Üç sual- üç cavab
1. Bələdiyyə sədrinin səlahiyyətlərinə hansı hallarda xitam verilə bilər ?
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 3-cü bəndinə əsasən bələdiyyənin sədri öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciət etdikdə, bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə, bələdiyyə qərarlarının icrasını təmin etmədikdə (qanunvericiliyə zidd olan və həlli imkan səlahiyyətlərindən kənar qərarlar istisna olmaqla), əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətdə tam itirməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə, qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən qaydada yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmədikdə, qanunvericilikdə və bələdiyyənin nizamnaməsində nəzərdə tutulmuş digər hallarda vaxtından əvvəl vəzifədən azad edilə bilər.
2. Bələdiyyə qulluqçusunun işinə hansı hallarda xitam verilə bilər ?
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyə qulluğunun hüquqi tənzimlənməsi, o cümlədən bələdiyyə qulluqçusunun statusu, bələdiyyə qulluğunun həyata keçirilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən bələdiyyə qulluqçusu bələdiyyə üzvü seçildikdə, 3 gün müddətində öz ərizəsinə əsasən bələdiyyə qulluğundan azad edilir.
3. Bələdiyyə iclasının gündəliyi və iclasın reqlamenti necə müəyyən edilir ?
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır.
Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələlər əks olunur.
Aqil Salmanov
Lənkəran regional ədliyyə idarəsinin məsləhətçisi, III dərəcəli ədliyyə qulluqçusu