Azərbaycan Respublikasının həyatına bütün sahələrdə yüksək tərəqqi və sürətli inkişaf ili kimi daxil olan 2017-ci il artıq başa çatmış, hazırda ölkə özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünə qədəm qoymuşdur. Ümummilli lider Heydər əliyev tərəfindən əsası qoyulmuş və bu gün onun siyasi kursunun layiqli davamşısı cənab Prezident ilham əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası, eləcə də həyata keçirilən və insanların maddi rifah halının yüksəldilməsinə hesablanan çoxsaylı layihələr nəticəsində son illər böyük iqtisadi inkişafa nail olunmuşdur.
Möhtərəm Prezidentimizin yerli özünüidarəetmə ilə bağlı imzaladığı Sərəncamlar qanunvericilik bazasının təkmilləşdirilməsinə və bələdiyyələrin inkişaf etməsinə səbəb olmuşdur.
Bələdiyyələr üçün yaradılmış əlverişli şəraitdən yararlanaraq biz də qəsəbəmizin sosial-iqtisadi və ictimai həyatında fəal iştirak etməyə çalışmış və fəaliyyətimizi əsasən əhalini narahat edən başlıca problemlərin həllinə yönəltmişik. Görülən bütün işlərin, sakinlərə göstərdiyimiz xidmətlərin kəmiyyət və keyfiyyəti bələdiyyələrin maliyyə imkanlarından asılı olduğundan hesabat ilində tərəfimizdən yerli büdcənin formalaşmasına, yerli vergi və ödənişlərin büdcəyə daxil olmasına xüsusi diqqət ayrılmışdır. Bu sahədə mövcud olan çətinliklər və problemlər müzakirə edilmiş, yerli vergi və ödənişlərin vaxtında və tam həcmdə büdcəyə daxil olmasının təmin edilməsi üçün qəsəbə daxilində vergi ödəyicilərinin dəqiq uçotu aparılmış, əldə edilmiş məlumatlar Yerli Vergi və Ödənişlərin Avtomatlaşdırılmış Məlumat Sisteminə daxil edilmişdir. Vergidən yayınan vergi ödəyicilərinə qarşı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülmüşdür. Qeyd etməliyəm ki, görülən işlər öz müsbət nəticəsini verməkdədir. Belə ki, 2017-cı ildə Bakıxanov Bələdiyyəsinin Yerli büdcəsi 400 min manat nəzərdə tutulduğu halda, illik büdcə gəlirlərimiz 548.323 manat təşkil etmişdir. Bu, 2016-cı illə müqayisədə 148.323 manat, yəni 37 % çoxdur.
Bu nəticələr BAMS proqramını düzgün tətbiq etməklə vergi ödəyicilərinin dəqiq uçotunun aparılması, onlarla münasibətlərin düzgün qurulması və maarifləndirmə işlərinin aparılması hesaqbına əldə edilmişdir. Bu işdə Milli Assosiasiya əməkdaşlarının da mütəmadi olaraq texniki və metodiki dəstəyini qeyd etmək istəyirəm.
Hesabat ilində gəlirlərimizin 244.570 manatının, yəni 44,6 %-nin qəsəbənin abadlaşdırılmasına, təmizlik işlərinin aparılmasına, sosial-humanitar tədbirlərin həyata keçirilməsinə, bir sözlə qəsəbədə mövcud olan yerli problemlərin həll olunmasına xərclənməsi və bu barədə sakinlərə hesabatların verilməsi, görülən bütün tədbirlərdə sakinlərin iştirakının təmin edilməsi onlar tərəfindən vergilərin ödənilməsinə marağı artırmışdır. Qeyd olunanlarla bərabər vergi ödəyiciləri üçün ödəniş etmək imkanları da artırılmış, bələdiyyənin inzibati binasında ödəniş terminalları yerləşdirilmişdir.
Hesab edirəm ki, işlərimizi bu ardıcıllıqla davam etdirəriksə bu il daha yaxşı nəticələr əldə edə bilərik. Artıq 2018-ci il üçün Yerli büdcə 150 min manat artırılaraq 550 min manat təsdiqlənmişdir.
Eyni zamanda biz istehsal və xidmət sahələri yaratmaq istiqamətində də müəyyən işlər görməyə başlamışıq. Bununla da biz həm yerli büdcəyə daha çox vəsait cəlb etmək, həm də qəsəbə daxilində daha çox abadlıq-yenidənqurma işləri və sosial layihələr reallaşdırmaq əzmindəyik. Bu məqsədlə Bakıxanov Bələdiyyəsinin nəzdində iki müxtəlifprofilli Məhdud Məsuliyyətli Cəmiyyət təsis edilmış və Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Təsis etdiyimiz “Bakıxanov Bələdiyyəsi Dizayn, Layihə, Təmir, Tikinti, Xidmət” və “Bakıxanov Bələdiyyəsi Taksi Xidməti” MMC-lərin fəaliyyətləri büdcə vəsaitlərinin artması ilə yanaşı vətəndaş bələdiyyə əlaqələrini də möhkəmləndirir. Həmçinin, müəsisələrin fəaliyyətinin bələdiyyə tərəfindən stimullaşdırılması başqa xidmət növlərindən fərqli olaraq, burada göstərilən xidmətin daha ucuz və keyfiyyətli olmasını da təmin edir. Müəssisələrin təsis olunması ilə həm də yeni iş yerləri açılmış, ümumilikdə 18 nəfər işlə təmin olunmuşdur.
