Sabunçu rayon Bakıxanov bələdiyyəsinin təsis etdiyi yeni müəssisə “Sabunçu rayonu Bakıxanov bələdiyyəsi Taksi Xidməti” MMC Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
Belediyye.infoya bu barədə məlumatı Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov bildirib.
Sədrin sözlərinə görə, cari ilin əvvəlində keçirilən bələdiyyənin ilk iclasında bələdiyyə büdcəsinə əlavə maliyyə vəsaitinin cəlb edilməsi istiqamətində bələdiyyə müəssisələrinin yaradılması qərara alınmışdı.
Bələdiyyə sədrinin fikrincə, taksi xidməti göstərəcək müəssisənin yaradılmasında əsas məqsəd isə bələdiyyənin büdcə gəlirlərini artırmaqla, qəsəbə sakinlərinin məşğulluğunun təmin edilməsinə öz töhvəmizi verməkdir.
Sədr əlavə edib ki, bu bələdiyyənin təsis etdiyi ikinci müəssisədir.
Belə ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq təsərrüfat fəaliyyəti və qanunla qadağan olunmayan digər fəaliyyət növləri ilə məşğul olmaq hüququndan istifadə etməklə Bakıxanov bələdiyyənin maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə Bakıxanov bələdiyyəsinin 10.08.2017-ci il tarixli iclasının qərarına əsasən “Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsi Dizayn, Layihə, Təmir, Tikinti və Xidmət” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) təsis edilib.
Sədr sonda onu da qeyd edib ki, növbəti ilin əvvəlindən bələdiyyənin taksi xidmətinə tam şəkildə fəaliyyətə başlanılacaqdır.
Belediyye.info