“Bakıxanov bələdiyyəsi də “E-manat” elektron ödəniş sisteminə qoşulub”- bu fikirləri Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov bildirib. Onun sözlərinə görə, artıq bununla bağlı bələdiyyənin apardığı danışıqlar başa çatıb. Yaxın günlərdə proses aktivləşəcək.
Bu prosesin tətbiqi həm bələdiyyəyə əlavə vəsaitin cəlb edilməsinə imkan verəcək, həm də şəffaflıq prinsiplərinin qorunması həyata keçiriləcək.
Bununla yanaşı sədr bələdiyyə sisteminin inkişafına yönələn maraqlı təkliflə də çıxış edib.
Sədrin fikrincə bələdiyyələrin maliyyə vəziyyətinin düzəldilməsi üçün bir sıra addımların atılmasına ehtiyac vardır.
Birinci növbədə verigi məcəlləsində əmlak vergisinin toplanılmasıyla bağlı məqama “istifadəsinə olan” sözünün əlavə edilməsi zəruridir. Yəni bu gün vətəndaşın xüsusi mülkiyyətində, o cümlədən “istifadəsinə olan” əmlakdan verginin yığılması həyata keçirlməlidir. Nəticədə bələdiyyənin inzibati ərazisində olan saysız hesabsız sənədsiz, yəni hüquqi statusu olmayan mənzillərdən də verginin toplanılması həyata keçiriləcək.
ikincisi yaxşı olardı ki, avtodayanacaqlar bələdiyyənin mülkiyyətinə verilsin və bu istiqamətdə daxil olan ödənişlərdə bələdiyyə büdcəsinə daxil olsun. Bu gün bütün növ dayanacaqlardan daxil olan ödənişlər şəhər icra hakimiyyətinin müvafiq qurumuna ödənilir.
Xatırladaq ki, ilk olaraq “E-manat” sisteminə Nəsimi bələdiyyəsi qoşulub.
Belediyye.info