Son dövrlər respublikamızda həyata keçirilən hüquqi islahatların davamı olaraq 28 aprel 2015-ci il tarixdə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Qanun bələdiyyə qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini, habelə həmin qayda və prinsiplərə əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.
Həmin Qanun bələdiyyə qulluqçusu statusu olan bütün şəxslərə şamil edilir və yerli özünüidarə oqranlarının, bələdiyyə qulluqçularının nufuzunun, onların fəaliyyətinin səmərəliliyinin və şəffaflığın artırılması, vətəndaşların bələdiyyələrə olan etimadının yüksəldilməsi, koprrupsiyanın qarşısının alınması məqsədini daşıyır.
Bu mühüm əhəmiyyət kəsb edən qanunun bələdiyyələrdə tətbiqi ilə bağlı Göyçay regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına daxil olan bələdiyyələrlə bir sıra maarifləndirici tədbirlər həyata keçirilmiş, bələdiyyə qulluqçuları üçün, onların etik davranış qaydaları ilə bağlı məlumatlar, hüquqi biliklərin və peşə bacarıqlarının artırılması üzrə maarifləndirici və izahedici materiallar hazırlanmış və müvafiq təlimlər keçirilərək bələdiyyə sədrlərinə bələdiyyə qulluqçularının etik davranış qaydaları barədə inzibati ərazilərində yaşayan sakinlərin və ictimaiyyətin nümayəndələrinin məlumatlandırılması tövsiyə edilmişdir.
Qeyd etmək lazımdır ki, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edilmiş və həmin sənəddə də bələdiyyə qulluqçularının etik davranış qaydaları bağlı tövsiyələrin verilməsi öz əksini tapmışdır.
Sözügedən Qanunla bələdiyyə qulluqçuları üçün bir sıra etik davranış qaydaları və prinsipləri müəyyən olunmuşdur.
Belə ki, bələdiyyə qulluqçusu xidməti davranışı zamanı bir çox qaydalara və prinsiplərə əsaslanmalıdır ki, həmin qaydalar və prinsiplər:
- Peşəkarlıq və fərdi məsuliyyətin artırılması;
- Loyallıq;
- insanların hüquq və azadlıqlarına, qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət;
- Mədəni davranış;
- əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi;
- Qərəzsizlik;
- Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi;
- Korrupsiyanın qarşısının alınması;
- Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər;
- Maraqlar toqquşmasının qarşısının alınması;
- əmlakdan istifadə;
- Məlumatlardan istifadə;
- ictimai və ya siyasi fəaliyyət;
Loyallıq prinsipinə əsasən bələdiyyə qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, yerli özünüidarə orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu, bələdiyyə qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil edilmir.
Bələdiyyə qulluqçularının fəaliyyəti insanların hüquq və azadlıqlarının, qanuni maraqlarının təmin olunmasına (qorunmasına) xidmət etməlidir. Bələdiyyə qulluqçusu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyindəki şəxslərlə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. O, xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şərait yaradılmasına yol verməməlidir.
Bələdiyyə qulluqçusu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyindəki şəxslərlə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır.
Həmçinin, bələdiyyə qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır və ona qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, bələdiyyə qulluqçusu onlardan imtina etməlidir.
Bundan başqa, bələdiyyə qulluqçusuna bələdiyyə əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyuter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlığından şəxsi maraqları naminə, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etmək qadağandır.
Eyni zamanda bələdiyyə qulluqçusuna bələdiyyə orqanlarında ictimai və ya siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), yaxud dini təşkilatların struktur bölmələrini yaratmaq və ya həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək, habelə seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır.
Bütün bunlarla yanaşı qeyd edilən Qanunda etik davranış qaydalarına əməl olunmamasına nəzarət mexanizmi və qaydalarının pozulmasna görə məsuliyyət növləri də müəyyən edilmişdir.
Belə ki, etik davranış qaydalarına əməl olunmasına bələdiyyənin sədri nəzarət edir. Bunun üçün bələdiyyə sədri öz davranışı ilə etik davranış qaydalarına əməl olunmasına nümunə göstərməli, tabeliyində olan bələdiyyə qulluqçuları arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparmalı, tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməməli, rəhbərlik etdiyi yerli özünüidarə orqanlarına və onların struktur bölmələrinə kadrların seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməli, etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görməli, habelə etik davranış qaydalarını pozan bələdiyyə qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir.
Etik davranış qaydalarının pozulması bələdiyyə qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
Qanunda etik davranış qaydalarının pozulmasına görə töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, aşağı vəzifəyə keçirmək və bələdiyyə qulluğundan azad etmək növündə intizam məsuliyyəti tədbirləri nəzərdə tutulmuşdur.
Qeyd etmək lazımdır ki, hər bir bələdiyyə qulluqçusu “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əməl etməlidirlər.
Ramin Ağasəf oğlu Musayev
Göyçay regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi,
I dərəcəli ədliyyə qulluqçusu