"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə klubu niyə yaradılmalıdır?

--2018-07-26 / 16:19

Biz mütəmadi olaraq qələmə aldığımız yazılarda bələdiyyələrin nailiyyətləri və qarşılaşdığı problemlərin həlli istiqamətində görmək istədiyimiz məqamlara yer vermişik. Bu yazıda məqsəd isə bələdiyyələrin problemlərinin birgə həlli yoluna nəzər salmaqdır.

Hər bir problemin həlli ilk növbədə o problemin hansı səviyyədə ictimailəşdirilməsindən də asılıdır. Bu gün bələdiyyələrin fəaliyyətinin təbliği, o cümlədən bu orqanlara lobbiçiliyin edilməsində müəyyən çətinliklər vardır. Bunun isə həm obyektiv, həm də subyektiv səbəbləri var. Bəs mövcud problemin həlli üçün hansı yolları təklif edərdik?

Bir qədər əvvələ qayıtsaq qeyd edə bilərik ki, məhz 2001-ci ildə Bakının on bələdiyyə sədrinin iştirakıyla Bələdiyyə Mətbuat Klubunun (BMK) yaradılması dəstəklənmişdi. Və hətta BMK-nın əsasnaməsi də müzakirə edilərək təsdiqlənmişdi.

Nəticə etibariylə, irəli sürülən bu ideya gerçəkləşməmiş qaldı. Baxmayaraq ki, on bələdiyyə sədri dəstək məktubunda bu məsələyə diqqətlə yanaşdıqlarını qeyd etmişdilər.

Bu klubun yaradılması bələdiyyənin bütün fəaliyyətinin ictimailəşdirilməsi, qarşılaşdığı çətinlikləri təhlil etmək, hətta qabaqcıl təcrübəni bələdiyyələr arasında yayılması məqsədi var idi.

On yeddi il əvvəl irəli sürülən ideyanın bu gün eyni məzmunda, lakin tam başqa bir formatda irəli sürülməsi ondan xəbər verir ki, artıq bu layihənin gerçəkləşməsi üçün tam zəmin vardır.

Yəni bü gün hər hansı vətəndaş cəmiyyətinin təmsilçisi deyil, məhz yerlərdən, bilavasitə bələdiyyələrin özlərindən bu ideya irəli sürülür və bir daha dəstəklənir.

Bəs bələdiyyə klubu hansı zəruriətdən yarana bilər?

Bu gün etraf etməliyik ki, bələdiyyələrin çoxsaylı problemləri var. Bir sıra icra və dövlət qurumlarının bələdiyyələrə ögey münasibət göstərməsi də reallıqdır.

Misal olaraq mütəmadi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bələdiyyə sədrlərinə qarşı əsasən haqsız sanksiyaların tətbiq edilməsi, mehmanxana və sanatoriyalardan rüsümların dəqiq və şəffaf şəkildə alınması üçün mexanizmin olmaması bələdiyyələrə hər hansı lobbiçiliyin edilməməsindən xəbər verir. əgər bələdiyyələr adıçəkilən mövzularda birgə hərəkət etmiş olsaydılar, yəqinki bu orqanlara qarşı belə addım atılmazdı. Üstəlik, milli bələdiyyə assosiasiyaların bu hadisələrə hər hansı reaksiya verməməsi də fakt olaraq qalır. Yuxarıda qeyd edilən suallara məhz assosiasiya rəsmiləri vaxtında aydınlıq gətirməliydilər.

Fikrimizcə, “Bələdiyyə klubu”nda konkret mövzuların müzakirəsi nəticə etibariylə onun həllinə səbəb ola bilər. Sonda bütün proses bələdiyyə sisteminin inkişafına şərait yaratmış olacaqdır.

Bu arada qeyd edək ki, Azərbaycan Prezident ilham əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir çox ciddi məslələrə toxunub. Bu məsələrdən biri də qanunsuz tikintilərlə bağlı olub. Bu məqamla bağlı Prezident sərt şəkildə bidlrib ki, “qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar. Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz.”

Prezident ilham əliyevin bu fikri cəmiyyətdə bələdiyyəyə olan münasibəti müəyyən mənada dəyişibdir, desək yəqin ki yanılmarıq. Məhz bu çıxışdan sonra Zirə qəsəbə bələdiyyəsinin avtobuslarının marşruta verilməsi və bu addımın Bakı Nəqliyyat Ağentliyi tərəfindən müəyyən formada təbliğ edilməsi də müsbət haldır, təqdirəlayiqdir.

Yuxarıda qeyd edilən ideyanın gerçəkləşməsi bələdiyyələrin fəaliyyətindəki problemləri təhlil etməklə, digər qurumları bu problemin həllnə yönəltmiş olacaqdır. Bələdiyyələrə Azərbaycan Milli Bələdiyyə Assosiasiyaları tərəfindən ürəkaçan koordinasiya və dəstək verilmədiyini nəzərə alsaq belə bir ideyanın gerçəkləşməsi daha real görünə bilər. əslində elə assosiasiyalar bu ideyanın arxasınca getməklə bələdiyyələri öz ətrafında daha sıx birləşdirə bilərdilər.

Bələdiyyə klubu ilk növbədə bələdiyyələrin həyata keçirdiyi layihələri sistemləşdirmək, bu təcrübəni paylaşmaq, problemlərin həlli istiqamətində digər bələdiyyələri cəlb etməklə dövlət qurumlarıyla birgə danışıqlara gedilməsi son nəticədə Ulu öndər Heydər əliyevim təbirincə desək “Bələdiyyələri Azərbaycanda demokratiyanın inkişafında yeni bir mərhələ edəcəkdir.”

Hər halda bələdiyyələrin belə bir ideya ətrafında birləşməsinin özü müsbət haldır, qiymətləndirilməli və bütün hallarda dəstək verilməlidir.

Vüqar Tofiqli

"Bələdiyyələrin fəaliyyətinin təbliği" iB-nın sədri 

ŞƏRHLƏR