkar vergi müfəttişlərinin əmək haqqının azlığına görə işdən çıxması dayanar

c)      dövlət büdcəsindən qeyri-leqal (gizli) məşğulluğun qarşısının alınmasına qarşı mübarizəyə əlavə vəsaitin ayrılmasına ehtiyac olmaz.

d)      Özünü yaşadığı yerdə işsiz kimi qeydiyyata aldıran, DSMF-yə aylıq gəlirinin az olduğunu bildirərək sosial yardım alan, əslində başqa  yerdə qeyri-leqal  (gizli) məşğul olan işçilər ifşa olunar.

e)       Sosial yardım alanların sayı  ən azı 30-40 % azalar.

f)       Qeyri-leqal (gizli) məşğulluğa qarşı mübarizəyə bələdiyyə qatılarsa, ərazidə işləyənlər haqqında məlumat olsa  oğurluq və cinayət hadisəsi zamanı çox axtarışa ehtiyac qalmaz, bununla da cinayətkarların sayı azalar.

g)      leqallaşan işçilərin əmək, sosial-iqtisadi hüquqları qorunar

h)      Həmkarlar ittifaqı  üzvlərinin sayı artar."

Müraciətin sonunda deyilir ki, Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının  təklifləri qəbul edilərsə bələdiyyələrə dövlət tərəfindən verilən dotasiyalara  ehtiyac qalmayacaq.

Belediyye.info

 

ŞƏRHLƏR