Qəbul edilmiş sifarişlər əsasında müəssisə tərəfindən müxtəlif qəsəbə və ərazilərdə məhəllədaxili yollara 11.675 kv.m asfalt-beton örtüyü salınmış, 27 fərdi yaşayış evi və qeyri-yaşayış obyektlərinin layihə sənədləri hazırlanmışdır. Bundan əlavə Bələdiyyə müəssisəsi sifarişlər əsasında yaşayış və qeyri-yaşayış sahələrinin fasad və təmir işlərini, daxili təmizlik işlərini, eləcə də bütün əmlakın sığortalanması işlərini həyata keçirir. Müəssisə təcili usta və fəhlə xidməti göstərilməsi üçün gündəlik sifarişlər də qəbul edir. Məlumat üçün bildirim ki, MMC-nin 6 ay ərzində gördüyü bu işlərdən 25.000 manat gəlir əldə olunmuşdur.
Bununla yanaşı, müəssisənin fəaliyyət dairəsini genişləndirmək məqsədi ilə bələdiyyə müəssisəmiz tərəfindən əlavə olaraq əhaliyə turizm xidmətlərinin göstərilməsini, həmçinin, daşınmaz əmlakın alqı satqısını tənzimləyəcək xidmətin fəaliyyət göstərməsini də nəzərdə tutmuşuq.
Təsis etdiyimiz “Bakıxanov Bələdiyyəsi Taksi Xidməti” MMC-nin fəaliyyət göstərməsi üçün lazım olan təşkilati-hazırlıq işləri artıq yekunlaşmışdır. Belə ki, MMC-nin ofisinin yerləşəcəyi qeyri-yaşayış sahəsi təmir edilmiş, ofis lazımi mebel və avadanlıqlarla təchiz edilmiş, xüsusi naviqasiya sistemi qurulmuşdur. MMC-yə məxsus taksilərin cari fəaliyyətinin təmzinlənməsi üçün zəruri olan dörd rəqəmli *5777 çağrı nömrəsi alınmışdır. Onu da deyim ki, taksilərimizin bir hissəsinin ailə taksisi olaraq fəaliyyət göstərməsini nəzərdə tutmuşuq.
Hörmətli Emin müəllim, fürsətdən istifadə edərək iki gün əvvəl şəhər bələdiyyələrinin yığıncağında Bakıxanov bələdiyyəsinin gördüyü işlər barədə söylədiyiniz müsbət fikirlərə görə Sizə öz minnətdarlığımızı bildiririk.
Hörmətli yığıncaq iştirakçıları!
2018-ci ildə Bakıxanov Bələdiyyəsinin qarşısında bir çox mühüm işlər durur. Gələcəkdə qəsəbə sakinlərini daha ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədi ilə Bələdiyyə müəssisəsi Abşeron rayonunun Məhəmmədi kəndinin Savalan qəsəbəsinə yaxın ərazisində 3 ha torpaq sahəsini uzunmüddətli icarəyə götürmüşdür. icarəyə götürülmüş torpaq sahəsində badam bağının salınmasını, həmçinin, mövsümə uyğun olaraq kənd təsərrüfatı məhsullarının əkilməsini planlaşdırmışıq. Nəzərdə tutduğumuz bu layihəyə maddi dəstək göstərilməsi üçün Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Sahibkarlara Kömək Milli Fonduna müraciət etmişik.
Bundan əlavə Bələdiyyənin nəzdində publik hüquqi şəxs qismində uşaq baxçasının yaradılması üçün Nizamnamə hazırlanaraq təsdiq olunması üçün Vergilər Nazirliyinə təqdim olunmuşdur.
Məlumat üçün bildirim ki, sadalanan bütün işlər bələdiyyəmizin daxili imkanları hesabına icra olunmuşdur. Lakin, əlavə maliyyə resursları olarsa qısa müddət ərzində fəaliyyətimizi daha da genişləndirmək və səmərəliliyini artırmaq mümkündür.
Bu il bələdiyyə müəssisələrinin fəaliyyətini daha da genişləndirməyi və əhaliyə 24 saat fasiləsiz iş rejimində xidmət göstərməyi nəzərdə tutmuşuq. Həmçinin, sakinləri narahat edən problemlərin aradan qaldırılması üçün konkret işlər görməklə xidmət səviyyəsini yüksəltmək təsis etdiyimiz müəssisələrin qarşısında duran mühüm vəzifələrdəndir.
Ramiz Nəsibov
Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri