Soruşun cavab verək
1.Bələdiyyə mülkiyyətində olan torpaqlar bilavasitə satıldıqda, habelə hərrac və ya müsabiqəyə çıxarılan torpaqların satış qiyməti necə müəyyən edilir?
Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 96-cı maddəsinin 3-cü bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərrac və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiymət) normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz.
2. Vətəndaşlar bələdiyyə qulluğuna hansı qaydada qəbul edilirlər?
“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 5-1-ci maddəsinə əsasən bələdiyyə qulluğuna vətəndaşlar müsabiqə əsasında qəbul edilirlər.
Bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsi üçün 5 nəfər bələdiyyə üzvü və qulluqçusundan ibarət bələdiyyənin müsabiqə komissiyası yaradılır. Müsabiqə komissiyasının tərkibi, sədri və sədrinin müavini bələdiyyənin qərarı ilə təsdiq olunur.
3.Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları hansı hədlər daxilində müəyyən edilir?
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir:
fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə-0,04 hektaradək, 5-8-ci zonalar üzrə-0,05 hektaradək, 9-2-ci zonalar üzrə-0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, şirvan, Mingəçevir, Naftalan, Xankəndi, şəki və Yevlax şəhərlərində-0,07 hektaradək, digər rayon mərkəzlərində-0,08 hektaradək, qəsəbə və kəndlərdə-0,12 hektaradək, fərdi bağ evlərinin tikintisi üçün-0,12 hektaradək.
Hazırladı:
Aqil Salmanov,
Lənkəran Regional ədliyyə idarəsinin
məsləhətçisi II dərəcəli ədliyyə qulluqçusu