Belediyye.info Modern.az istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə Nabran ərazisində məişət tullantılarının idarə olunmaması və eyni zamanda meşə ərazilərinə atılması barədə daxil olan məlumat dərhal şikayətçilərin iştirakı ilə yerində araşdırılıb. Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, şikayətçilər Xaçmaz rayonu Dalğalı kənd sakinləri E.şahverdiyeva, S.isgəndərova və həmin kənddə istirahət edən Bakı şəhər sakini A.əhmədovanın iştirakı ilə ərazilərə baxış keçirilib, tullantıların idarə olunması vəziyyəti yoxlanılıb.
Aparılan araşdırma zamanı Nabran ətrafında yerləşən Dalğalı kəndi ərazisində və kəndə bitişik meşə sahələrində, o cümlədən həmin istiqamətdəki “Kardinal” istirahət mərkəzinin yaxınlığında məişət tullantılarının atıldığı və qalaqlandığı aşkar edilib. Kənd ərazisində, istirahət mərkəzi yaxınlığında tullantıların idarə olunmamasına görə Xaçmaz rayonu Nabran Bələdiyyəsinin sədri Qüdrət Qədimovun inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunması barədə inzibati icraata başlanıb, nöqsanların aradan qaldırılması üçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Məsələyə münasibət bildirən Xaçmaz rayon Nabran bələdiyyəsinin sədri Qüdrət Qədimov Belediyye.infoya açıqlamasında bildirib ki, məsələyə bu cür yanaşılması düzgün addım deyildir: “Belə ki, Nabran bələdiyyəsi qəsəbə ərazisində olan on istirahət mərkəziylə müqavilə bağlayaraq ərazidən zibil tullantılarının daşınmasını həyata keçirir. Zibil tullantıları üçün konkret ünvanlarda yer ayrılaraq konteynerlə qoyulub. Lakin bəzi vətəndaşların və istirahətə gələnlərin məsuliyyətsizliyi ucbatından bəzən nəzarət edilməyən yerlərə axşam vaxtlarda zibil tullantıları atılır. Bu məqama isə bələdiyyənin nəzarət etməsi üçün nə bələdiyyənin vaxtı, nə də maliyyə imkanı var.”
Özünün cərimə edilməyindən isə xəbərsiz olduğunu deyən sədr bildirib ki, adıçəkilən ərazidə zibil tullantılarının qalaqlanması ilə bağlı protokol tərtib edilərik bələdiyyənin sürücüsü şahlar Süleymanov 300 manat cərimə edilib. əslində bu da bələdiyəyə qarşı deyil, “Samur-Yalama Milli Parkı”na qarşı irəli sürülməliydi. Çünki meşə sahəsi onların nəzarətindədir.”
Sonda sədr Qüdrət Qədimov bələdiyyənin ərazidə çox işlər gördüyünü bildirib. Hər gün bələdiyyənin əməkdaşları istirahətə gələnlər və sakinlər arasında görüşlər keçirir, izahat aparırlar. Bu işlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də öz köməyini göstərməlidir.
Belediyye.info
27.08.2016